Füzulidə müşavirə keçirildi
Taxıl istehsalçıları Horadiz şəhərindəki Mədəniyyət Sarayında toplandılar
"Xeberinfo.com": Horadiz şəhərindəki Mədəniyyət Sarayında Füzuli rayon taxılçılarının müşavirəsi keçirilmişdir. Yığıncaqda kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Horadiz şəhər, Bala Bəhmənli, Əhmədbəyli kənd Aqroservis filiallarının rəhbərləri, kənd təsərrüfatı üzrə idarə müəssilə rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, yığım qərargahı barədə məlumat vermiş, qərargahın üzvlərini elan etmişdir.
Alı Alıyev bildirmişdir ki, respublika prezidenti cənab İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi haqqındakı Sərəncamı Füzuli rayonunda da uğurla həyata keçirilir, rayonda mühüm strateji məhsul olan taxıl istehsalının artırılması, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Alı Alıyev qeyd etmişdir ki, 2014-cü ildə rayonda ümumilikdə 39831 ha sahədə dənli-taxıl bitkiləri əkilmişdir. Bu əkinin də 29194 hektarını buğda, 10637 hektarını isə arpa bitkisi təşkil edir.
Rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini Hüseyn Abbasov taxıl biçininə hazırlıq haqqında arayışı oxumuş, kompaynların təhkim olunma qrafikini, həmçinin arpa və buğda biçininin, şumun qiymətlərini elan etmişdir.
Aqrolizinqin rəhbəri Fəttah Heydərov, Nurəddin Həsənov texnikanın sazlığı barədə məlumat vermişlər.
Bildirilmişdir ki, taxıl məhsulları istehsalını hər il stabil olaraq artıran füzulilər bu il 39 min hektardan artıq sahədən məhsul toplayacaqlar. Məqsəd rayonun yüz min tonçular sırasındakı yerini qoruyub saxlaması və ölkə əhalisinin ərzaqla bağlı probleminin həllinə nail olmaqdır. Rayonun taxıl istehsalçıları hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq taxıl sahələrinə normal qulluq göstərmiş, vaxtında sahələrə gübrələr verib, aqrotexniki tədbirlərə əməl etmişlər.
Qeyd olunmuşdur ki, taxıl biçininə hazırlıq məqsədilə 70-dən artıq kombayn saz vəziyyətə gətirilmişdir.
Rayonda biçinin iyun ayında tam başa çatdırılması nəzərdə tutulmuşdur.
Qeyd edək 2011-ci ildə rayonda 90 min ton, 2012-ci ildə 102 min ton, 2013-cü ildə isə 111 min ton taxıl istehsal olunmuşdur.