"BP-Azerbaijan"da yeni azərbaycanlı vitse-prezident - FOTO
"BP-Azerbaijan" şirkətinin hazırda "Çıraq" və "Dərinsulu Günəşli" sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev şirkətin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunub.
Xeberinfo.com: Şirkətdən "Report"a verilən məlumata görə, o, vəzifəsinin icrasına bu il iyunun 15-dən başlayacaq.
Bu yeni vəzifədə O.Quliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla regional əməliyyat risklərinə müstəqil baxış və risklərə qarşı baryerlərin gücünü təsdiq edən əminlik fəaliyyətinin icrasına cavabdeh olacaq.
O bu vəzifədə BP-də 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse-prezident Robert Uottu əvəz edəcək.
"Bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur. BP-də çalışdığı 20 ildən artıq bir müddət ərzində O.Quliyev Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində dərin təcrübə qazanıb. Bundan əvvəl o, dənizdə əməliyyatlar üzrə qrup rəhbəri və platforma meneceri kimi yüksək texniki bilik və məsuliyyət tələb edən vəzifələrdə çalışıb. Daha öncə isə o, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və "Azəri-Çıraq-Günəşli" layihələrində layihə mühəndisi və layihə meneceri kimi işləyib, həmçinin BP-nin Birləşmiş Krallıqdakı mühəndis-layihə idarələrində müxtəlif vəzifələr tutub", - deyə məlumatda bildirilir.
O.Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetininin inşaat mühəndisliyi üzrə magistraturasını bitirdikdən sonra Azərbaycan Neft Akademiyasında qaz axınının dinamikası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
O, həmçinin digər ixtisaslar üzrə qərb universitetlərində də təhsil alıb. Onun Böyük Britaniyanın Henli Kollecindən neft və qaz sənayesi idarəçiliyi üzrə diplomu var və 2014-cü ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Akademiyasını bitirib.
O.Quliyev neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2009-cu ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
O.Quliyev evlidir, iki övladı var.