Yenixeber.org: Azərbaycanda banklardan 500 ABŞ dollarından çox valyuta alışı ilə bağlı bütün əməliyyatlar nəzarətə götürülür. Mərkəzi Bank bu barədə qaydaların əks olunduğu təlimatı dollar alqı-satqısıyla məşğul olan bütün kommersiya banklarına göndərib.
Təlimata əsasən müştərilər ad-soyadını, əlindəki vəsaitin mənbəyini və xarici valyutanı hansı məqsədlə aldığını yazılı şəkildə göstərməldir, bu barədə bankda ona verilən xüsusi blankı doldurmalıdır. Bankdan alınan valyutanın məbləği 20 min manatı və ya 20 min manat ekvivalenti həcmində xarici valyutada olanda isə artıq həmin müştəri Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin nəzarətinə düşür. Bu halda, müştəri təkcə blankı doldurmaqla yanaşı, orada yazılanları konkret sənədlərlə də təsdiqləməlidir. Məsələn, müştəri dollara çevirmək istədiyi böyük həcmdə vəsaiti əmlakını satmaqla əldə etdiyini göstərirsə, o zaman alqı-satqını təsdiqləyən notarial müqaviləni də ortaya qoymalıdır. Yaxud, şəxs maaşını topladığını bildirirsə, bu halda, əməkhaqqı barədə möhürlü arayış təqdim etməlidir.
Əgər müştəri əlindəki vəsaitin mənbəyini göstərə bilməsə, onda vergiyə cəlb olunacaq. Şəxs həmin vəsaitin 14 faizi qədər vergi ödəmək məcburiyyətində qalacaq.
Mərkəzi Bankın qərarını təhlil edən bir çox ekspert hesab edir ki, neftin ucuzlaşması hökuməti devalvasiya (manatın xarici valyutaya nisbətdə dəyərdən düşməsi) təhlükəsi ilə üz-üzə qoyub. Hökumət də pandemiyanın iqtisadiyyata vurduğu zərbənin ardınca devalvasiyanın ölkə üçün ağır fəsadlara gətirib çıxaracağının və sosial gərginliyi daha da artıracağının fərqindədir. Ona görə də mümkün qədər devalvasiyanın qarşısını almağa çalışır.
“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyev də bu fikirdədir. İqtisadçı ekspert Mərkəzi Bankın təlimatını belə şərh etdi:
”Cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun var. Bu qanun çoxdan qüvvədə olsa da, çirkli pulların yuyulmasına qarşı addımlar son vaxtlar atılmağa başlayıb. Valyuta alan müştərilərlə bağlı məlumatların toplanması da təxminən martdan başlayıb. O vaxtdan 500 dollardan yuxarı vəsait almaq istəyənlərə doldurmaq üçün blanklar verilir. Əvvəldən də 20 min manat və ya 20 min manat ekvivalentində xarici valyuta əməliyyatları aparılanda Maliyyə Monitorinq Xidməti qeydə alırdı. Amma bir müddət öncə eşitdik ki, artıq o adamları Xidmətə dəvət edib, izahat alırlar. Adamlara belə bir psixoloji basqı var. İndi isə məlum olur ki, 500 dollardan yuxarı valyuta alqı-satqısı aparanlara qarşı da analoji addım atılır. Çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanuna istinad edilsə belə, bu addım qanunda nəzərdə tutulduğu kimi həyata keçirilmir. Hətta 20 min manatlıq əməliyyat aparanların belə, çağrılıb sorğu-sual edilməsi düzgün deyil. Maliyyə Monitorinq Xidməti bunun hesabatını aparmalı, şübhəli nəsə üzə çıxsa, məsələyə müdaxilə etməlidir. Yoxsa, ucdantutma hamını çağırmaq insanları psixoloji basqı altında saxlamaqdır. Bu, 500 dollardan yuxarı valyuta alqı-satqısına da aiddir. Bu yolla insanlar psixoloji basqı altında saxlamaq səhv addımdır.
– Mart ayından tətbiq edilən məhdudiyyətin indi üzə çıxmasının səbəbi nədir?
– Çünki indi başqa bir versiyada tətbiq etməyə başlayıblar. Yenilik də budur ki, pulun mənbəyini göstərə bilməyənlər o vəsaitin 14 faizi qədər vergi ödəməlidir. Bunun özü də yanlışdır. Kimsə xarici valyutada ehtiyat saxlayıb, indi manatı bitib, dollarını dəyişmək istəyirsə, yaxud manata etibar eləmir, pulunu xarici valyutada saxlamaq istəyirsə, buna görə niyə vergi verməlidir? Vəsaitin mənbəyini yoxlamaq üçün də dəqiq mexanizm yoxdur. Məsələn, mən deyə bilərəm ki, ata-babamdan qalıb, bunun əksini necə sübut edəcəklər? Hələ o tərəfini demirəm ki, milyonları olan məmurlardan heç nə soruşmurlar, 500 dollar almaq istəyən vətəndaşdan soruşurlar.
– Sizcə, hətta aşağı məbləğdə valyuta almaq istəyən şəxslər haqda məlumatların toplanmasında əsas məqsəd nədir?
