Yenixeber.org: Qərb ölkələri yenə Türkiyəni təkləməyə çalışırlar. Türkiyə Şərqi Aralıq dənizinin özünə aid hissəsində enerji kəşfiyyat işləri həyata keçirir. Kiçik Yunanıstan Türkiyəni hədələyir ki, “bu bizim ərazimizdir”. Yunanıstanın Aralıq dənizində xeyli kiçik adaları var. Məsələn elə adası var ki, Türkiyə sahilindən bir neçə kilometr aralıdadır. Bundan çıxış edən Afina tələb edir ki, onun Aralıq dənizindəki sərhəddi həmin adalardan hesablansın. Onda gərək Türkiyə Aralıq dənizində sahilinə qapansın. Türkiyə buna heç zaman razılaşa bilməz.
Yunanıstana ilk dəstək Fransadan gəldi. Bunun səbəbi bəllidir. Fransa Suriyada, Liviyada Türkiyəyə məğlub olub, Paris Ankaranın Afrika ölkələri ilə artan əməkdaşlığına da qısqanclıqla yanaşır. Ona görə də Paris Afina vasitəsilə Türkiyəni Aralıq dənizində sıxışdırmağa çalışır. Ən maraqlısı odur ki, vaxtilə Fransa Böyük Britaniya ilə eyni məsələyə görə məhkəməlik olub. Böyük Britaniya Yunanıstan kimi öz adalarına istinad edərək Fransanı okeanda sıxışdırmaq istəyib. Fransa məhkəməyə baş vurdu və beynəlxalq məhkəmə Fransanın xeyrinə qərar verdi, yəni sərhəd hər ölkənin sahilindən hesablanmalıdıdr. İndi Paris eyni haqqa istinad edən Türkiyəyə qarşı cəbhə açmağa çalışır. Bu ikili standartlar deyilmi? Hər halda Fransa ona nail oldu ki, Avropa Birliyi Türkiyəni qınayan bəyanat yaydı. Brüssel Ankaranı sanksiyalarla hədələyir.
Aralıq dənizində qaz rezervləri var. Məsələn İsrail bir neçə il əvvəl sahilinə yaxın ərazilərində böyük qaz yataqları kəşf etdi. Türkiyə də öz sahilinə yaxın ərazidə enerji yataqları tapacağına əmindir. Türkiyə artıq Qara dənizdə böyük yataq kəşf edib, Aralıq dənizində də tapacağına əmindir. Bır sıra Qərb ölkəsini də qorxudan budur. Türkiyə neft və qazı olmadan da dünyanın ən inkişaf etmiş 20 dövləti sırasındadır. Türkiyənin neft və qaz yataqları olarsa bu ölkənin iqtisadiyyatı daha çox inkişaf edəcək. Türkiyə hər il qaz alışına 40-50 milyard dollar xərcləyir. Türkiyə yeni yataqları istismar etməyə başlayarsa bu pulları digər istiqamətlərə xərcləyər.
Rəsmi Bakı Türkiyə-Yunanıstan qovğasında strateji müttəfiqini dəstəkləyir. Bu haqda həm xarici işlər naziri Ceyhun Bayramov, həm də prezidenti köməkçisi Hikmət Hacıyev açıqlamalar veriblər. Digər türkdilli dövlətlərdən isə səs çıxmır. Bəs onda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nə üçündür, sadəcə ritual toplantılar keçirmək üçün? Azərbaycan hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Bakı Türkiyəni dəstəkləyən ortaq bəyanatın qəbulunu təklif etməlidir. Türkiyənin buna ehtiyacı var. Avropa Yunanıstanın yanındadırsa, türkdilli dövlətlər də Türkiyənin yanında olmalıdırlar. Ancaq əgər Qazaxıstan öz səmasından işğalçı Ermənistana hərbi yüklərin daşınmasına seyrçi qalıbsa, Astananın Aralıq dənizi məsələsində Türkiyəyə dəstək verəcəyi şübhə doğurur. Buna baxmayaraq, Bakı təşəbbüs göstərməlidir.
“Atlas” Araşdırmalar Mərkəzi