OPEK-in növbəti sammitindən nə gözlənilir?:Neft bahalaşacaqmı?
25 – 26 Martda OPEK və digər xarici neft istehsalçıları Küveytdə bir araya gələcək. Küveyt sammitində dünya bazarında neftin qiymətlərinin yenidən ucuzlaşması müzakirə olunacaq və qiymət artımının yolları axtarılacaq.
Yenixeber.org: Bəzi ekspertlər OPEK üzvlərinin qiymətlərin yüksəlməsi üçün yenidən istehsalı azaltmaq barədə qərar qəbul edəcəyini bildirsələr də, bu ehtimal o qədər də inandırıcı görünmür. Çünki ötən ilin dekabr ayında Rusiyanın təkidiylə istehsal kəsintisinə gedən OPEK öz istəyinə qismən və qısa müddət çərçivəsində nail olsa da, son zamanlar yenidən ucuzlaşma prosesinin başlayıb. Artıq London bazarında Brent markalı neft 50, Texsas bazarında isə xam neft 48 dollara satılır. Qiymətlərin getdikcə daha da ucuzlaşacağı güman olunur.
Neft istehsalçılarının ciddi müzakirələr nəticəsində imza atdıqları istehsalı azaltmaq qərarının işə yaramamasının isə iki önəmli səbəbi var. Başlıca səbəblərdən biri ABŞ-ın bu qərardan faydalanaraq, neft istehsalını artırmasıdır. Rəsmi statistikaya görə, ABŞ-da açılan qazma quyularının sayı son doqquz ayda 91% artaraq 602-ə çatıb. Beləcə, ABŞ neft istehsalını gündəlik 550 min barrel daha artaraq, 9 milyon barrelin üzərinə qaldırıb.
ABŞ-ın yeni prezidenti Donald Trampın da istehsalı artırmaqda maraqlı olduğu bildirilir. O, hələ seçki öncəsi təşviqat kampaniyasında boru xətləri və enerji müstəqilliyi barədə seçki vədi vermiş, rəhbərliyi dövründə bu mövzulara ağırlıq verəcəyini demişdi. Trampın öz vədinə əməl edəcəyi təqdirdə, Amerikanın nəhəng enerji şirkətlərinin şist nefti istehsalını artıracağı istisna olunmur.
Ağ evin yeni komandasına yaxınlığı şübhə doğurmayan “Exxon Mobil” şirkətinin bu il qazma büdcəsinin üçdə birini şist nefti sahəsinə ayıracağını açıqlaması da bu ehtimalı qüvvətləndirir. Açıqlamasında "Şist nefti qazmasından sonra üç il ərzində istehsala aramsız şəkildə maliyyə transfertləri nəzərdə tutulur"-deyən şirkətin rəhbəri Darren Vudsun yanvar ayında “Exxon Mobil”in bu məqsədlə 6,6 milyard dollar büdcə ayırdığını və ölkənin ən məhsuldar hövzələri olaraq bilinən Qərbi Texsasın Permian sahəsində və Nyu-Mexsikoda fəaliyyətlərini artıracaqlarını ifadə etməsi də bu mənada təsadüfi deyil.
Ümumiyyətlə ABŞ-ın qısa müddət ərzində öz istehsal gücünü 25% artmaq imkanının olduğu güman edilir. Pulitzer mükafatı laureantı yazar və enerji məsələsində dünyanın qabaqcıl mütəxəssislərindən biri kimi tanınan Daniel Yergin də bu ehtimalı təsdiqləyərək deyib: "Şimali Amerika neft şirkətləri 2017-ci ildə xərclərinin keçən illə müqayisədə 25% artıracaq. Bu artım ABŞ şist neftinin cazibəsini əks etdirir".
Daniel Yerginin təbirincə desək, cazibədarlığı artan şist nefti sayəsində enerji bazarında dominantlığın artıq OPEK-in əlindən çıxdığı və qiymətləri tənzimləmə imkanının ABŞ-a keçdiyi də artıq heç kimə sir deyil. Amerikanın məşhur maliyyə qurumu Goldman Sachs analitikləri də bu fikirdədirlər. Onların fikrincə, yeni istehsal layihələrində və şist neftinin hasilatındakı artım önümüzdəki illərdə gündə əlavə bir milyon barrel “qara qızıl” bazara nəqlinə səbəb olacaq ki, bu da istehsalçı ölkələrin qarşısında böyük problemlər yaradacaq. Xüsusilə 2017-2019 illərdə hasilatın rekord həddə çatması gözlənilir. Buna görə də analitiklər OPEK ölkələrinin uzun müddətli bazar itkisi riskinə qarşı-qarşıya qalacağını, istehsalı azaldaraq, yaranacaq sabitlikdən nisbi fayda əldə edəcəklərini düşünürlər.
