Bu gecə dəhşətli qəzada ölən qazinin son müsahibəsi
"Xeberinfo.com": Ötən gecə Axar.az-ın “Cəbhə xətti” layihəsinin müəllifi Nihad Cəbrayıl (Nahid Cəbrayılov) növbəti müsahibəsinə getmişdi. Layihənin qonağı olmuş xanım qazilər – Qarabağ savaşının od-alovundan çıxan tankist Sevil Abbasova və snayper Solmaz Əliyeva telefon açmışdılar, daha bir döyüşçü rəfiqələri ilə müsahibə götürmək imkanı ilə onu sevindirmişdilər. Nihad da iş gününün sonu olmasına baxmayıb, uça-qaça özünü xanım qazilərə çatdırmışdı.
...Gecə Nihadı evə gətirmək üçün Sevil Abbasova qazilərə və əlillərə verilən “NAZ Lifan” maşınını işə salası olur. Solmaz Əliyeva da onları tək qoymur.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yanında “Cip” markalı avtomobil qarşıdakı maşını ötərkən “NAZ Lifan”ın yoluna çıxır və dəhşətli qəza törəyir...
Qarabağ savaşında ağır qəzalardan çıxan, üzünün bir tərəfi yanan və ona görə də çəkdirdiyi fotolarda yarızarafat-yarıciddi əlini üzünə tutub, heç olmasa foto yaddaşına üzünün yanığının düşməsini istəməyən Sevil Abbasova dünyasını dəyişdi, Solmaz Əliyeva və Nihad Cəbrayıl isə xəstəxanada canları ilə əlləşirlər...
Tankist Sevil Əliyevanın bir həftə öncə gedən və dünənki qəzadan sonra SONUNCU MÜSAHİBƏSİnə çevrilən döyüş xatirələrini Nihad Cəbrayılın “Cəbhə xətti”ndən yenidən təqdim edirik.
***
“Heydər Əliyev generalların yanında mənə dedi ki...”
“Cəbhə xətti” layihəsinin budəfəki qonağı Abbasova Sevil Hümbət qızıdır. Sevil xanım 1975-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olub. 1988-ci ildə ermənilərin apardığı genosid siyasətinin qurbanı olaraq minlərlə soydaşımız kimi yurd-yuvasından qovularaq məcburi köçkün düşüb və Sumqayıt şəhərində yerləşib. 1991-ci ildən 1995-ci ilə qədər könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib. Bir övladı var, ikinci qrup Qarabağ əlilidir.
16 yaşlı tankçı
- Sevil xanım, siz erkən yaşlarınızda müharibəyə yola düşdüz. On altı yaşlı qız üçün çətin olmadı ki?
- 1991–ci ilin mart ayı idi. Qarabağ uğrunda ermənilərlə qızğın döyüşlər gedirdi. Respublikanın bütün bölgələrinə hər gün şəhidlər gəlirdi. Bunları görürdüm, yaşım az olsa da, dərk edirdim ki, bu müharibədə bir övlad olaraq mən də öz sözümü deməliyəm. Və belə bir qərar verdim ki, gedib döyüşəcəm. Yollandım Ağdam rayonundakı N saylı hərbi hissəyə. Lakin yaşım az olduğundan məni qəbul etmədilər. Gətirib Müdafiə Nazirliyinə təhfil verdilər. İsrarla döyüşmək istədiyimi dedim. Amma bu da bir fayda vermədi. Məni göndərdilər Naxçıvanski adına hərbi məktəbə. Burada üç ay oxuduqdan sonra yenə də dözmədim, qaçdım döyüş bölgəsinə. Milli Qəhrəman Şirin Mirzəyevin batalyonuna qoşuldum. Bu, Xalq Cəbhəsinin batalyonu idi, əsasən könüllülər vuruşurdu. Bu batalyonda tankçı kimi döyüşə başladım. İşimi bilirdim və hər şeyi gözə almışdım.
- Savaşa hansı döyüşlə başladınız?
