Göbbels kimi danışan baş nazirin aqibəti də elə olacaqmı? –Paşinyanın bənzər dezinformasiya siyasəti
İstər sülh, istərsə də müharibə şəraitində dövlətin apardığı təbliğat, ideoloji iş böyük təsirə malikdir. Xüsusilə müharibə şəraitində təbliğat işinin düzgün qurulması ən vacib şərtlərdən biridir. Tarixə nəzər salsaq, şahidi olaraq ki, bütün müharibələrdə təbliğat sahəsinə cavabdehlik daşıyanlar dezinformasiyalardan geniş istifadə ediblər və bir çox hallarda qısa müddətə olsa da, dezinformasiyaların yayılması istənilən nəticəni verib.
Yenixeber.org: Nasist Almaniyasında da dezinformasiyaların dövriyyəyə buraxılması bir müddət 3-cü Reyxin xeyrinə işləyib.
1939-cu ilin yayında II dünya müharibəsinə hazırlıq işləri yekunlaşan ərəfədə sıravi almanlar böyük həyəcan içində yaşayıblar. Müharibə qo(r)xusu milyonlarla alman vətəndaşını narahat edib. Sözsüz ki, əhalinin bu ruhda köklənməsi Adolf Hitlerin haqlı narahatlığına səbəb olub. Belə bir vəziyyətdə fürer atmosferi dəyişmək üçün təbliğat maşınını işə salıb.
Əvvəlcə Almaniya mətbuatı öz səhifələrində Polşaya “hücum”a keçib, bu ölkənin alman xalqına qarşı nifrətli münasibətinə dair təbliğat aparılıb. Daha sonra sıravi almanlarda polşalılara qarşı aqresiya yaratmaq üçün daha inandırıcı tədbirə əl atılıb. Polşa hərbçilərinə məxsus hərbi forma geyinən alman zabitləri Almaniyanın Qlyayvits radiostansiyasına “hücum” ediblər. Bu hücumdan sonra Almaniyanın Polşaya müharibə elan etməsi sıravi almanlar tərəfindən haqq işi kimi qəbul edilib. Beləliklə, Hitlerin, Almaniyanın təbliğat maşınının sükanı arxasında əyləşən Yozef Göbbelsin dezinformasiya siyasəti öz bəhrəsini verib.
1940-cı ildə SSRİ real müharibə təhlükəsini hiss edəndə Almaniyanın hansı silahlı gücə malik olmasını öyrənmək məqsədi ilə bütün kəşfiyyatını işə salıb. Ancaq Almaniya buraxdığı dezinformasiyalarla kəşfiyyatın əldə etdiyi məlumatları alt-üst edib, həmin məlumatların dəqiqliyini şübhə altına salıb. Məsələn, həmin ərəfədə Almaniya ordusunun təchizat xidmətinin başçısı general Udet SSRİ-dəki həmkarı, general Petrovla hərbi sənaye səhəsi ilə bağlı fikir mübadiləsi aparanda hər gün 70-80 hərbi təyyarınin istehsal olunduğunu bildirib. Həmin ərəfədə isə istehsal olunan təyyarələrin maksimum sayı 25-30 olub. Bu dezinformasiyanı yaymaqla Almaniya öz gücünü nümayiş etdirmək, SSRİ-ni qorxuya salmaq məqsədi daşıyıb.
SSRİ-Almaniya münasibətlərinin görünən və görünməyən tərəflərindən, rəsmi və qeyri-rəsmi danışıqlardan asılı olmayaraq İosif Stalin Almaniyanın SSRİ-yə hücum edəcəyini dəqiq bilib. Amma hücum tarixini, müharibənin nə vaxt başlanacağını dəqiqləşdirə bilməyib. Bu tarixi bilmək, alman qoşunlarının hansı istiqamətdən hücuma keçəciyini dəqiqləşdirmək Stalin üçün vacib olub. 2 min kolometrlik sərhədin hansı tərəfindən rəqibi qarşılamaq, müdafiə olunmaq, əks hücuma keçmək üçün Kremldə informasiya qıtlığı yaranıb. Sovet kəşfiyyatı müharibənin başlanacağı günlə bağlı bir neçə tarix söyləyiblər, 1941-ci ilin mart ayı, mayın 15-i, həmin ilin avqust ayı kimi fərqli tarixlər söylənilib. Tarixlərin qeyri-dəqiq olması isə Almaniyanın təbliğat maşınının peşəkarlığı nəticəsində olub. Bunnunla bağlı arxiv sənədlərindən götürülmüş bir faktı qeyd etmək yerinə düşər. Təkcə 1939-1941-ci illərdə Hitler hücum planları ilə imzaladığı 27 əmrin 26-nı ləğv edib. Bu Hitlerin qeyri-ciddi dövlət başçısı olmasından və qeyri-peşəkarlığından irəli gəlməyib. Qarşı tərəfi çaş-baş salmaq, diqqəti yayındırmaq üçün Hitler bu cür dezinformasiya siyasətindən istifadə edib. Qeyd edək ki, belə ”tədbirlər” planlarının əsas təşəbbüskarı və müəllifi “dezinformasiya ustası” adı alan Göbbels olub.