– Bu, devalvasiya riskini, manata təzyiqi azaltmaq məqsədi daşıyır. Martda ölkədə dollar qıtlığı yarandı, sonra pandemiya dövrü, karantin rejimi başladı, dollar alışı məhdudlaşdı. Karantin rejiminin yumşalmasından sonra dollar alışı yenidən artdı. Bu baxımdan yeni qaydaların tətbiqi həm də məhdudlaşdırma məqsədi daşıyır ki, insanlar dolları az alsın. Amma yanlış yanaşmadır. Çünki 500 dolları gün ərzində bir neçə bankdan hissə-hissə də almaq olar. Üstəlik, bu cür yanaşmanın neqativ nəticələri də ola bilər. Birincisi, insanlar topladığı valyutanı manata çevirməyə tələsməyəcəklər. Hökumətin bu cür davranışı insanlarda istər-istəməz suallar, inamsızlıq yaradır, ona görə də pulu xarici valyutada saxlamağa üstünlük verəcəklər. İkincisi, qara bazarın aktivləşməsi təhlükəsi var. 2015-2016-cı illərdə də belə olmuşdu. Düzdür, sonradan “qara bazar”ın qarşısı alındı. Bu da ona görə mümkün oldu ki, dollar bolluğu yarandı. İnzibati addımlar da atıldı, amma əsas səbəb dollar qıtlığının aradan qalxması idi. İndi də bu proses davam edərsə, alternativ bazar yaranacaq. Bu bazarda da böyük dövriyyələr həyata keçirilir. Bu isə ölkənin maliyyə sistemi üçün çox ciddi problemlər yarada bilər.
– Sosial mediada yazılanlardan görünür ki, hətta 500 dollardan az valyuta almaq istəyən müştərilər də blank doldurmağa məcbur edilir…
– Az məbləğdə valyuta alqı-satqısı edən vətəndaşların o vəsaitin mənbəyini açıqlamağa məcbur edilməsinə insanların necə reaksiya verdiyi, lağlağı etdiyi sosial mediadan da görünür. Ona görə də Mərkəzi Bankı bu cür yanlış addımlardan çəkinməyə çağırıram.
– Başqa ölkələrdə belə bir təcrübə varmı?
– Mən xeyli xarici ölkədə olmuşam, amma heç yerdə pulun mənbəyi ilə bağlı hesabat istənilməyib, blank doldurmamışam. Yalnız pasport istəyib, onun surətini çıxarıblar. Avropanın müxtəlif ölkələrində, hətta bu yaxınlarda Cənub-Şərqi Asiya dövlətlərində olanda da belə bir hala rast gəlməmişəm. Azərbaycanda deyirlər ki, bu addımlar çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə atılır. Amma çirkli pul 300-500 dollarla yuyulmur, yüz minlərdən başlayır. Ona görə də düşünürəm ki, məqsəd çirkli pulların yuyulmasının qarşısını almaq deyil, manata təzyiqi azaltmaq, devalvasiya riskini aşağı salmaqdır. 500 dollardan aşağı valyuta almaq istəyənlərə münasibətdə də blank doldurulması tələbi əhaliyə psixoloji basqıdır.
– Sizcə, bu yol effekt verəcəkmi, devalvasiyanın qarşısını almaq mümkün olacaqmı?
– Hökumətdə gözlənti var ki, neft yenidən bahalaşacaq. 2015-də də belə gözlənti vardı və 2016-cı ildən neft qalxmağa başladı. 2008-2009-cu illərdə qlobal maliyyə böhranı olanda da neftin qiyməti 150 dollardan 37 dollara düşmüşdü. Sonra yenidən bahalaşdı. Yaxın keçmişdə ən azı iki belə təcrübə olub deyə, hökumətin yenə gözləntisi var. Düzdür, birinci dəfə gözlənti özünü doğrultdu, amma ikinci dəfə devalvasiyaya getməyə məcbur oldular. Söhbət 2015-2016-cı illərdən gedir. İndi yenə hökumət gözləmə mövqeyindədir. Gözləməkdən başqa çıxış yolu da yoxdur. Çünki devalvasiyaya getmək çox böyük fəsadlar yarada bilər. Ona görə çalışırlar ki, bir tərəfdən manatı saxlasınlar, digər tərəfdən də valyuta ehtiyatlarından az istifadə eləsinlər. Bu ilin birinci rübündə Neft Fondundan artıq istifadə olunub və Fondun aktivləri 2 milyard azalıb. Birinci rübdə tədiyyə balansında kəsir yaranmışdı. Böyük ehtimalla, ikinci rübdə də Neft Fondunun vəsaitlərindən istifadə olunacaq. Ona görə də bir tərəfdən valyuta ehtiyatlarının sürətlə əriməsinin qarşısını almaq, digər tərəfdən də inzibati yollarla valyutaya tələbatı azaltmaq istəyirlər. O ki qaldı bu addımların devalvasiyanın qarşısını almaq baxımından nəticə verməsinə, yalnız qısa müddət üçün nəticə verə bilər. Əgər bir xəstənin əməliyyata, dərin müalicəyə ehtiyacı varsa, keyidici dərmanlarla onu bir müddət saxlamaq olar. Sonra mütləq əməliyyat olunmalıdır. Hökumətin hazırda atdığı addım da keyidici dərmandan istifadə etməkdir. Neft hazırda 40 dollardan bir az bahadır. Əgər qısa müddətdə 50 dollar və daha baha olmasa, belə addımların da nəticəsi olmayacaq. Bir müddət sonra hökumət yenidən manatın məzənnəsi məsələsinə baxmaq məcburiyyətində qalacaq.(pressklub)
Gülər