İqtisadi proseslər əhalinin gəlirlərinə necə təsir edəcək?-Ekspertdən AÇIQLAMA
Azərbaycan 2015-ci ilə iqtisadi geriləmə ilə başladı. Neft gəlirlərinin azalması bir çox iri dövlət layihələrinin təxirə salınması, iş yerlərinin bağlanması və manatın devalvasiyası ilə nəticələndi.
"Xeberinfo.com": Bundan əlavə, əmlak və avtomobil bazarlarındakı durğunluq, ərzaq bazarındakı bahalaşma əhalinin sosial durumunu bir az da çətinləşdirdi.
Bəs, görəsən hazırki iqtisadi şərtlər daxilində ilin ikinci yarısı üçün Azərbaycan iqtisadiyyatını nə gözləyir?
Musavat.com-un suallarını cavablandıran Natiq Cəfərli bildirdi ki, ilin birinci yarısının yekunlarına nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, ilin ikinci yarısının da makroiqtisadi göstəricilərində əsas faktor məhz neft faktoru olacaq: “Təkcə onu demək kifayətdir ki, 2015-ci ilin birinci yarısında 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə neft gəlirləri 4 milyard 85 milyon dollar azalıb. Bu fakt çox ciddi göstəricidir ki, dövlət büdcəsinin gəlirlərində önəmli miqdarda azalma müşahidə olunur. Neft qiymətləri ilə paralel olaraq, bank sektorunda olan problemlər də ilin birinci yarısında özünü göstərməyə başladı. 2015-ci ilin birinci yarısının sonunda problemli kreditlərin həcmi 1,3 milyardı keçdi. Bu rəqəm çox ciddi faktdır və ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıqdır”.
N.Cəfərlinin sözlərinə görə, neftin qiymətlərinin hansı səviyyədə olması ilin ikinci yarısı üçün də həlledici olacaq: “Neftin qiymətinə gəlincə, demək olar ki, ilin ikinci yarısı ilə bağlı proqnozlar birinci yarısına nisbətən daha bədbindir. Bir neçə beynəlxalq fundamental məsələlər var ki, ilin ikinci yarısında, yəni yaxın zamanlarda həll olunmalıdır. Bu, İranın neft bazarına daxil olması, Amerikanın 22 ildir ki, davam edən neft ixracatı qadağasının götürülməsi və bu ölkənin də neft bazarına daxil olması, İraqda hasilatın artması və s. bu kimi proseslər ilin ikinci yarısında neftin qiymətinin daha ucuz olması ehtimalını yüksəldir. Proqnozlar var ki, bu il Neft Fondunun gəlirləri ötən ilə nisbətən iki dəfə az ola bilər. Bu da növbəti il üçün büdcənin formalaşmasında, xərclərin ödənilməsində Azərbaycan hökumətinə çox ciddi problem yaradacaq. Ona görə də, əsas bu faktorun izlənməsi lazımdır”.
İqtisadçı ekspert bildirdi ki, bu mənada hökumətin atacağı addımları da nəzərə almaq lazımdır: “Lakin hökumət hələ də bununla bağlı ciddi bir proqramın işlənib, hazırlanması ilə bağlı cəmiyyətə heç bir məlumat verməyib. İctimaiyyət hələ də xəbərsizdir ki, Azərbaycan hökumətinin hansı anti-böhran proqramı var və bu proqramda nə kimi müddəalar yer alıb. İlin ikinci yarısında əhalinin vəziyyəti ilə bağlı da nikbin proqnozlar səsləndirmək mümkün deyil. Çünki ilin əvvəlində yaşanan iqtisadi böhran kütləvi şəkildə iş yerlərinin itirilməsi ilə müşayiət olundu.
Yeganə olaraq, I Avropa Oyunlarının müsbət cəhətlərindən biri o idi ki, müvəqqəti də olsa, minlərlə insan işlə təmin olundu. Həm obyektlərin tikintisi ilə əlaqədar, həm də təşkilatı məsələlərlə bağlı 30-35 min insan işləyirdi. Lakin indi bu proses də baş çatdığı üçün həmin insanlar da işsiz qalıblar. Bir çox ticarət və ictimai-iaşə obyektlərinin bağlanması da işsizlərin sayını artırdı.
Bundan başqa, Rusiyada çalışan həmyerlilərimizin öz ailələrinə göndərdikləri vəsaitin həcminin kəskin aşağı düşməsi əsasən regionlarda sosial vəziyyətin çətinləşməsinə səbəb olub. Sosial problemlərin, işsizliyin artmasını və əhalinin real gəlirlərinin xeyli dərəcədə azalmasını ilin sonunda da müşahidə edəcəyik. Bu ölkənin makroiqtisadi göstəricilərinə və hətta siyasi proseslərə də təsirsiz ötüşməyəcək”.