Bakıda törədilən cinayətin şok təfərrüatları
Bayrama görə Türkiyədən Bakıya dönən tələbəni atasının törətdiyi qətlə görə öldürdülər; polis cinayətkarı axtarır
"xeberinfo.com": Martın 24-də Sabunçu rayonu, Zabrat qəsəbəsində 2 nəfərə “Vinçester”dən atəş açılıb. Hadisə qəsəbənin Ruhulla Axundov küçəsi 55 ünvanında yerləşən 307 saylı məktəbin qarşısında eşidilib. Hadisə yerində olarkən öyrəndik ki, məktəbin qarşısında atəşə tutulanlar 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev və onun yaxın qohumu 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevdir. Onlara odlu silahdan atəş açan isə Kamil Fərəcov olub. Nəticədə Y.Musayev hadisə yerindəcə keçinib, P.Mehdiyev isə 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb. Onun vəziyyəti orta-ağırdır.
“Orta yaşlı adam idi, əlində silah vardı. Yaquba başından, sinəsindən atəş açdı. Yaqubun yanındakı, deyəsən, bibisi oğlu idi, ona da atəş açdı, o da qolunu tutub yerə yıxıldı. Sonra da yaxınlaşıb Yaquba bir dəfə də atdı. Deyəsən, 1 gülləsi də açılmadı”. Bu sözləri hadisə yerində olanlardan biri “Yeni Müsavat”ın əməkdaşına deyib. Bildirib ki, əlində silah olan şəxs qaçaraq hadisə yerindən uzaqlaşıb. Sonradan isə onu yaxınlıqdakı dəmiryol stansiyasının yanında “VAZ-21015" markalı maşına minən görüblər: ”Yaqub çox yaxşı oğlan idi. Zabratda onu hamı qanacağına, savadına görə tanıyırdı. Anası da elə 307 saylı məktəbdə dərs deyir. Özləri Ağdamdandırlar.
İllər əvvəl gəlib Zabratda məskunlaşıblar. Onu öldürən Kamillə Yaqubun atası Rabil tanış olublar. İl yarım, 2 il əvvəl Rabillə Kamilin arasında söz-söhbət olub. Kamil də qardaşı Rəfaellə Rabilgilin qapısında olan mağazalarına gələrək orada mübahisəni davam etdiriblər. Mübahisə zəminində Rabil Musayev əl-qol atan qardaşlara bıçaqla cavab verib. Həmin vaxt Rabil Rəfaelin boğazından bıçaqla vurub öldürmüşdü, Kamilə də bir neçə zərbə endirmişdi".
Hadisə yerində Sabunçu Rayon Prokurorluğunun müstəntiqləri işləyirdi. Onlar qanlı olay zamanı atılan gilizlərin olduğu yerlərin fotosunu çəkir, ölçmələr aparır, cinayətin necə baş verməsi səhnəsini müəyyən etməyə çalışırdılar. Yerdə olan qan gölməçəsinin yanında 5 boş giliz gözə dəyirdi. İstintaqçılar qətlin qisasçılıq zəminində törədilməsi versiyasını əsas götürərək üzərində iş aparırdılar. Onların əllərində K.Fərəcovun fotoları da vardı və olay şahidlərinə göstərib cinayəti həmin şəxsin törədib-törətmədiyini soruşurdular. Onların arasında yalnız bir nəfər cinayətin həmin fotoda göstərilən şəxs tərəfindən törədildiyini söylədi.
Şahidlərdən biri bildirib ki, təcili yardım karetası hadisə yerinə çatanda artıq Y.Musayev keçindiyindən onun meyitini xəstəxanaya aparmaqdan imtina ediblər: “Güllə Yaqubun sinəsinə dəymişdi. Onun döş cibindəki sənədləri qan içində, parça-parça idi”.
Həkimlər P.Mehdiyevi xəstəxanaya aparıblar. Y.Musayevin meyiti də sonradan hadisə yerindən Sabunçu Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb.
Belə məlumat da vardı ki, 2 il əvvəl R.Musayev R. Fərəcovu öldürüb, qardaşı K.Fərəcovu yaraladığına görə tutulsa da, qısa müddətdən sonra azad edilib. K.Fərəcov da bu məlumatı eşidib və onu öldürmək üçün bir neçə dəfə Zabrat qəsəbəsinə gəlib. Lakin öyrənib ki, R.Musayev həbsdədir. Onun Türkiyədə təhsil alan oğlu Yaqub Novruz bayramı ilə əlaqədar tətil günlərini evində keçirməyə gəlibmiş. K.Fərəcov Yaqubu güdərək onu qətlə yetirib. Hüquq-mühafizə orqanlarından Yaqub Musayevin bayramla əlaqədar evinə gəldiyini təsdiqləsələr də, onun atası Rabil Musayevin törətdiyi cinayətə görə hazırda həbsdə olduğunu bildiriblər.
Aldığımız məlumata görə, K.Fərəcovun fotosu bütün polis idarə və bölmələrinə göndərilib. Hazırda polis onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. K.Fərəcov Ağsu rayonundan olduğundan onun orada gizlənməsi ehtimal olunur.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.