“Akif Çovdarova deyiblər ki, hər an ölə bilərsən” - Vəkilindən generalla bağlı açıqlamalar
Vəkil Sadiq Rəsulov iddia edir ki, Çovdarov səhhəti ilə bağlı həbsxanadan azad olunmalıdır: “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısı”na əsasən...”
Xeberinfo.com: Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general Akif Çovdarovun səhhəti ilə bağlı yaranmış müzakirələr səngimir.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəisi İftixar Qurbanov mətbuata açıqlamasında generalın səhhətinin normal olduğunu deyib, Akif Çovdarov isə İ.Qurbanovun bu açıqlamasına qəzəbli şəkildə etiraz edib. 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Çovdarovun narazılıq və qəzəb dolu məktubu bir neçə gün əvvəl “Yeni Müsavat”da dərc edilmişdi.
Çovdarovun səhhəti ilə bağlı yaranmış vəziyyətlə bağlı generalın vəkili Sadiq Rəsulov musavat.com-a geniş açıqlama verib. Vəkil Çovdarovun səhhəti, həbsdən əvvəlki və indiki durumu ilə bağlı ətraflı məlumat verib.
Müvəkkilinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini və həbsdə saxlandığı hər günün onun həyatı üçün təhlükə olduğunu bildirən vəkil qısa zaman ərzində lazımi tədbirlər görülməyəcəyi təqdirdə Çovdarovun dünyasını dəyişə biləcəyini də istisna etmir.
“Çovdarovun üzərində 6 saat 46 dəqiqə əməliyyat aparılıb”
S.Rəsulov əvvəlcə Çovdarovun həbsdən əvvəlki xəstəlikləri ilə bağlı məlumat verib. O bildirib ki, müvəkkili 10 ildən artıqdır ürəyində yaranmış problemlərdən əziyyət çəkir və daim həkim nəzarətində olub:
“Çovdarov ürəyində olan problemlərlə bağlı 2006-cı ildə Almaniyada ”Deustsches Herzzentrum Berlin" klinikasına müraciət edib. Ona “Koronar arteriya xəstəliyi, diffuz skleroz 3 damar xəstəliyi, sol arteriya kökünün stenozu və sol tərəfli qidalanma tipi” diaqnozu qoyulub. Həmin ilin aprel ayında əməliyyat olunub və bir aydan çox stasionar müalicə alıb. Çovdarovla görüşəndə o, tənəffüs çatışmazlığından və ürək döyüntüsünün aşağı olmasından əziyyət çəkdiyini bildirir.
Akif Çovdarov neçə ildir bu xəstəlikdən əziyyət çəkir. Səhhətini normal saxlamaq üçün hər gün səhər və axşam 5-6 kilometr piyada gəzirdi. Həbsdən əvvəl gündə 4-5 dəfə az-az qidalanırdı. Yalnız ev yeməkləri yemək onun səhhətini normal saxlayırdı. Boyat yemək onun səhhəti üçün çox ciddi problem yaradır. İndi həftədə bir dəfə evdən yemək gətirirlər. Bütün bunlar onun səhhətini daha da ağırlaşdırıb. Həbsxana şəraitində çox əziyyət çəkir.
Müvəkkilim səhhətində yaranmış problemlə bağlı 2011-ci ilin fevral ayında Almaniyada “Vivantes” klinikasına müraciət edib. Ona “C16.0 Kardianın bədxassəli törəməsi” diaqnozu qoyulub. Bir əməliyyat da həmin klinikada keçirib. 2011-ci ilinin may ayında həmin klinikada Çovdarovun üzərində 6 saat 46 dəqiqə çəkən əməliyyat nəticəsində mədəsi amputasiya olunub".
Vəkil qeyd edir ki, Çovdarov həbs edildikdən sonra 11-12 fevral 2016-cı il tarixlərdə İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları tərəfindən müayinələr keçirilib və ona “Ürəyin işemik xəstəliyi. Aorta-karonar, şuntlama əməliyyatından sonrakı vəziyyət, səyrici aritmiya, taxsistolik forma” diaqnozu qoyulub.
Sadiq Rəsulov onu da əlavə edib ki, Çovdarov Səhiyyə Nazirliyinin həkim-ekspertləri tərəfindən tibbi ekspertizadan da keçirilib və həmin ekspertiza nəticəsində tərtib edilmiş ekspert rəyində də generalda eyni xəstəliklər aşkar edildiyi göstərilib.
Çovdarovun həbsdə qaldığı müddət ərzində səhhətinin ağırlaşdığını deyən vəkil vurğulayıb ki, müvəkkili döş qəfəsindəki ağrılardan, halsızlıqdan, baş gicəllənməsindən, ürək döyünməsindən daim şikayətlənir.
