Bir müddət əvvəl Milli Məclis “Turizm haqqında” qanunu müzakirə etdi. Məlum oldu ki, bəs Azərbaycanda turizmin inkişafının qarşısını alan səbəblərdən biri də “AZAL”-ın qiymətlərinin baha olması imiş.
Yenixeber.org: Deputat Aqil Abbas qiymət məsələsəinə toxunaraq qeyd etdi ki, İrəvandan İstanbula reys açılır və biletin qiyməti bizim pulla cəmi 80 manat olacaq. O, hətta istehza ilə bildirib ki, Zəngəzur dəhlizinin açılmasını gözləyir ki, maşınla İrəvana, oradan da İstanbula getsin. Deputatlar “Azal”-ln qiymət siyasətini müzakirə etsələr də özləri dedikləri kimi dedikləri yenə də havada qaldı. “AZAL”-ın qiymət siyasəti uzun illərdir ki, dəyişmir. Əgər buna siyasət demək mümkündürsə.
Öncə qeyd edək ki, ölkədən uçuşların 97 faizi “AZAL” vasitəsilə həayata keçirilir. Qiymətlər baha olmasına baxmayaraq, ziyanla işləyir və dövlətdən dotasiyalar alır. Baxmayaraq ki, “AZAL” dövlət şirkətidir, qurumun xərcləri və gəlirləri şəffaf şəkildə açıqlanmır. “AZAL” rəhbərliyi dəfələrlə qurumun ziyana işlədiyini desə də, bu barədə mətbuata tutarlı və şəffaf açıqlamaları da olmayıb. Burada “gəlir hara gedir” sualını vermək yerinə düşür.
“AZAL”-ın yarıtmaz fəaliyyəti ölkə başçısının da gözündən qaçmayıb. O çıxışlarının birində qeyd edib ki: ““Azərbaycan Hava Yolları”nın (AZAL) bütün təyyarələrini dövlət alıb. Bütün aeroportları dövlət tikib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”
Ancaq görünən odur ki, bütün narazılıqlara, etirazlara baxmayaraq, “AZAL”-ın qiymət siyasətini dəyişməyə niyyəti yoxdur. Bu siyasətin dəyişməsi üçün mütəxəssislərə görə, qurum qismən özəlləşdirilməli və rəhbərlik dəyişdirilməlidir. Bu isə, hələ ki, mümkün kimi görünmür. “AZAL” rəhbəri dəfələrlə tənqid edilsə də, qurumun zərərlə işlədiyi bildirilsə də, alınan dotasiyaların hara və necə xərcləndiyi açıq şəkildə bildirilməsə də, görünən odur ki, Cahangir Əsgərovu görünməz bir əl qoruyur.
Səmərəsiz fəaliyyət, yarıtmaz qiymət siyasəti, puldan doymayan gözlər bu gün hamının narazılığına səbəb olsa da, qiymətlərin baha olması dəfələrlə müzakirə edilsə də, “AZAL” susmağa üstünlük verir. Belə getsə, həqiqətən Zəngəzur dəhlizi açılandan sonra hamı avtomobillə Ermənistana ordan da İstanbula gələcək ki, ucuz başa gəlsin. Heç onu gözləməyə də ehtiyac yoxdur, quru sərhədləri açılsa, artıq vətəndaşlar sərbəst şəkildə Gürcüstana ordan isə, Türkiyəyə gələ biləcəklər. “AZAL”-ın qiymətlərinin baha olmasını pandemiya ilə əlaqələndirlənlər olsa,da hamıya məlumdur ki, bu şirkətin təklif etdiyi qiymətlər hər zaman baha olub. Bu gün şirkətin saytına girib baxdığınız zaman İstanbula biletin qiyməti 296,02 manatla - 825,70 manat arasında dəyişir. Bu isə, sözügedən Ermənistan-İstanbul reysindən dəfələrlə bahadır. Hər zaman iki dövlət, bir millət deyirik. Hətta Azərbaycandan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək belə mümkündür.
Yəni, qardaşımız onu ziyarət etmək üçün bizə hər bir şərait yaradır. Amma biz nə edirik? “AZAL” bizim qardaşımızı ziyarət etməyimizə mane olur. Görünən odur ki, bu şirkət illərdir qoruduğumuz “İki dövlət, Bir millət” birliyimizlə razılaşmır, ya da bu siyasətə maneə yaratmağa çalışır.
Ümid edirik ki, yaxın zamanda “AZAL”-ın "ağalıq" siyasətinə “dur” deyiləcək...(Bizimyol.info)
İlahin