Türkiyənin Rusiya qazından asılılığı bitir? –ANKARA YENİ KƏŞFLƏRLƏ MƏHZ BUNA ÜMİD EDİR
İqor Subbotin
“Nezavisimaya qazeta”, 25.06.2020
Yenixeber.org: Türkiyə Qara dənizdə yeni təbii qaz yataqları tapa biləcəyini istisna etmir. Bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında söyləyib. Bu ərəfədə Türkiyə rəhbərliyi bölgədə, rəsmi hesablamalara görə, 320 milyard kubmetr ehtiyatı olan “Sakarya” qaz yatağının kəşf edildiyini açıqlayıb. Tapıntı səlahiyyətlilərə enerji müstəqilliyinə gedən addım barədə danışmaq üçün əsas verib. Mütəxəssislər etiraf edirlər ki, uzunmüddətli perspektivdə Türkiyə Rusiyadan qaz tədarükünün həcmini azaltmağa cəhd edə və ya daha məqbul qiymətə sövdələşməyə başlaya bilər.
Ankara Qara dənizdəki sektorunu araşdırmağı dayandırmaq niyyətində deyil. Ərdoğan bildirib: “Kəşf olunan qaz ehtiyatları daha böyük bir mənbənin yalnız bir hissəsidir. Yaxşı xəbərlər gələcək, orada yalnız bir yataq ola bilməz”.
“Aralıq dənizindən də yaxşı xəbər gözləyirik, – deyə ölkənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez, Türkiyənin yeni dəniz yataqlarının işlənməsi üçün bütün imkanların olduğuna inandığını bildiriən Türkiyə prezidentinin açıqlamasının təsirini gücləndirməyə çalışıb. – Şübhəsiz ki, öz sahələrimizi inkişaf etdirməyə qadirik. Türkiyənin bu məsələdə ortağı yoxdur”.
Türkiyə avqustun 21-dən ilhama gəlib. Ərdoğan Qara dənizdə “Sakarya” sahəsinin kəşf olunduğunu rəsmən elan edib. “Bu tapıntı ölkəmizin enerji müstəqilliyi baxımından son dərəcə vacibdir. İndiyə qədər biz yüz milyonlarla dollar xərcləyərək xaricdən enerji təchizatı ilə tamamilə asılı idik. Ancaq 2017-ci ildə enerji strategiyamızı yenilədik, tədqiqat və qazma gəmilərimizi genişləndirdik”.
Ərdoğanın sözlərinə görə, yatağın həcmi 320 milyard kubmetrdir. Yaxın gələcəkdə Ankara bu sahədən qaz hasilatı ilə əlaqədar texniki problemləri həll edəcək və mütəxəssislər “dərhal qazma işlərinə başlayacaqlar”.
Bir neçə ildən sonra Türkiyə bu yanacağı daxili bazara tədarük etməyi planlaşdırır. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol hazırkı şəraitdə Qara dənizdəki yeni qaz yatağının potensial dəyərinin 80 milyard dollara çatdığını və “bu miqyasda bir yataq işləməyə başlamaq üçün” 6 milyard dollar sərmayə tələb edəcəyini bildirib.
Birolun sözlərinə görə, “Sakarya” illik 10-15 milyard kubmetr arasında hasilatı təmin edə biləcək. O qeyd edib ki, bu, “Türkiyədə istehlak olunan qazın üçdə bir hissəsidir”.
Fatih Birolun fikrincə, Türkiyənin 2023-cü ilə qədər qaz tədarükünə başlamaq niyyəti çətin, lakin “qeyri-mümkün olmayan bir vəzifə”dir, çünki belə presedentlər var.
Dönmez əvvəlcədən texniki qiymətləndirmələri verərək “Qara dənizdə tapılan qazın çox keyfiyyətli olduğunu” qeyd edib. “Bununla birlikdə, enerji mənbələrinin tapılması ilə bağlı işləri dayandırmayacağıq. Qazma işləri davam edəcək. Daha 6 min kv/km ərazidə seysmik tədqiqatlar aparılacaq”.
Ankara Aralıq dənizində seysmik tədqiqatlar aparır. Bu məqsədlə türk tədqiqat gəmisi “Oruc Reis”-in Yunanıstanın Dodekanes bölgəsinə göndərilməsi artıq Afina ilə münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb və Avropa İttifaqı daxilində sanksiyalarla bağlı müzakirələrə səbəb olub. Türkiyə Silahlı Qüvvələrinin müşayiəti ilə gəmi mübahisəli zonaya daxil olub.
“Sakarya” yatağı mövzusunun kəskin iqtisadi böhran yaşayan Türkiyədə ictimai narazılığı bir qədər azaltması mümkündür. Maliyyə və xəzinədarlıq naziri və Ərdoğanın kürəkəni Berat Albayrak artıq Qara dənizdə yeni yataqların tapılmasının ölkədəki büdcə kəsirini “unutmaya” və profisitli iqtisadi göstəricilərə keçməsinə kömək edəcəyinə inandığını bildirib. “Türkiyə tam enerji müstəqilliyi yolunda böyük bir addım atıb. Deyə bilərəm ki, iqtisadi baxımdan bu tapıntı və onun potensialı tədiyyə balansının kəsiri məsələsini gündəmimizdən çıxara bilər, büdcə profisiti və valyuta profisitləri barədə danışacağımız mərhələyə qədəm qoyacağıq”.
“NQ” ilə söhbətdə Türkiyə parlamentinin keçmiş üzvü və Demokratiyanı Müdafiə Fondunun Türkiyə proqramının baş direktoru Aykan Erdemir Qara dənizdə tapılan ehtiyatların monetizasiya perspektivinin bəlli olmadığını söyləyib. “Sənaye mütəxəssisləri 7 illik bir proses proqnozlaşdırsalar da, aşkar edilmiş qaz yatağının Türkiyə-Rusiya münasibətlərinə birbaşa təsirini müzakirə etmək hələ tezdir, uzunmüddətli perspektivdə Ankaranın yerli istehsal mövzusunu Rusiya qazından asılılığı aradan qaldırmaq və daha aşağı qiymətə danışıqlar aparmaq üçün istifadə etmək ehtimalı var. Ümumiyyətlə, yaxın 10 ildə Türkiyənin neft, qaz və mayeləşdirilmiş təbii qaz idxalını davam etdirəcək, lakin Azərbaycan, Rusiya və ABŞ da daxil olmaqla, əsas tədarükçüləri arasında manevr etmək imkanı olacaq”.
Tərcümə: Strateq.az