“Bu, onun ölümünə belə səbəb ola bilər”
Çovdarovun əziyyət çəkdiyi xəstəliklərin onun həbsxanadan çıxarılmasına əsas yaratdığını deyən vəkil bunları əlavə edib: “”Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısı"na əsasən ürəyin işemik xəstəliyinə və ürəyin ritm pozğunluğu xəstəliyinə düçar olmuş məhkumlar belə dərhal cəza çəkməkdən azad edilirlər. Lakin Çovdarov təqsirləndirilən şəxs olduğu halda, yəni barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təqsiri sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq həbsdə saxlanmaqla xəstəliyi kəskin şəkildə ağırlaşdırılır ki, bu da sonda hətta onun ölümünə belə səbəb ola bilər".
Vəkilin sözlərinə görə, Çovdarovun səhhətinin ağır olması ilə bağlı əldə edilən bütün məlumatlar sübut kimi vəsatət əsasında iş materiallarına əlavə olunub.
Çovdarovun səhhətinin ağırlığını sübut etməyə çalışan vəkil deyir ki, bununla bağlı Gürcüstan və Türkiyədə tanınmış həkimlərin də rəyini öyrənib: “Müvəkkilimin səhhəti ilə bağlı Gürcüstan və Türkiyənin ixtisaslı həkim-mütəxəssislərinə sorğular vermişəm. Sorğulara cavab olaraq Türkiyənin Avrasiya Universiteti Səhiyyə Xidmətləri üzrə Peşəyönümlü Ali məktəb Direktoru, Ümumi Cərrahiyyə Mütəxəssisi Dos.Dok.İsmail Hakkı Ocak və müavin Dos.Dok.Osman Yıldızlar tərəfindən verilmiş cavab məktubunda qeyd edilir ki, mədə və qida borusu xərçəngindən əziyyət çəkən xəstələr əməliyyat olunsalar belə ömürləri çox qısa, 2-3 il olur. Rəydə yazılır ki, həmin xəstəyə baxmaq çətin olur. Bu səbəbdən də yalnız evdə nəzarət altında baxılmalı və ürək xəstəlikləri ilə bağlı xəstənin kardioloq nəzarətində saxlanması təmin edilməlidir. Çovdarovun saxlanıldığı yerdə isə həkim-kardioloq yoxdur. Bu da onun həyatı üçün təhlükədir.
Avropa elmi Gürcüstan Milli Seksiyasının sədri, tibb elmləri doktoru, professor, akademik Q.Çaxunaşvilli tərəfindən də sorğuma verilmiş cavab məktubunda Çovdarovun xəstəliklərinin xroniki xəstəliklər qrupuna aid olduğu qeyd edilir. Onların kəskinləşməsinin istənilən zaman mümkün olduğu, onun həbsdə olmasının xəstəliklərin kəskinləşmə riskini əhəmiyyətli dərəcədə artırdığı göstərilir"- deyə vəkil müvəkkilinin səhhətindən danışarkən qeyd edib.
“Çovdarova ürəyinin dayana biləcəyini deyirlər”
S.Rəsulovun sözlərinə görə, Çovdarovun səhhəti ilə bağlı məhkəmə-tibbi ekspertizası da təyin olunub. Lakin vəkil deyir ki, ekspertizaya ünvanlanan suallar tam şəkildə cavablandırılmayıb: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun ”məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında" qərarı ilə Çovdarov barəsində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmaqla məhkəmə-tibb ekspertizası aparılması qərara alınmışdı.
Ekspertlərin qarşısında sual qoyuldu ki, Çovdarov hazırda hər hansı xəstəliklərdən əziyyət çəkirmi, onların mənşəyi, tibbi profilaktikası, müalicə üsulu, ağırlıq dərəcəsi necə müəyyən edilir? Digər bir sual isə sağlıq durumunun onun həbsdə saxlanmasına imkan verib - verməməsi ilə bağlı idi. Ekspertiza keçirildi. Rəyin nəticə hissəsində göstərildi ki, Çovdarovda yuxarıda sadaladığım xəstəliklərin hər biri mövcuddur və onun düçar olduğu xəstəliklər uzun sürən xroniki xəstəliklər qrupuna aiddir. Hazırda onun müalicəyə ehtiyacı var. Müalicəsini isə ambulator qaydada saxlandığı müəssisənin Tibb Sanitar hissəsində davam etdirə bilər.
