Yenixeber.org:
- Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Səbail”i bir cavabsız qolla məğlub etməklə, 11 oyunluq “qara zolaq”dan çıxdınız. Maraqlıdır ki, çempionatda sonuncu qələbənizi də məhz bu kollektivlə XIV tura təsadüf edən görüşdə əldə etmişdiniz...
- Son matçlara nəzər salsaq, tilsimin qırılacağını təxmin edirdik. Çünki qələbəyə layiq oyun sərgiləyirdik. “Kəpəz”, “Qəbələ”, hətta XXV turda evdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduğumuz görüşdə də pis təsir bağışlamamışdıq. Qış fasiləsindən sonra heyətlə bağlı problemlər yaşadıq. Zədəli və cəzalı futbolçuların çoxluğu tam heyətlə çıxış etməyimizə imkan vermədi. Lakin uşaqlarda həmişə istək var idi. Elə alındı ki, bu il ilk qələbəmizi məhz “Səbail”lə qarşılaşmada əldə etdik. Rəqibin də yaxşı epizodları oldu.
- Heyətinizdə yetərincə təcrübəli yerli və əncəbi futbolçu olsa da, qolu əvəzedici heyətin üzvü Müşfiq İlyasov vurdu. Bu məqam sizi təəccübləndirmədi?
- Bunadək digər komandalarda limitə görə “11-lik”də yer alan 1996-cı il təvəllüdlü futbolçular daha çox gözə çarpırdılar. Sevindirici haldır ki, bizdə də limit səbəbi ilə meydana buraxdığımız oyunçu hansısa matçın nəticəsinə təsir edən qol vurdu. Bu, məcburi oynatmağımız gənclər üçün bir şansdır. Bundan maksimum istifadə etməlidirlər. Legionerlərimizdən istədiyimizi ala bilmədiyimi söyləsəm, onlara qarşı haqsızlıq etmiş olaram. Təəssüf ki, zədələr bir çox futbolçumuza əngəl törətdi. Çempionatın başa çatmasına 2 tur qalsa da, oyunçularımızdan razıyam. Məni qane etməyən yeganə məsələ qol vəziyyətlərindən istifadə edə bilməməyimizdir. Bəlkə də uğursuzluq zolağında olduğumuz vaxt 2-3 qələbə qazansyadıq, indi 2-ci yerdən danışırdıq. Qızıl dəyərində xallar itirdik.
- Komandanızın istədiyi nəticələri əldə edə bilməməsi sizə də təsirsiz ötüşmədi. Premyer Liqanın XVI turunda “Qəbələ” ilə səfər matçındakı insidentə görə 3-ü şərti olmaqla, 5 oyunluq cəzalandınız. Lakin sınaq müddəti başa çatmamış - XXIII turda texniki zonadan kənarlaşdırıldığınız üçün 1 oyunluq cəza aldınız və həmin 3 matçlıq cəza da qüvvəyə mindi. Texniki zonadan kənar qalmağınız komandanın çıxışına mənfi təsir göstərdi?
- Bu hadisələr mənə böyük təcrübə qazandırdı. Məşqçilik faəliyyətimə yeni başladığım üçün bu cür hallarla daha əvvəl üzləşməmişdim. Yaşadıqlarım gələcəkdə verəcəyim qərarlarda, davranışlarımda böyük rol oynayacaq. Cəzalı duruma düşmək istəməzdim. Bu, ürəyimcə olmayan bir situasiyadır. Qəbələdə baş verənlərə görə mənə verilən cəza çox ağır idi. Heç kimi vurmamışdım. Bunun acısını “Neftçi” ilə görüşdə texniki zonadan kənarlaşdırılandan sonra da çəkdim. Bu, hamının başına gələn işdir. Sonradan həmin qarşılaşmada mübahisə etdiyim azarkeşin spirtli içki qəbul etdiyini öyrəndim. Matçın başa çatmasına az müddət qalmış futbolçuları, komandanı təhqir edirdi. Yəni, məni istefaya səslədiyi üçün etirazımı bildirməmişəm. Qısası, bunlar mənim üçün yaxşı təcrübə oldu. Bundan sonra gərək təmkinli davranım.
- Turnir cədvəlinə və təqvimə baxsaq, “Neftçi” və “Sumqayıt”ın sizinlə müqayisədə Avropa Liqasına vəsiqə şanslarının daha çox olduğunun görərik. Lakin taleyiniz öz əlinizdədir. Sonuncu turda “Sumqayıt”la qarşılaşacaqsınız...