Almaniyada dezinformasiya siyasəti müharibənin gedişatı, situasiyaya görə dəyişib. Ukrayna cəbhəsində almanların yaydıqları dezinformasiya sayəsində on minlərlə mülki əhali girova çevrilib. Belə ki, Vermaxt qoşunları müəyyən ərazilərə hücuma keçərkən həmin ərazini tərk etmək üçün digər mümkün dəhlizlərin də almanlar tərəfindən bağlandığını və bu informasiyanı əvvəlcədən ələ keçirdikləri satılmış yerli əhali vasitəsi ilə yayıblar. Bununla da, qaçmaq, yaxud da müqavimət göstərmək istəyən əhali fəaliyyətsiz halda girova çevriliblər.
Alman qoşunları SSRİ ərazisində itkilərə məruz qalanda, xüsusilə Stalinqrad və Kursk döyüşlərində məğlubiyyətə uğrayanda bu haqda Almaniya mətbuatı heç bir informasiya yazmayıb. Əvəzində Almaniyada guya ki, Moskvada çap olunmuş kiçik həcmli qəzetlər, vərəqələr paylanılıb ki, onun səhifələrində sovet qoşunlarının məğlubiyyəti, itkiləri haqqında saxtalaşdırılmış rəqəmlər və faktlar yer alıb.
Almaniya radiosu da dezinformasiya sahəsində bütün gücü ilə işləyib. Radio vasitəsi ilə Stalinin çıxışı səsləndirilib. Danışan isə əslində Stalin olmayıb. Hələ oktyabr inqilabı ərəfəsində Almaniyaya mühacirət etmiş, xüsusilə vaxtında incəsənət sahəsində çalışan ruslar bu işə cəlb edilib. Stalinin “çıxış”larında ruh düşkünlüyü, miskinlik, uğursuzluq daha qabarıq şəkildə büruzə verilib.
Bəli, faktlar göstərir ki, dezinformasiyalar müəyyən məqamlarda effekt verir. Hətta bəzən yayılan dezinformasiyalar bir hərbi əməliyyatın effekti qədər güclü olur. Amma qarşı tərəf ayıq olanda, sayıqlığını itirməyəndə dezinformasiyalar gücünü itirir, əsl həqiqəti qapamaq gücünə malik olmur.
Bu gün torpaqlarımızda gedən müharibə ərəfəsində də Paşinyan hakimiyyətinin dezinformasiya siyasəti faşist Almaniyasının ənənəsini davam etdirməyə cəhd edir. Bu səhnədə isə vəzifə ranqına görə olmasa da, dezinformasiya ustası kimi Göbbelsin rolunu Paşinyan oynayır. Amma Paşinyandan heç Göbbels də çıxmayacq. Ən azı ona görə ki, Göbbels məğlubiyyətini anlayanda cəsarət tapıb uşaqlarını, həyat yoldaşını öldürəndən sonra özünü güllələmişdi. Çətin ki, Paşinyanda belə cəsarət olsun.
Təbii ki, bu cür çürük siyasət, ucuz rəy formalaşdırmaq, dezinformasiya ilə nəsə qazanmaq yalnız bir cəhd olaraq qalacaq. Artıq danılmaz faktdır ki, Ermənistan rəhbərliyinin dezinformasiya siyasəti nə Ermənistan xalqını aldatmaq, nə də haqq uğrunda mübarizə aparan, torpaqlarımızı işğalçılardan təmizləmək iqtidarında olan Azərbaycan ordusunda panika yaratmaq gücündə deyil. Ermənistanın yaydığı dezinformasiyaların yalnız bir gücü var - Paşinyanı məhvə sürümək gücü.(musavat)
İlham Cəmiloğlu