- İlk döyüşüm Ballı qaya istiqamətində oldu. Bizim əsgərlərə hücum əmri verilmişdi. Lakin döyüşçülərimiz mühasirəyə düşmüşdü. Rəhmətlik Şirin Mirzəyev bizi iki tank, iki BMP ilə Sırxavənd körpüsünə göndərdi ki, Ermənilərə tanklardan, qradlardan atəş açıb onların fikrini və qüvvəsini parçalayaq ki, dostlarımız mühasirədən çıxa bilsin. Sırxavənd körpüsünə çatanda idarə etdiyim tank minaya düşdü. Tank kamandirim şəhid oldu. Məni tankın içindən ağır yaralı halda çıxarmışdılar. Gözlərimi “Semaşko” xəstəxanasında açdım. Mən indi gördüyünüz bu hala düşmüşdüm. Yanmışdım, həm də bir ayağımı yarıdan itirmişdim.
Yarım ayaqla...
- Döyüş yoluna nöqtə qoyuldu?
- Yox, xəstəxanadan tam sağalmamış qaçıb, gecə saat birdə yenidən qatara minərək öz batalyonuma getdim. Artıq tankları görəndə qorxurdum, ona görə də məni kəşfiyat rotasına göndərdilər. Elə o gündən də orada qulluq etməyə başladım. 1992-ci ildə on iki nəfər döyüşçü dostumla birlikdə minaya düşdüm. Ermənilər bizim bir qırıcı təyyarəmizi vurmuşdular. Təyyarəçilərimizin sağ olduğunu bilirdik. Onları düşdükləri yerdən çıxarmağa gedirdik. Qazançı istiqamətində, neytral zonaydılar. Amma biz dediyim kimi, ora çata bilmədik, minaya düşdük. Ayaqlarımı mina apardı. Azyaşlıydım deyə, ermənilərin əlinə düşsəydim mənə çox ağır işgəncələr verəcəkdilər, onun üçun də məni oradan çıxartdılar. Yenidən hospitala yerləşdirildim. Yenə də tam sağalmamış batalyona döndüm.
Onu ancaq səndələrindən tanıya bildik...
- Sevil xanım, mühasirəyə düşmüsüz, ağır döyüşlərdə iştirak etmisiz. Nə qədər dəhşətli xatirələriniz var...
- Əlbəttə, dəfələrlə mühasirəyə düşmüşəm. Bir gün Qazançı istiqamətində ən dəhşətli döyüşümüz oldu. Rəhmətlik Allahverdi Bağırov da bizimlə idi. Mühasirəyə düşdük. Amma çıxa bildik. Cəbhə xəttini yara-yara irəliləyirdik. Yolda gördük ki, qarşımızda meyidlər var. Biri xırıldayırdı. Tam yaxınlaşdıqda gördük ki, tamam tanınmaz haldadırlar. Qəhrəman Allahverdi Bağırovu ancaq səndələrindən tanıya bildik. Bir döyüşçümüz də can verirdi, ona yardım etsək də, qollarımızda şəhid oldu. İrəlidə daha on nəfər yaralımız vardı. Yaralılardan biri qışqırıb inildəyirdi. Onun başından tutub qaldrımaq, su içirmək istədim. Əlim yarıyacan onun beyninin içinə girdi. Bu, dəhşətli vəziyyət idi. O vaxtdan məndə travma qaldı. İndilər Ağdamda N saylı hərbi hissədə xidmət edən Xan adlı komandirimiz vardı. Bağbanlar istiqamətində mühasirəyə düşdülər. Həm də yaralı idilər. Beş nəfər qalmışdılar. Biz onları götürməli idik. Qamışlığa girdik. Hərə bir tərəfə bölündü. Məni orataya saldılar ki, nəsə olsa, məni qoruya bilsinlər. Anidən bir səs eşitdim. Qabağımda bir yaralı döyüşçümüz vardı. Onu snayperlə vurmuşdular. Çənəsi yarıdan qopub sallanmışdı, dili sinəsinə çatırdı. Bu döyüşçü ağdamlı Şamil idi. Şükür ölmədi, indi də yaşayır. Əvvəl onu tanımadım, elə bildim, ermənidir, vurmaq istədim. Amma gözlərindən hiss etdim ki, bu bizim Şamildir. Bu, dəhşətli anlar idi. Onu qucaqlamaq, qaldırmaq isdədim, amma gücüm çatmadı. Çünki mən balaca bir qızdım, o isə iri gövdəli cəngavər. Qaldırmaq istəyəndə üstümə yıxıldı, qaldım bu qamışlıqda onun altında. Qanı ağzımın içinə qədər töküldü. Özümü itirmədim, altından çıxıb, onu aparmağa çalışsam da, yarı yola qədər ancaq gətirdim. Onu sürüməkdən dizlərimin qanı tökülürdü. Çətin olsa da, onu təhvil verdim. Bu gün də mənə deyir ki, həyatımı sən qurtarmısan.