- “Sumqayıt”la “Zirə” arasında oyunun olması “Neftçi” üçün üstünlükdür. Lakin unutmayaq ki, çempionatda asan matç yoxdur. “Neftçi”nin evdə “Səbail”, səfərdə “Kəpəz”lə oyunu var. Gəncədə qələbə qazanmaq elə də asan məsələ deyil. Onlar üçün çətin olacaq. “Səbail” də qış fasiləsindən sonra ən yaxşı kollektivlərdən biridir. “Sumqayıt” isə gümüş medalı hələ təmin etməyən “Qəbələ”ni qəbul edəcək. Həmçinin, bizi də evdə “Kəpəz”lə çətin matç gözləyir. Çox qarışıq təqvimdir. Bunların hamısını uşaqlara başa salmışam. Hər şey öz əlimizdədir. Lakin ola bilər ki, hər iki görüşdə qalib gələk, amma Avropa Liqasına düşməyək. Çünki 4-cü yeri tutmaq “Qəbələ”nin Azərbaycan Kubokunun finalında “Keşlə”ni məğlub edəcəyi təqdirdə işə yarayacaq.
- Ötən mövsüm də Avropa Liqasına vəsiqə baxımdan “Sumqayıt”la həlledici oyununuz oldu və əldə etdiyiniz 1:1 hesablı heç-heçə işinizə yaradı. Tarix təkrarlanacaq?
- Bu cür oyunlar səbr, təmkin tələb edir. Səfərdə çıxış edəcəyik. Rəqib evdə çox güclüdür. Amma bizim onlarla matçlarımız hər zaman maraqlı alınıb. İndi “Kəpəz”lə görüşümüzə köklənmişik. Onları məğlub edək, sonrasına baxarıq.
- Adətən, mövsümün sonlarında heç bir hədəfi olmayan komandaların oyunları ətrafında söz-söhbətlər olur. Məsələn, çempionluğu təmin edən “Qarabağ”ın səfərdə sizinlə görüşdə çox güc sərf etməyəcəyi, uduzacağı deyilirdi. Lakin Ağdam klubu “Zirə”ni məğlub edib, əvəzində evdə “Neftçi”yə uduzdu. Bu barədə nə deyə bilərsiniz?
- Bu, Azərbaycanda dəb halını alıb. Təəssüf ki, tərgidə bilmirik. Bu cür söhbətlər hər zaman olub, olacaq da. Baxırsan ki, cavan uşaqdır, ömründə stadionda 20 oyuna baxmayıb. Amma elə şeylər danışır ki... Bəzən adam utanır ki, gör, kim kimin haqqında nələr danışır. İttiham etdikləri adamlar futbola həyatlarını veriblər. Digər komandaların baş məşqçilərini də yaxşı tanıyıram. Heç kim belə oyunlara getməz. Çünki Azərbaycanda adın çıxdısa, vəssalam, gələcək karyeran şübhə altına düşər. Son nəticələr göstərdi ki, idman prinsipləri qorunur. “Qarabağ”ın “Zirə”yə uduzacağını düşünənlər bunun əksini gördülər. Lakin futbolçuları bizə qarşı sanki finaldakı kimi oynayırdılar. “Qarabağ” “Neftçi” ilə görüşdə zəif oynayıb, məğlub olubsa, bu, orada hansısa söhbətin olması demək deyil. Çempionluğu erkən təmin edən komandanı sonacan motivasiya etmək çox çətindir.
- Mövsüm sona yaxınlaşır. Komandadan göndəriləcək və ya cəlb olunacaq futbolçulardan kimlərisə müəyyənləşdirmisiniz?
- Çempionat o qədər gərgin keçir ki, növbəti mövsümün planını cızmağa vaxt yoxdur.
- Baş məşqçi postunda qalıb-qalmayacağınız “Zirə”nin Avropa Liqasına vəsiqə qazanmaqdan asılıdır?
- Rəhbərlik mənimlə söhbətlərində hər zaman inamlarını ifadə edib. Xeyli vaxtdır buradayam və klubun inkişafını ən çox istəyənlərdən biriyəm. Hələlik baş məşqçi kimi işimi davam etdirib-etirməyəcəyimlə bağlı danışıq olmayıb. Hazırda əsas müzakirə mövzusu qarşıdakı vacib oyunlardır.