Daha bir məhkəmə ədalətsizliyi- YENİLƏNİB
Maşınla vurub 48 metr sürüyüb öldürdü. Özü isə gözə görünməz əllər tərəfindən himayə olunur
"xeberinfo.com": Ağcabədi rayonundakı mənbəmizin redaksiyamıza verdiyi məlumata görə, 04 Yanvar 2014-cü il axşam saat 20:00 radələrində Ağcabədi rayonu Heydər Əliyev parkına paralel yolda Quliyev Asif İdris oğlu idarə etdiyi maşınla Məmmədov Rafiq Dadaş oğlunu vuraraq öldürüb. Hadisədən dərhal sonra Quliyev Asif İdris oğlu barəsində həbs qətiimkan tədbiri seçilib. Lakin, 13 Fevral 2014-cü il tarixində Ağcabədi rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhram oğlunun sədrliyi ilə keçirilən məhkəmə zalında Quliyev Asif İdris oğlu barəsində seçilmiş həbs qətiimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Mərhumun qohumları hakimin çıxardığı bu ədalətsiz qərardan Şirvan Apelyassiya məhkəməsinə şikayət ediblər. 19 Fevral 2014-cü ildə Şirvan Apelyassiya məhkəməsi Ağcabədi rayon Məhkəməsinin hakimi Etibar Quliyevin çıxardığı qərarı ləğv edərək Quliyev Asif İdris oğlu barəsində seçilmiş əvvəlki həbs qətiimkan tədbirini qüvvədə saxlayıb. Ali məhkəməyə olunan şikayətlərdən sonra isə işin baxılması yeni hakim Xanlar Fərhadova həvalə edilib. Bununla da, Ağcabədi rayon Məhkəməsi hakiminin hüquqi pozma halına yol verdiyi əsas götürülüb.
Mənbəmizin verdiyi məlumata görə Rayon Ekspertiza və Anatomiya şöbəsində hadisə baş verən gün növbətçi həkim Bədəlov Elbrusun verdiyi rəydə Quliyev Asif İdris oğlunun içkili olmadığı, mərhumu vurduqdan sonra maşının qabağında 48 metr sürüdüyü qeyd olunub. Ölüm hadisəsini törədən Quliyev Asif İdris oğlu isə izahatında həmin gün içkili olmadığını, işdən gəldiyini, maşını saatda 50 km/sürətlə idarə etdiyini, mərhumu vurarkən yolun qaranlıq olduğunu və onu görmədiyini qeyd edib. Bir sözlə, hadisə KİV-dən də məqsədli şəkildə gizlədilib.
Hazırda isə rayonda şayələr gəzir ki, bu gün keçiriləcək məhkəmədə Quliyev Asif İdris oğlunun xeyrinə 5 ildən az iş veriləcək. 5 ildən az işin verilməsi üçün isə növbətçi ekspertiza həkiminin içkili olmadığı barədə verdiyi rəydə Quliyev Asifin birinci cinayət işi olduğu və himayəsində azyaşlı uşağın olduğu əsas götürüləcək. Bununla da, Quliyev Asif islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndəriləcək. Bu həm də onunla izah olunur ki, Quliyev Asifin kifayət qədər pulu var və o, dəbdəbəli həyat şəraitini heç vaxt türmə şəraitinə dəyişməz.
