2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq
Yenixeber.org: Türkiyə hökuməti Amerikanın "ExxonMobil" şirkəti ilə ildə 2,5 milyon ton mayü qaz - LNG tədarükü üzrə danışıqlar aparır. Bu barədə İngiltərənin “Financial Times” (FT) qəzetinə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
Onun sözlərinə görə, Ankaranın Moskva ilə qaz alqı-satqısına dair uzunmüddətli müqaviləsi 2025-ci ildə, Tehranla müqaviləsi isə 2026-cı ildə başa çatır. Bu müddətdə Türkiyə qaz tədarükünü diversifikasiya etməyə və təchizatçıların “yeni portfeli”ni yaratmağa çalışır.
A.Bayraktar bildirib ki, "ExxonMobil"lə müqavilə 10 il müddətinə bağlana bilər: “Enerji təhlükəsizliyini təmin etmək üçün biz haradansa qaz almalıyıq, bu, Rusiya və ya Azərbaycan, İran və ya LNG tədarükü ola bilər. Biz rəqabət üstünlüklərindən çıxış etməliyik. Kimin qazı daha ucuzdur?”
"Argus" analitik agentliyinin məlumatına görə, hazırkı qiymət səviyyəsində Türkiyənin "ExxonMobil"lə müqaviləsinin məbləği ildə təxminən 1,1 milyard dollar ola bilər. "Financial Times"ın hesablamalarına görə, nazirin göstərdiyi həcmlər ölkənin illik qaz istehlakının təxminən 7 faizini təmin etməyə kömək edəcək. Nəşr qeyd edir ki, hazırda Türkiyədə istehlak edilən qazın 40 faizini Rusiyadan gələn boru kəmərləri təmin edir.
"Financial Times" yazır ki, ABŞ şirkəti ilə danışıqlar Türkiyənin İsveçin NATO-ya müraciətini bəyənməsindən və Vaşinqtonun Ankaraya "F-16" qırıcıları satmağa razılıq verməsindən sonra mümkün olub. Bundan əlavə, Türkiyə özünü regional enerji mərkəzi kimi inkişaf etdirmək istəyir.
Keçən il Türkiyə enerji daşımalarının dərhal çatdırılması üçün alınıb satıldığı spot bazarda ABŞ-dan cəmi 5 milyon ton LNG idxal edib. Türkiyənin LNG tədarükü ilə bağlı digər ABŞ şirkətlərinə də müraciət etdiyi bildirilir.
A.Bayraktar Rusiya ilə “rəqabətə əsaslanan” enerji sövdələşmələrinin Türkiyəyə müharibə başlayandan sonra böyük Avropa ölkələrini bürüyən enerji böhranından qaçmaqda kömək etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən il Türkiyə Oman şirkəti ilə illik 1,4 milyard kubmetr - 1 milyon ton həcmində maye qaz tədarükünə dair müqavilə imzalayıb. On il müddəti olan müqavilənin icrasına 2025-ci ildə başlanacaq. Ötən il həmçinin Türkiyə Əlcəzairdən LNG alqı-satqısına dair müqavilənin müddətini daha 3 il müddətinə uzadıb. SONATRACH və BOTAŞ (Türkiyə) arasında Əlcəzairdən LNG alqı-satqısı müqaviləsi imzalanıb.
Türkiyənin rəsmi statistikasına əsasən 2023-cü ildə Türkiyədə təbii qaz istehlakı 5,50 faiz azalaraq 50 milyard kubmetr, qaz idxalı isə 7,64 faiz azalaraq 51 milyard 477 milyon kubmetr təşkil edib. BOTAŞ şirkəti idxalın və istehlakın azalmasını havaların isti keçməsi ilə izah edib. 2022-ci ildə qaz idxalının həcmi 56 milyard 11 milyon kubmetr, ümumi istehlak həcmi isə 53 milyard 521 milyon kubmetr olmnuşdu. Təbii qaz idxalının 28,27 faizi LNG formasında, 71,73 faizi isə boru xətti ilə həyata keçirilib.
İdxalda birinci yeri 35 faizlə Rusiya, ikinci yeri 19,41 faizlə ABŞ, üçüncü yeri isə təxminən 16 faiz payla Azərbaycan tutur. Digər qaz idxal edən ölkələr isə müvafiq olaraq İran, Əlcəzair, Fransa, Misir və Braziliya olub.
Bundan əlavə, ölkənin özündə təbii qaz hasilatı əvvəlki ilə nisbətən 112,55 faiz artaraq 807 milyon kubmetrə çatıb.
Bu il 53 milyard kubmetr istehlak proqnozlaşdırılıb.
Maraqlıdır ki, Türkiyənin qaz alışı mənbələrini diversifikasiya etmək istiqamətindəki addımları Rusiyada diqqətlə izlənilir, hətta müəyyən qısqanclıqla qarşılanır. Burada Avropanın Rusiyanın həm boru, həm də maye qazından imtinaya hazırlaşması amili mühüm rol oynayır. Belə ki, cari ilin sonunda Rusiyadan Avropaya Ukrayna üzərindən illik 14-15 milyard kubmetrə yaxın qaz nəqli dayanacaq: rəsmi Kiyev bu barədə Avropadakı tərəfdaşlarını məlumatlandırıb. Avropa Komissiyası Ukrayna üzərindən qaz alan Avstriya və İtaliyanın digər mənbələrdən təminatı üçün bir sıra addımlar atıb. Bura ilk növbədə maye qazın alınaraq qonşu ölkələrin infrastrukturu ilə xüsusilə Avstriyaya nəqli daxildir. Avropa Komissiyası mart ayında artıq bu sahədə böyük nailiyyət əldə olunduğunu və 2025-ci ilin yanvarında Rusiyadan qaz nəqli dayandıqda, heç bir ölkənin enerji böhranı yaşamayacağını açıqlayıb. Üstəlik, Avropa İttifaqı üzv ölkələrə tədricən Rusiyanın maye qazından da imtina olunmasını tövsiyə edib. Yaxın aylarda açıqlanması gözlənilən Rusiyaya qarşı 14-cü sanksiya paketində tövsiyənin məcburi göstəriş halında əksini tapacağı gözlənilir.
