"Dünya çempionatında 3-4 lisenziya qazanacağımıza inanıram"
Oktyabrın 6-da Qətər paytaxtında usta boksçuların dünya çempionatı start götürəcək. Xəbər verdiyimiz kimi Qətərdə keçiriləcək dünya çempionatında mübarizə aparacaq. Dohada baş tutacaq yarış son 3 ildəkindən fərqlənəcək. Çünki bu planetin ən güclülərinin mübarizəsi Rio-2016-ya lisenziya verəcək. Görəsən, yığma komandamız sözügedən yarışa necə hazırlaşır?
"Xeberinfo.com": Məlumata görə, Allsport.az-ın bu və digər suallarına ABF-in 1-ci vitse prezidenti Ağacan Abiyev aydınlıq gətirdi:
– Milli komanda Meksikada təlim-məşq toplanışından qayıtdıqdan sonra, 1-2-ci nömrələr arasında ikitərəfli döyüşlər keçirildi. Bu görüşlərdə fövqəl bir şey olmadı – faroritlər özlərini yenə doğrultdular.
– Boksçularımızın hazırlığını necə qiymətləndirirsiniz?
– Yığmamız ölkə xaricində son təlim-məşq toplanışını İtaliyada keçib. Orada hazırlıq qısa müddətli olub. Bakıda yekun çalışmalardan sonra, komanda Qətərə yola düşub.
– Boks federasiyası Bakı-2015-ə böyük tövhə verdi. Kişilərdən ibarət millimiz 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı. Bu onu deməyə əsas vermir ki, uğurun davamı dünya çempionatında gəlməlidir?
– Birinci Avropa Oyunlarında qeydə alınan nəticələr, sözsüz, orada da özünü göstərməlidir. Bizdə indiyədək mötəbər qitə miqyası yarışda belə uğur olmamışdı. Fərəhlidir ki, qazanılan medalların çoxu qızıl idi. Bu nəticənin orada özünü təsdiq edəcəyinə əminəm.
– Qətərdə komandanın qarşısına neçə lisenziya qazanmaq vəzifəsi qoyulub?
– Ümumilikdə, 9-10. Dünya çempionatında isə, 3-4 vəsiqə yetərli olacaq. Gələn il Bakıda Avropa lisenziya xarakterli bir yarış da keçiriləcək. Fikrimcə, doğma divarlar bizə Rio-2016-ya vəsiqələrin sayının qənaətbəxş olmasına kömək edəcək.
– Ağacan müəllim, Afina Oyunlarına millimiz 9 boksçu ilə yollanmışdı. Yekunda olimpiadanın vətənindən 2 bürünc medalla qayıtdınız. Bu, cəmdə, ən yaxşı göstərici sayılır. Sizcə, Rio-2016-da bundan artığı mümkün olacaqmı?
– Ola bilər. Daha doğrusu, olacaq (gülümsəyir). Əminəm ki, Rio Olimpiadasında Sidneydən bəri davamlı qazandığımız bürünc əyarı, gümüş və ya qızıl medala çevirəcəyik. Əslində, bunu London Oyunlarında gerçəkləşdirəcəydik. Amma orada bizi sıxdılar.