Son zamanlar respublikada maşınla insan vurulma faizinin artdığını, imkanlı şəxslərin, məmur övladlarının bahalı avtomobillərdə saatda 150-200 km/sürətlə yüzlərlə çırağı söndürdüklərini görürük. Tanınmış xanəndə Ağasəlimin ailəsi ilə birlikdə Xəzər Dəniz Gəmiçiliyinin rəis müavini Mübariz Mədətovun oğlu tərəfindən maşınla vurulduğu zaman ölkə prezidentinin işə qarışmasının şahidiyik. Elə bu səbəbdən bu gün keçiriləcək məhkəmədə hakim Xanlar Fərhadov 04 Yanvar 2014-cü il tarixində Məmmədov Rafiq Dadaş oğlunu maşınla vurub öldürən Quliyev Asif İdris oğluna sual verəcəkmi ki, saatda 50-55 km/sürətlə gedən maşın çəkisi 85-90 kq olan şəxsi vurduqdan sonra 48 metr sürüyə bilərmi? İşi aparan hakim Ağcabədi rayonu Heydər Əliyev parkına paralel yollarda səhərə kimi işıqların yandığını, amma Quliyev Asifin izahatında yolun qaranlıq olduğunu, mərhumu görmədiyini hansı səbəbdən yazdığını soruşacaqmı? Görəsən, hakim hadisə baş verən gün Asif Quliyevin işdən, yoxsa Yastı yol deyilən ərazidə Sədrəddin kişinin nəvəsinin kiçik toy məclisindən gəldiyini, bununla da içkili olma ehtimalının böyük olub, maşını saatda 120-130 km/sürətlə idarə etdiyini nəzərə alacaqmı? Növbətçi ekspert həkim Elbrus Bədəlovla Quliyev Asifin qohumluq əlaqələrinin olub-olmaması dərindən araşdırılacaqmı? Hadisəni törədən şəxsin içkili olub-olmadığına dair rəy verilərkən, hansı tibbi aparatdan istifadə olunduğu nəzərə alınıb araşdırılacaqmı? Ümumiyyətlə, Ağcabədi rayon Ekspertiza və Anatomiya şöbəsində şəxsin və ya şəxslərin içkili olub-olmadıqlarına dair məsələlərin həllində istifadə olunan müasir tipli cihaz varmı? Bu kimi önəmli xüsusatların üstündən sükutla keçiləcək, yoxsa cəmiyyət həyatı üçün önəmli olan pis tendensiyaların qarşısı alınacaq?
Məlum olan isə odur ki, birinci mərhələdə Quliyev Asif İdris oğlu məhkəmə hakimi tərəfindən himayə olunmuşdu, onun haqqında çıxarılmış həbs qətiimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdu. Bunu Şirvan Apelyassiya Məhkəməsinin çıxardığı qərardan da görmək oldu. Bu gün isə maşınla insan vurub öldürən şəxsin islah əmək müəssisəsinə, yoxsa islah əmək düşərgəsinə göndəriləcəyi məhkəmənin ədalətli keçib-keçmədiyindən bəlli olacaq.
***
Saat 12-i radələrində məhkəmə prosesi ilə bağlı yeni məlumat aldıq. Məlumata görə, məhkəmə prosesində şahidlərlə müttəhim arasında kəskin fikir ayrılığı olub. Buna baxmayaraq müttəhim Asif Quliyevin toyda olması faktı dəqiqləşib. Bu fakt isə onun alkollu olma ehtimalını sitimullaşdıran amildir. Zərərçəkən tərəf də məhz bu səbəbdən Asif Quliyevin alkollu olub-olmadığının lazımı səviyyədə dəqiqləşmədiyini israr edir.
Görünür elə hakim də bu və digər faktların ciddiliyini nəzərə alıb məhkəməni yekunlaşdırmayıb. Növbəti məhkəmə prosesi bu ayı 30-na təyin olunub
Adam öldürdüb, azadlıqda qaldı
Bu gün (06.05.2014) redaksiyamızın elektron ünvanına məhkəmənin hökmü daxil oldu.
Gözlənilən idi, sizdə tanış olun:
Quliyev Asif İdris oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.
Quliyev Asif İdris oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza müddətinin əvvəli 13 fevral 2014-cü il tarixdən hesablansın.
Bax belə, amma bu son deyil, məlumata görə zərərçəkmiş tərəf Apellyasiya şikayəti verməyə hazırlaşır.
Mövzu diqqətimizdədir