Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Medical Plaza” klinikasının keçmiş baş həkim müavini Feyzulla Qasımovun cinayət işi üzrə məhkəmə prosesi bitib.
Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov prosesin sonunda kuryoz sayılacaq hökm çıxarıb. Belə ki, Feyzulla Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib, barəsində hökm çıxarılsa da, məhkəmə onun bu maddə üzrə külli miqdarda zərər vurduğu şəxslərə dəymiş ziyanın ödənilməsi tələbini rədd edib.
Əldə etdiyimiz məlumata görə, hakim C.Hüseynov F.Qasımov barəsində yuxarıda qeyd edilən maddənin əsasında CM-in 62-ci maddəsi tətbiq edilməklə, 1 il 3 ay 13 gün həbs cəzası verilməsi barədə hökm çıxarıb.
Hakim bunun ardınca F.Qasımovun həbsdə və ev dustaqlığında çəkdiyi cəzanın həbs müddətini ödədiyini əsas götürərək, onun azadlığa buraxılmasını və haqqında ev dustaqlığı cəzasının da ləğv edilməsinə qərar verib.
Məsələnin ilginc tərəfi isə qərarın bu hissəsindən sonra başlayır. Belə ki, məhkəmə faktiki olaraq cinayətkar hesab edib, haqqında konkret maddə ilə hökm çıxardığı şəxsin maddi zərər vurduğu şəxslərlə bağlı kuryoza imza atıb və… onlara bir manat belə ödənməməsinə qərar verib.
Hakim C.Hüseynovun qərarında deyilir: Zərərçəkmiş Ələkbərov Cəmil Hüseyn oğlunun Qasımov Feyzulla Apo oğlundan ümumilikdə 87,592 manatlıq mülki iddiası baxılmamış saxlanılsın.
Hakim zərərçəkmiş şəxsə bu maddi tələbi ilə bağlı ayrıca mülki iddia qaldırmaq hüququnun olduğunu bildirib.
Məhkəmənin bu qərarını əlində əsas tutan zərərçəkmiş tərəf isə haqlı olaraq sual edir ki, əgər ortada konkret bir cinayət əməli varsa və məhkəmə bu cinayət əməli barədə konkret hökm çıxarırsa, bu işdəki konkret cinayət – külli miqdarda dələduzluq faktı necə olur, görməzdən gəlinir?!
Zərərçəkən iddia edir ki, təqsirləndirilən şəxs müəyyən yollarla məhkəməyə təsir edib və ortada bu qədər böyük dələduzluq faktı olmasına rəğmən, həm həbs cəzası almaqdan, həm də onlara vurduğu maddi zərəri ödəməkdən xilas olub.
C.Ələkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib və ona dəymiş zərərin ödənilməsi barədə qərar çıxarılmasını tələb edib. Onun bu şikayəti icraata qəbul olunub, lakin məhkəmənin vaxtı hələ təyin edilməyib.
Zərərçəkmiş ümid edir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qanunsuzluğuna göz yummayacaq və onun haqlı tələbini təmin edəcək, dəymiş maddi zərərin ödənilməsi barədə qərar çıxaracaq.
Xatırladaq ki, Feyzulla Qasımov H.Ələkbərovu Bilgəh Kardioloji Sanatoriyasına baş həkim vəzifəsinə düzəltmək üçün 50 min ABŞ dolları məbləğində pul alıb. Lakin vədinə əməl etməyib.
Bununla bağlı F. Qasımov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Onu da bildirək ki, bu işdə adı ən çox hallanan şəxslərdən biri də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin keçmiş dekanı Məhəmməd İmanlıdır.
Bildirilir ki, M.İmanlı məhkəmə sistemindəki əlaqələrindən və nüfuzundan istifadə edərək, təqsirləndirilən F.Qasımovun cəza almamasını təşkil edib.
F. Qasımov dələduzluq əməlini törətdiyi bütün dövrlərdə səhiyyə naziri Oqtay Şirəliyevin adından istifadə edib və özünü onun yaxın dostu kimi təqdim edib. O, zərərçəkmiş şəxslərə özünü nüfuzlu biri kimi göstərmək üçün deyib ki, səhiyyə naziri ilə Mərdəkanda bağda tez-tez görüşürlər. F.Qasımov səhiyyə nazirinin köməyi ilə H.Ələkbərovu Bilgəh qəsəbəsində yerləşən Kardioloji Sanatoriyaya baş həkim, oğlunu isə Bakıdakı xəstəxanalardan birinə şöbə müdiri təyin etdirə biləcəyini deyib. İstintaq prosesində Qasımovun yalanları tam ifşa olunub.(bakupost)