Qorxu...
- Olubmu ki, döyüşün vahiməsindən yaralılarımızı, meyitlərimizi qoyub qaçasız, özünüzlə apara bilməyəsiz?
- Bəli, etiraf edirəm ki, belə hal olub. Lakin bu bizim istəyimizin xaricində baş verib. Məsələn, Fərrux dağında çox itki verəndə orada yaralılarımızı, meyitlərimizi qoyub qaçmışıq. Heç cür imkan olmadı ki, onları qaçıraq. Cəmi altı nəfər sağ qalmışdıq. Mən çiynimdən yaralanmışdım. Ermənilərlə üz-üzə gəlmişdik. Yaralılarımız bağıra-bağıra qaldılar. Gecə saat 1-də ora döndük, kimsə yox idi. Ermənilər onları aparmışdılar. Bir nəfərin isə başını kəsib sinəsinə qoymuşdular.
Kişilərin arasında
- Gənc idiniz, gözəl idiniz, bu qədər bəyin arasında döyüşmək çətin deyildi ki?
- Bilirsiz, başqa batalyonları bilmirəm, amma bizim batalyonda mən çoxlarının qan bacısı idim. Mənə sırf döyşçü kimi baxırdılar. Mən onların qızları, bacıları yaşda idim. Biz yanaşı yataqlarda yatırdıq, Allah onlardan razı olsun. İndi də onlarla fəxr edirəm.
- O vaxt döyüşməyinizə ailəniz, ətrafınız necə münasibət sərgiləyirdi?
- Bu sual lap ürəyimdən oldu. Yaxşı sualdır. Bəli, mən təbii ki, döyüşə evdən qaçıb getmişdim. Ailəm bunu isdəmirdi. İki dəfə ağır yaralansam da, yenə onlara qulaq asmadan dönmüşdüm döyüşlərə. Birinci dəfə yenicə evdən qaçıb orduya gələndə komandirim məni çağırdı ki, ailən gəlib yanına. Otağa yaxınlaşdım, içəri girəndə qardaşım istədi ki, üstümə yeriyib məni vursun. Komandirim rəhmətlik Şirin Mirzəyev onun sinəsindən vurdu, geri itələdi və ona dedi ki, çəkil kənara, ixtiyarın yoxdur burada ona əl qaldırasan. Bundan sonra onu heç kim buradan apara, ona toxuna bilməz. Əslində bacın yox, sən burda döyüşməli idin. Amma qardaşım sovetlər vaxtı əsgərlikdə əlil olmuşdu. Onun üçün döyüşə bilmirdi. Orada atam mənə dedi ki, artıq biz səni övladlıqdan sildik. Sən adlı qızımız yoxdur. Amma buna baxmayaraq, mən hər yaralananda gözümü açıb gördüm ki, anam başımın üstündə dayanıb və üzü cırıq-cırıq, qan içindədir. Bu gün anamın gözləri mənimçün ağlamaqdan kordur.
Son sözlər
- Sizə son sözünü etibar eləyənlər olubmu?