Belə bir vəziyyətdə Türkiyənin də Rusiya qazının alışını azaltmasını Moskva qıcıqla qarşılayır. Bundan əlavə, Türkiyənin qaz alışı imkanlarını genişləndirməsi Ankaranın qaz habının yaradılması prosesində də Rusiyadan asılılığını azaltmış olur. Belə ki, hazırda Türkiyə öz qaz təminatı mənbələrini diversifikasiya etməklə yanaşı, regional enerji mərkəzinin yaradılması ilə də məşğuldur. 2022-ci ildə Rusiya prezidenti Vladimir Putinin Avropaya qazı dolayı satmaq üçün təklif etdiyi mərkəz layihəsini Türkiyə həvəslə qəbul və inkişaf etdirdi. Putin Türkiyə ərazisində öz nəzarətində olan mərkəz yaradıb, qazı oradan Avropaya satmağı hədəfləsə də, rəsmi Ankara layihəni tamamən fərqli gördüyünü açıq bəyan etdi. Türkiyə öz ərazisində yaradılacaq mərkəzə nəzarətin Moskvada olmasını qəbul etmədi və nəticədə prosesdə Rusiyanın rolu minimuma düşdü.
Türkiyə regional qaz habının formalaşdırılması baxımından bir sıra mühüm üstünlüklərə malikdir: ölkənin yüksək inkişaf etmiş və iri tutumlu yeraltı qaz anbarları, iki maye qaz terminalı, üstəlik, əsas qaz mənbələrindən qazın nəqli üçün hazır infrastruktur - boru xətləri var.
Rusiyalı ekspertlərin hesablamalarına əsasən, 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr - cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Əgər Türkiyə və Avropa ölkələrindən tələbat artarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər.
Türkiyənin həmçinin Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var.
Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə ildə 25 milyard kubmetr qaz daxil ola bilər. Beləliklə, hazırda Türkiyənin 3 ölkədən qaz cəlb etmək potensialı illik 82,5 milyard kubmetrdir.
Türkiyədən Avropaya qaz ötürən iki xətt var: “Türk axını”nın Balkana uzanan hissəsi ilə ildə 15,6 milyard kubmetr (2022-ci ildə 11,6 milyard kubmetr ötürülüb-red.), Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP-la isə ildə 12 milyard kubmetr qaz ötürmək imkanı var. Bundan əlavə, əvvəllər Rusiya qazını Balkanlardan Türkiyəyə çatdıran Transbalkan qaz kəməri var ki, onun geriyə rejimlə işə salınması ildə 8-10 milyard kubmetr qazın Avropaya ötürülməsinə imkan verəcək.
Türkiyə qaz ticarəti mərkəzini ən azı bu ilin payızında işə salmağı hədəfləyir. Buna görə də ölkəyə mümkün qədər çox həcmdə və fərqli mənbələrdən qaz daxil olmasını təmin etməyə çalışır. Artıq Türkiyə üzərindən - Türkiyədən qaz alacaq bir neçə ölkə ilə müqavilələr də imzalanıb. Ötən il avqustun 20-də BOTAŞ Macarıstanın MVM CEENergy dövlət şirkəti ilə təbii qaz ixracı müqaviləsi imzalayıb. Sözügedən müqavilə Türkiyə üçün sərhədi olmayan bir Avropa ölkəsinə boru kəmərləri ilə təbii qaz ixrac etmək üçün bir ilkdir. Macarıstandan sonra 27 sentyabrda Rumıniya, 28 sentyabrda Moldova ilə təbii qaz ixracı müqaviləsi imzalanıb.
Ankara eyni zamanda Rusiyanın Türkiyədə inşa etdiyi Akkuyu AES-də ilk enerji blokunun bu il ərzində işə salınmasına çalışır. Alparslan Bayraktar deyib ki, stansiyanın birinci reaktorunda işlər bitir: “Birinci reaktorda işlərin demək olar ki, 95 faizi tamamlanıb, ümid edirəm ki, bu il ərzində nüvə enerjisi əsasında elektrik enerjisi istehsalına başlayacağıq”.
Bayraktar daha əvvəl bildirmişdi ki, Akkuyu AES-in ilk enerji blokunun istismara verilməsi 2025-ci ilə planlaşdırılıb, lakin Türkiyə son müddəti irəli çəkməyə və bu il işə salmağa çalışır. Mümkün tarixlər arasında milli bayramın - Türkiyənin Cümhuriyyət Gününün qeyd olunduğu 29 oktyabr tarixi də var.
Dörd blokdan ibarət Akkuyu AES-də hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in birinci enerji blokunun istismara verilməsi bütün icazələr alındıqdan sonra yeddi il ərzində baş tutmalıdır. 2018-ci ildə ilk enerji blokunun tikintisi üçün lisenziyanın alınmasını nəzərə alsaq, bu müddət 2025-ci ilə təsadüf edir. Lakin Türkiyə bu tarixi irəli çəkir. Məqsəd enerji istehsalına sərf olunacaq qaz həcmlərindən mümkün qədər çox hissəni sərbəstləşdirməkdir.(musavat)
Dünya SAKİT