“Ölərsəm, mütləq hesab tələb olunacaq”- Akif Çovdarovdan qəzəbli məktub
Həbsdəki general xərçəng xəstəsi imiş: “2011-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm; ...mədəm, öd kisəm və bütün limfa vəzilərim amputasiya olunaraq götürülüb”
Xeberinfo.com: Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general Akif Çovdarov səhhətinin ağır olduğunu, 1 saylı Bakı İstintaq Təcridxanasında əziyyət çəkdiyi xəstəliklə bağlı lazımi müayinə şəraitinin olmadığını deyir.
Bu barədə onun vəkilləri də mətbuata və ən son olaraq, “Yeni Müsavat”a açıqlama veriblər. Lakin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəisi İftixar Qurbanov A.Çovdarovun səhhətinin ağır olması ilə bağlı yazılanların əsasız olduğu barədə əks açıqlama verib. O, qeyd edib ki, Çovdarovun Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac yoxdur. İ.Qurbanov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslaşmış kardioloq-həkim olmaması ilə bağlı deyilənlərin də doğru olmadığını və müəssisənin lazım olan bütün avadanlıqlarla təchiz olunduğunu söyləyib.
Çovdarovdan qəzəbli məktub
Musavat.com-un əldə etdiyi məlumata görə, İ.Qurbanovun bu açıqlaması həbsdə olan generalı hiddətləndirib. Çovdarov bu qəzəbini Ədliyyə Nazirliyinin özünə məktubla çatdırıb.
Musavat.com Çovdarovun İftixar Qurbanova yazdığı qəzəb dolu məktubun sürətini əldə edib. MTN generalı səhhəti ilə bağlı mətbuata verdiyi müsahibələrə, istintaqa təqdim etdiyi rəylərə görə İftixar Qurbanovu sərt şəkildə qınayıb.
Çovdarov İftixar Qurbanova ünvanladığı məktubda ilk olaraq səhhəti ilə bağlı məlumatları qeyd edib. Ardınca isə həbsdən əvvəl keçirdiyi əməliyyatlar, əziyyət çəkdiyi xəstəliklər barədə fikirlərini əlavə edib.
“Kimlərin sifarişi ilə müsahibə verdiyinizi yaxşı bilirəm”
“...kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kordioloq tərfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm”- deyə Çovdarov məktubunun əvvəlində qeyd edib.
“Mədəm, öd kisəm amputasiya olunaraq götürülüb”
Daha sonra Çovdarov xərçəng xəstəliyindən əziyyət çəkməsi barədə də İftixar Qurbanovu məlumatlandırıb: “Səhhətimlə bağlı məlumatsız olduğunuzu görərək, bir daha xatırlatmaq istəyirəm ki, mən 2006-cı ildən ürəyin işemik xəstəliyindən, aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, səyrici aritmiya, taxsistolik forma xəstəliklərindən əziyyət çəkirəm. Bununla bağlı 2006-cı ilin may ayında Almaniyada ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Həmçinin, 2011-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm və 2011-ci ilin may ayında 6 saatdan artıq çəkən cərrahiyyə əməliyyatı nəticəsində mədəm, öd kisəm və bütün limfa vəzilərim amputasiya olunaraq götürülüb”.
A.Çovdarov məktubunda yazıb ki, onun bu dediklərini Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 102/KEŞ saylı, 13 may 2016-cı il ekspert rəyi, səhhəti ilə bağlı təcridxananın Tibb-Sanitar hissəsində saxlanılan müayinə sənədləri, o cümlədən, Tibb Baş İdarəsinin müraciətinə əsasən Akademik C.Abdullayev adına Elmi-Təqdiqat Kardiologiya İnstitunun həkimləri tərəfindən 11-12 fevral 2016-cı il tarixdə keçirilmiş konsilium nəticəsində verilmiş rəy və mütəmadi olaraq aparılmış kardioqrammanın nəticələri bunu sübut edir.
“Xərçəng xəstəliyindən əziyyət çəkdiyim...”
Bütün bunları sadalayan Çovdarov İftixar Qurbanova qeyd edilənlərə nəzər yetirməsini məsləhət görüb və məktubuna bunları əlavə edib: “Dəfələrlə həkimlər tərəfindən verilmiş rəylərdə arterial qan təzyiqinin, nəbz vurğuları sayının və ritminin qısa zamanlar fasiləsində tez-tez və kəskin dərəcədə dəyişməsi, qanın laxtalanma vaxtının 3 dəqiqə olması müəyyən edilib. Lakin verdiyiniz müsahibədən belə görünür ki, sizin ya mənim səhhətimdən ümumiyyətlə xəbəriniz yoxdur, ya da sizə verilən göstəriş əsasında özünüzü bilməməzliyə vurursunuz.
Sual vermək istəyirəm ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyim halda sonuncu dəfə nə vaxt həkim ankoloq tərəfindən müayinə olunmuşam? Cavabını özüm verərək bildirirəm ki, həbs olunandan sonra cəmi bir dəfə 2016-cı ilin may ayında səhhətimlə bağlı ekspertiza keçirilən zaman həkim ankoloq tərəfindən müayinə olunmuşam. Həmin müayinədən sonra keçən dörd ay ərzində bir dəfə də olsun həkim ankoloq tərəfindən müayinə olunmamışam. Halbuki Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Potoloji Anotomiya Birliyinin 102/KEŞ saylı 13 may 2016-cı il tarilxi ekspert rəyində mənim xərçəng xəstəliyindən əziyyət çəkdiyim açıq aydın şəkildə göstərilib”.
