Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

 

 
Avqustun 24-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Yenixeber.org: Maliyyə Nazirliyindən verilən məlumata görə, yeni təsdiqlənən Strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda və maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi, dövlət bocalmalarında səmərəliliyin artırılması, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin effektiv idarə edilməsi və nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə, dövlətin maliyyə ehtiyaclarının ən az xərclə təmin edilməsi üçün tələb olunan tədbirləri müəyyən etmək, bu tədbirlərə müvafiq siyasət çərçivəsini formalaşdırmaq və bütün aidiyyəti tərəfləri bu barədə müvafiq qaydada məlumatlandırmaqdır. Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir. Strategiyada müəyyən edilmiş hədəflərə nail olmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi planlaşdırılır.

1-ci strateji məqsəd kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etmək nəzərdə tutulur. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcəkdir. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir.

2-ci strateji məqsəd dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaqdır. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi digər hədəf kimi müəyyən olunub.

3-cü strateji məqsəd kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanması və həyata keçirilməsi təmin olunacaqdır.

Həmçinin, dövlət borcalmaları üzrə müəyyən olunan strateji məqsədlərə çatmaq üçün bir sıra digər prioritet tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki, Strategiyada müəyyən olunan prioritet layihələrdən başqa digər layihələrin maliyyələşdirilməsi üçün borc vəsaitinin cəlb olunmaması və dövlət zəmanətinin təmin edilməməsi planlaşdırılır. Eyni zamanda, faiz dərəcələrinin artma riskinin rüblük əsasda qiymətləndirilməsi və sözügedən qiymətləndirmə əsasında yeni borcların münasib faiz şərtləri ilə cəlb olunması həyata keçiriləcəkdir.

Qeyd olunanlarla yanaşı, dövlət borcu üzrə qanunvericiliyin təkmilləşdirilməsi, dövlətə məxsus olan hüquqi şəxslərin dövlət zəmanəti olmadan cəlb edilən daxili və xarici borclarının uçotunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılması və daxili institusional və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

Hazırda dövlət borcunun səviyyəsi beynəlxalq təcrübədə müəyyən olunan göstəricilərə əsasən sabit olsa da, borcun vəziyyətinə nəzarətin mütəmadi təmin edilməsi bu sahədə xüsusi strategiyanın işlənib hazırlanması zərurətini aktuallaşdırdı. Məlum olduğu kimi, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül meyillərinin dərinləşməsi nəticəsində tədiyə balansının tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə manatın korreksiyası həyata keçirildi və milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşdı. Bununla da, dövlət borcunun ümumi səviyyəsi sabit qalsa da, ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-ə nisbətinin artmasına təsir edən başlıca səbəb oldu. Beləliklə, milli valyutanın ucuzlaşması fonunda dövlət borcunun ÜDM-ə nisbəti 9,8 faiz bəndi artdı. Qeyd olunanların müqabilində bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 55,0 faiz bəndi artdı.

Eyni zamanda bank sisteminin sağlamlaşdırılması tədbirləri çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi nəticəsində xarici dövlət borcu 31,6 faiz artmış və şərti öhdəliklər də nəzərə alınmaqla 2018-ci ilin iyul tarixinə xarici dövlət borcunun məbləği 9,6 milyard ABŞ dolları (ÜDM-in 21,9 faizi) təşkil edib.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan strateji hədəflərə çatmaq üçün prioritet tədbirlərin həyata keçirilməsini və beləliklə də xarici borcun aşağı səviyyələrdə saxlanmasını təmin edəcəkdir.

Hər iki ildə bir dəfə yenilənməsi nəzərdə tutulan Strategiyanın həyata keçirilməsində əsas əlaqələndirici qurum kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən olunub. Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın hazırlanması Azərbaycan Respublikası Prezidenti tərəfindən 27 dekabr 2016-cı il tarixli Fərmanla hökumətə tapşırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam