Yenixeber.org: Bir neçə həftədir, dünya birjalarında neftin qiyməti ucuzlaşır. Bu gün “Brent” markalı neftin ən ucuz partiyası 83.45 dollara satılıb. Maraqlıdır, dünyada ucuzlaşma tendensiyasının Azərbaycana xaricdən gətirilən Aİ-95 markalı benzinin qiymətlərinə necə təsir edəcək, qiymətlərin aşağı düşməsi realdırmı? 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırladır ki, bu il 13 iyul tarixdə qiyməti dövlət tərəfindən tənzimlənməyən Aİ-95 markalı benzinin 1 litrinin qiyməti bazar iştirakçılarının kartel sövdələşməsi ilə Azərbaycanda 2 manat təyin edilib. Ekspert təəssüflə bildirir ki, bu qanunsuz sövdələşməyə həm hökumət, həm də istehlakçılar seyrçi mövqe tutdular: 

“Yəni hökumət bunun bazarda inhisar halı olmasını heç araşdırmadı. İstehlakçılar da etiraz etmədilər: yəni olan budu, alırsan al, almırsan, maşınına milli istehsal olan 92 vur. Xeyli istehlakçı elə sonuncu yolu tutub, çünki Aİ-95-in satışları ötən illə, əsasən də 2020-ci illə müqayisədə xeyli azalıb. O zaman KİV-lər nə yazırdı? Bəs dünya bazarında neftin qiyməti 100-ü aşıb, ona görə də idxal benzininin qiymətindəki artım da obyektivdir. İndi də KİV-lər diqqəti ona çəkir ki, bəs dünya bazarında neftin qiyməti 85 dollardan aşağı düşüb, bu, özünü Ai-95 və Ai-98-in qiymətlərində göstərəcəkmi? Məntiqlə, göstərməlidir. Çünki hələ sentyabrın 7-də “Brent” markalı neftin qiyməti ilk dəfə olaraq 86 dollardan aşağı qiymətə ticarət edilməyə başlamışdı. Düzdür, sonrakı günlərdə 93-94-ə qədər yüksəlsə də, amma sentyabrın 22-dən 90 dollardan aşağı qiymət diapazonunda ticarət edilir”. 

İ.Şaban qeyd edir ki, Azərbaycanda yanacaq bazarında, o cümlədən idxalda real rəqabət mühiti olsaydı, təbii ki, hər Yanacaq Doldurma Məntəqəsində (YDM) alıcılar müxtəlif qiymətlər görə bilərdilər və bu, daim üzü yuxarı gedən qiymətlər olmayacaqdı: 

“Mən illərdir təkrar edirəm: nədən sayı 900-ü adlamış YDM-lərdən birinin ağlına gəlməyib ki, dövlət tərəfindən tənzimlənməyən kateqoriya yanacağı öz qonşusundan 1 qəpik ucuzuna satsın, və ya baha! Rəqabət nədir – taksi xidmətlərində görürük. Bəs yanacaqda niyə olmasın? Rəqabət bir yana, heç hökumət açıqlamır ki, bazarda 1 manata satılan benzindən gələn gəlir necə bölüşdürülür: istehsalçıya nə qədər çatır, daşıyana və satana və hər litr yanacaqdan dövlətin büdcəsinə nə gəlir? 

Axı dövlət tərəfindən tənzimlənən bazarda belə şeylər kommersiya sirri ola bilməz! Xaricdə dövlətin tənzimləmədiyi bazarda belə bu məlumatlar açıqdır. Özü də qonşularımız Türkiyə və Rusiyada. 

Daha bir maraqlı məqam açıqlayım – Azərbaycana 2022-ci ilin I yarısında ölkəyə idxal edilən 1 ton Aİ-95 markalı benzinin qiyməti 978,17 dollardan rəsmiləşdirilib. Amma Aİ-92 markalı benzinin 1 tonu daha baha idxal edilib – 1149,84 dollara. Təəccüblənməyin. Bu ilin ilk yarısında Azərbaycan bilirsiniz nə qədər aşağı oktanlı benzin idxal edib? Rəsmi statistikaya görə, 150,8 min ton və bunun üçün 173,4 mln. dollar vəsait xərclənib. 

Elə bilməyin ki, Ai-92 markalı benzinin idxalı Heydər Əliyev adına Neft Ayırma Zavodunda (NEZ) aprelin 4-dən mayın 25-dək davam edən təmirlərlə əlaqəlidir. Bəli, əlaqəsi var, amma tam yox. Çünki cari ilin ilk rübündə, təmirdən əvvəl Azərbaycan 50 min tondan çox Aİ-92 markalı benzin idxal etmişdi, II rübdə isə bu həcmlər 100 min tona çatıb. Elə iyulda da idxal olub. Bilirsiniz nə qədər? Gündə 1,5 milyon litr! 

Əgər Aİ-92 markalı benzini ölkəyə gətirmək belə baha başa gəlirsə, onda nədən Aİ-95-in qiymətini aşağı salıb onun satış həcmlərini artırmağı düşünmür bizim dövlət tərəfindən tənzimlənməyən bazarımızı tənzimləyən oyunçular? Suallar çoxdur, amma bu sualları onlar gərək cavablandıra”, -deyə İlham Şaban vurğulayıb.(pressklub)