İkinci qoyulan sual isə cavabsız qaldı. Bildirildi ki, Akif Çovdarovun həbsxana şəraitində saxlanılıb-saxlanılmaması sualının həlli məhkəmə-tibbi ekspertizası komissiyasının səlahiyyətinə aid deyil. Ekspert komissiyası sualı cavablandırmamaqla yanaşı, həmin sualın hansı komissiyanın və qurumun cavablandırmaq səlahiyyətində olduğunu da göstərmədi. Tərəfimdən Səhiyyə Nazirliyinə rəsmi sorğu ilə müraciət olunaraq canlı şəxsin məhkəmə-tibbi ekspertizası zamanı ekspertizaya təqdim edilmiş şəxsin xəstəliyinin ağırlıq dərəcəsinin müəyyən edilməsi və həmin şəxsin sağlamlıq durumunun həbsdə saxlanmasına imkan verib-verməməsi barədə qoyulmuş sualları cavablandırmaq vəzifəsinin Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Məhkəmə-Tibbi Ekspertiza Komissiyasının səlahiyyətinə aid olub-olmaması və qeyd edilən sualları cavablandırmaq vəzifəsinin hansı komissiyanın səlahiyyətinə aid olması barədə məlumat verilməsi xahiş olunmuşdu. Ancaq verilən cavabdan belə başa düşdüm ki, şəxsin xəstəliyinin ağırlıq dərəcəsinin müəyyən edilməsi və şəxsin sağlamlıq durumunun həbsdə saxlanmasına imkan verib-verməməsi barədə qoyulmuş sualları cavablandırmaq vəzifəsinin nazirliyin hansı komissiyasının səlahiyyətinə aid olması heç Səhiyyə Nazirliyinin özünə də bu günə kimi məlum deyil. Digər tərəfdən, işin maraqlı tərəfi budur ki, əgər Akif Çovdarovun xəstəlikləri ambulator qaydada müalicə oluna biləcək xəstəliklərdisə, nəyə görə o, mart ayından bu günədək stasionar qaydada təcridxananın tibb-sanitar hissəsində daimi olaraq saxlanılır?"
Vəkil deyir ki, təyin olunmuş ekspert komissiyası suallara tam şəkildə cavab vermədiyi üçün yeni ekspertizanın təyin olunması vacibdir: “Cinayət-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılmalıdır. İstintaq dövründə əlavə ekspertizanın keçirilməsi barədə istintaq qarşısında vəsatət qaldırsam da, ancaq cinayət işinin ibtidai istintaqın yekunlaşmasına baxmayaraq vəsatətimə bu günədək cavab verilməyib.
Sadiq Rəsulov əlavə edir ki, Çovdarov hər görüşündə səhhəti ilə bağlı ona məlumat verir: “Müvəkkilimlə apardığım söhbətlər zamanı deyir ki, onu müayinə edən bütün həkimlər xəstəliyinin ağır - IV dərəcədə olduğunu və hər an ürəyinin dayana biləcəyəni deyirlər”.
“Həbsxana şəraitində çox əziyyət çəkir”
Müvəkkilinin indi səhhətinin daha da ağır olduğunu qeyd edən vəkil Çovdarovun sağ qalması üçün yalnız daimi həkim nəzarətində olmasının vacib olduğunu söyləyir:
“Həkim-kardioloq tərəfindən Akif Çovdarov bir neçə dəfə müayinə olunub. Lakin onun müayinəsinin nəticəsinə dair sənədlər Çovdarovun xəstəlik kitabçasında yazılmır. Həkim-kardioloq deyir ki, müayinənin nəticələri ilə bağlı sənədləri İftixar Qurbanova vermişəm. Belə çıxır ki, bu sənədlər İftixar Qurbanova çatandan sonra itir. Akif Çovdarovun xəstəlik kitabçasında olan bütün məlumatların surətini almışam. Oradan görünür ki, Çovdarov bu günə qədər cəmi 5 dəfə həkim-kardioloq tərəfindən müayinə olunub. Ancaq İftixar Qurbanov müsahibəsində Akif Çovdarovun hər həftə həkim-kardioloq tərəfindən müayinə olunduğunu bildirir. Xərçəng xəstəsi olmasına baxmayaraq Çovdarov həkim-onkoloq tərəfindən cəmi 1 dəfə, may ayında ekspertiza zamanı müayinə olunub. O vaxtdan keçən müddət ərzində Çovdarovu heç bir həkim-onkoloq müayinə etməyib. Halbuki biz Baş Prokurorluğa, Penitensiar Xidmətə də dəfələrlə müraciət edərək, Çovdarova öz vəsaiti hesabına həkim-onkoloq tərəfindən müayinə olunmasına şərait yaradılmasını xahiş etmişik. Bu onun qanunla nəzərdə tutulan hüququdur.
Cinayət işinin materialları ilə tanış olarkən isə vəsatət qaldırdıq ki, Çovdarovun səhhəti gün ərzində 1000-1200 səhifəlik materialla tanış olmağa imkan verir, ya yox? İstintaq tərəfindən bizə İftixar Qurbanovun imzası ilə məktub təqdim olundu ki, Çovdarovun səhhəti tam yaxşıdır və onun bütün gün ərzində dayanmadan cinayət işinin materialları ilə tanış olmasında heç bir problem yoxdu. Halbuki həmin gün ümumiyyətlə heç bir həkim Çovdarovu müayinə etməmişdi. Bəs belə bir qənaətə necə gəlmək olar?
Yenə sual edirəm ki, əgər Çovdarovun səhhəti normaldırsa, niyə tibb-sanitar hissədə saxlanılır? Bu sualı cavablandırmaq lazımdır. Əgər İftixar Qurbanovda Çovdarovun səhhəti ilə bağlı məlumat yoxdursa, məndə olan bütün məlumatları və sənədləri ona təqdim edə bilərəm".
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.