Çovdarov öz vəsaiti hesabına müayinə olunmaq istəyir
A.Çovdarov məktubunda öz vəsaiti hesabına müalicə almasına şərait yaradılmasını istədiyini də yazıb: “Dəfələrlə rəsmi şəkildə müraciət edərək öz vəsaitim hesabına həkim ankoloq tərəfindən müayinə olunmağımı xahiş etmişəm. Ancaq müraciətimə bu günə qədər münasibət bildirilməyib. O zaman sual edirəm ki, hansı əsasla nümayişkaranə şəkildə müsahibə verərək mənim səhhətimin normal olduğunu bildirirsiniz?”.
Cinayət işi materialları ilə tam şəkildə tanış olmadığnı qeyd edən Çovdarov bunu səhhəti ilə bağlı yaranan problemlərlə əsaslandırıb.
İ.Qurbanov tərəfindən səhhəti ilə bağlı verilən rəylərə qəzəblənən Çovdarov onu savadsızlıqda və ağılsızlıqda suçlayıb.
“Həddən artıq savadsız və ağıllsız...”
İttiham dolu məktubda yazılanlardan: “Məlum olduğu kimi qısa müddət öncə cinayət işinin materialları ilə tanış olan zaman istintaq qarşısında vəsatət qaldırmışdım. Səhhətimin cinayət işinin materialları ilə tanış olmağa imkan verib-verməməsinin aydınlaşdırılmasını tələb etdim. Siz yenə özünü torpeda kimi irəli verərək səhhətimin tam normal olduğunu və mənim cinayət işinin materialları ilə tanış ola biləcəyim barədə heç bir tibbi əsası olmayan məktubu şəxsən öz imzanız ilə istintaqa təqdim etdiniz. Həmin dövrdə istintaq məndən hər gün 1000-1200 vərəqlə tanış olmağı tələb edirdi. Mən isə səhhətimin buna imkan vermədiyini bildirirdim.
Məhz həmin qanunsuz məktubunuz əsasında ibtidai istintaq məni cinayət işinin materialları ilə tanış olmaqdan məhrum edərək, tez-tələsik cinayət işinin materialları ilə tanış olmadan işi yekunlaşdıraraq, baxılması üçün məhkəməyə göndərdi. Halbuki özünüz tam sağlam olmağınıza baxmayaraq gün ərzində 1000-1200 vərəqdən ibarət cinayət işinin materialları ilə tanış ola bilməzsiniz. Çünki bu, fiziki cəhətdən mümkün deyil. Hesab edirəm ki, insan belə qanunsuzluğu iki səbəbdən edə bilər. Ya həddən artıq savadsız və ağılsız olduğundan etdiklərinin fəsadlarını qavraya bilmir, ya da vəzifəsini itirməkdən elə qorxur ki, onun üçün bütün qanunsuzluqlara getməyə hazır olur. Bu iki səbəbin hansına görə mənə qarşı belə qanunsuz əməllər törətdiyinizi yəqin ki, özünüz gözəl bilirsiniz”.
Səhhəti ilə bağlı açıqlamalar verən İftixar Qurbanovu başqalarının diqtəsi ilə danışmaqda ittiham edən Çovdarov öləcəyi təqdirdə günahkar olaraq onu görəcəklərini yazıb.
“Əziyyət çəkdiyim xəstəliklərdən ölərsəm...”
Çovdarov İ.Qurbanova nə zamansa etdiklərinə görə hesab verəcəyini də xatırladıb.
Məktubdan sitat: “Hörmətli İftixar “həkim”, bir daha xatırlatmaq istəyirəm ki, əgər göstəriş yerinə yetirən, asılı məmur obrazından çıxıb normal həkim kimi mənim xəstəliyimlə bağlı sənədləri tədqiq etsəniz, səhhətimin hansı vəziyyətdə olduğunu yaxşı görərsiniz. Ancaq baş verənlərdən görünən budur ki, kimlərsə sizin əliniz ilə məni məhv etməyə çalışır.
Onu da qeyd etmək istəyirəm ki, ailə üzvlərimə sizin bütün qanunsuz hərəkətlərinizlə bağlı, o cümlədən səhhətimlə bağlı verdiyiniz rəy və rəsmi müsahibələri daim toplayaraq saxlamalarını tapşırmışam. Çünki mən xəstəliyimin real olaraq hansı vəziyyətdə olduğunu və qanunsuz olaraq normal həkim müayinəsindən məhrum edildiyim üçün günü-gündən səhhətim pisləşdiyindən istənilən an bu xəstəliklərdən ölə biləcəyimi gözəl bilirəm. Əgər əziyyət çəkdiyim xəstəliklərdən ölərsəm, sizdən mənim sağlamlığımın normal olması barədə verdiyiniz məktub (rəy) və müsahibələrinizə görə mütləq hesab tələb olunacaq. Bu gün tələb olunmasa belə nə zamansa tələb olunacaq. Bunu özünüz də gözəl bilirsiniz”.
A.Çovdarov məktubunun sonunda İftixar Qurbanova bildirib ki, onun bu əməlləri ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova müraciət edib. Həmin qurumlar tərəfindən hər hansı bir ölçü götürülməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağını yazan Çovdarov bu məktubun bir nüsxəsini ailə üzvlərinə, bir nüsxəsini də xitab etdiyi İftixar Qurbanova göndərildiyini əlavə edib.
Qeyd edək ki, A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.