Onların fikrincə, OPEK ölkələri ümidlərini yalnız 2020-ci illərə bağlayaraq, gözləməlidirlər. Çünki şist neftinə 2011-2013-cü illərdə yatırılan rekord investisiyalar öz meyvəsini verməyə başlayıb və 2017-2019-cu illərdə “mega layihələrlə rekord səviyyədə istehsalın reallaşması gözlənilir. Bütün bu amilləri nəzərə alan Goldman Sachs ekspertləri OPEK-in istehsalı azaltmasının qiymətləri bir müddətə balanslaşdırdığını, ancaq bu vəziyyətın daha çox ABŞ-ın şist nefti istehsalçılarının işinə yaradığını düşünürlər. ABŞ-ın şist nefti istehsal edən şirkətlərinin isə indiki halda istehsal kəsintisinə gedəcəyi real görünmür. Çünki bu hasilat sahəsində ixtira edilən yeni texnologiyalar neft hasilatının maya dəyərini azaldıb və daha çox məhsul istehsal etmək gücünü artırıb. Mütəxəssislərə görə, bir barreli 30 dollara satılacağı təqdirdə belə, şist neftinin hasilatı rentabelliyini qoruyacaq. Bu isə o deməkdir ki,ABŞ-ın enerji şirkətləri hasilat kəsintisinə gedən OPEK-in yerini qiymətlər 30 dollara düşənə qədər rahatlıqla doldura biləcəklər.
OPEK ölkələri üçün təhlükə yalnız ABŞ-dan da gəlmir. Onların özləri də sözlərinə əməl etmir, istehsalı azaldacaqlarına qərar versələr də, hərislikləri ucbatından vədlərini unudurlar. Nəticədə neft bazarında təklif tələbi üstələdiyindən qiymətlər də ucuzlaşır.
Verilən məlumatlara görə, OPEK ölkələri arasında yalnız Səudiyyə Ərəbistanı az-çox öz sözünün üstündə durmağa çalışır. O, hasilatı öhdəsinə götürdüyü çərçivədə azaldaraq, ötən ilin noyabr ayında gündə 10.72 milyon barreldən 10.46 milyona endirdi. Rusiya isə cəmi 29 min barrel ixtisara getdi. Ötən ilin dekabrda gündəlik 10. 49 milyon barellə Rusiya tarixində ilk dəfə Səudiyyə Ərəbistanını geridə buraxaraq, dünyanın ən çox neft istehsal edən ölkəsinə çevrildi. Yəni, bir növ, Səudiyyə Ərəbistanına və digər körfəz ölkələrinə “atdı”.
Səudiyyə Ərəbistanı ilə İran və İraq arasında da neft hasilatını azaltmaqla bağlı fikir ayrılıqları var. İqtisadi sanksiyalara üzləşdiyi dövrlər ərzində ciddi bazar itkisinə məruz qalan İran yenidən əvvəlki səviyyəyə gəlmək üçün istehsalı və satışı artırmaq niyyətindədir. Hardasa, satışı 100% artırdıqdan sonra hasilat kəsintisi haqqında düşünə biləcəyini deyən Tehranın bu mövqeyi isə əzəli düşməni olan rəsmi Riyadı qane etmir. İraq isə ölkəsinin İŞİD-ə qarşı mübarizədə böyük maliyyə gücünə ehtiyac duyduğunu əsas gətirib hasilatı azaltmaq siyasətinə yanaşmaq istəmir.
Bu cür ziddiyyətli vəziyyətlə üz-üzə qalan Səudiyyə Ərəbistanı öz bazarını Yaxın Şərqdə müharibə apardığı düşmənlərinə buraxmaqda tərəddüd edir. Krallığın 20 illik təcrübəyə malik enerji naziri Xalid əl-Falihin bur müddət əvvəl verdiyi bir açıqlama da bu tərəddüdü bariz şəkildə ortaya qoyur. Nazir həmin açıqlamasında OPEK-in hasilat kəsintisinin bu ilin ikinci yarısında da davam etdirəcəyinə zəmanət vermədiyini bildirmişdi.
Qeyd edək ki, ötən il dekabrın 10-da neftin qiymətini sabitləşdirmək üçün Vyanada keçirilən OPEK sammitində hasilatın 1 milyon 200 min barrel azaldılması nəzərdə tutulmuş və razılaşmanın 2017-ci ilin ilk yarısına qədər keçərli olması qərarlaşdırılmışdı.
Görünən budur ki, OPEK-in son sammitindən də önəmli qərarlar çıxmayacaq və böyük ehtimalla, neftin qiymətləri get-gedə ucuzlaşacaq.