- Olub. Özümə çox yaxın bildiyim döyüşçü dostum Şamil vardı. Döyüşlərdən qayıdandan sonra onlara gedirdik. Anası bizə süfrə açırdı. Yeyib-içib, üstümüzü yuyub-təmizləyib hərbi hissəyə dönürdük. Bir gün Şelli istiqamətində ağır döyüş gedirdi. Təpənin arxasında gizlənmişdik. Sən demə, ermənilər bizi görüblər. Onlar bizi top atəşinə tudular. Mərmilərdən biri yanımıza düşdü. Doqquz nəfər idik. Oranı tərk etmək əmrini aldıq. Yerimizi dəyişəndə gördük ki, iki nəfərimiz əksikdir. Geri döndük. Əsgərlərimizin ikisi də yaralanmışdı. Şamilin qolunun altından qəlpə tutmuşdu. Güclü qanaxması vardı. Xanın boğazından mərmi qəlpəsi girib boynundan çıxmışdı. Xan qışqırdı ki, mən elə də agır deyiləm, Şamili götürün gedin. Ermənilər də bizə çox yaxınlaşmısdılar. Şamili götürmək mümkün deyildi, ermənilər başımızı qaldırmağa qoymurdu. Onlar atırdılar, mən isə Şamilin ayaqlarından tutub sürüyürdüm. Şamil mənə dedi ki, məni buraxın, onsuz da ölürəm, gedin. Amma son sözü bu oldu ki, məni unutmayın, sizi sevirəm. Biz Şamili evinə aparanda mən xanım oldugum üçün məni qabaga saldılar ki, anası aqressivlik etməsin. Darvazadan başımı içəri salanda anası samovar qaynadırdı. Mənə dedi ki, bəs Şamil hanı? Sən niyə tək gəlibsən? Yeməyiniz hazırdır, çayınızı da gətirirəm. Mən isə donub qalmışdım, danışa bilmirdim. Xanım mənə tərəf gəldi, artıq dayana bilməyib, hönkürtü ilə ağladım. Mənə yenə qayıtdı ki, niyə Şamilsiz gəlmisiz? Sonra da başladı mənim qabagımda oynamaga. O nə oynamaq idi, ilahi! Mən belə oynamaq görməmişdim. Şamilin anası yarım saat qabağımda oynadı. Bu, dəhşət idi. Qarşısında diz çökdüm. Bilirsiz, gərək biz bu qan yaddaşımızı unutmayaq...
Daha sonra bir dəfə də döyüşdə minaya düşdük. Gözümün önündə bir uşağın ayağı qopdu. Toyuğu kəsdikdən sonra onun başının atılıb-düşdüyünü görmümsüz də, baxın, o uşaqın ayağı bir neçə dəqiqə addımlamağa başladı. Sanki can verirmiş kimi, iki dəfə atılıb-düşüb dayandı. Oğlanın adı Davud idi. Heç səsini də çıxarmadı. Ayağını görməsin deyə, sinəsinə çökdüm. Amma o mənə nə desə yaxşıdı: “Sevil, onsuz da bilirəm, ayağım getdi”.
General...
- Ən ağır, dəhşətli döyüşlər hansı istiqamətlərdə gedirdi?
- Ağdam rayonu istiqamətində bir silah belə atılmadan rayon düşmənə verilib. Amma ən dəhşətli döyüşlər Fərrux yolunda, Qazançı, Sarıqaznağ istiqamətində gedirdi. Məncə, orda oyunlar oynanıldı, ortada hədər yerə əsgərlərimiz qırıldı. Müharibədən qayıtdıqdan sonra məni Naxçıvanski adına hərbi məktəbə göndərdilər. Arxivdə olar yəqin, mərhum Heydər Əliyev bizimlə görüşə gəlmişdi. Orada mənə bütün generalların qabağında dedi ki, sən gələcəyin generalı olmalısan. Sonra oradan da məni Türkiyədəki Quru Hərb qoşunları məktəbinə yolladı. Oraya getdim, amma orda da oxuya bilmədim. Səbəb isə orada milliyətcə erməni olan kursant xanımı döyməyim oldu. Millətimizi təhqir etdiyinə görə...
- Sevil xanım, bugünkü gənclərimizə sözünüz?
- Bu gün gənclərimizə deyirəm ki, qorxmayın, Vətənə sədaqətlə qulluq edin. Qeyrətli olun. Bu gün döyüş əmri verilsə, mən də onlarla döyüşməyə hazıram.
P.S. Sevil xanımla görüşümüzü 5 saylı xəstəxanayla yanaşı olan “Ruslan” kafesinə təyin etmişdik. Hava soyuq idi, bayırda oturmaq mümkünsüzdü. Oradakı otaqlardan birində çay içib söhbət etmək istədiyimizi kafe işçilərinə bildirdik. İzn vermədilər. Otaqlara ancaq yeyib-içəcəyimiz halda buraxılacağımızı bildirdilər. Sevil xanım dəliyə döndü. Onlara kim olduğunu dedi. Xeyri olmadı və biz söhbətimizi ayrı yerdə edəsi olduq. “Gör kiminçün canımızı vermişik də?.. Erməniylə baş etməyə nə var ki, çətini bunlardı...” – Sevil xanım özündə-sözündə deyildi...