GENERALIN YERİNƏ TARİX MÜƏLLİMİ –Ermənistanın yeni Müdafiə naziri kimdir?
Xəbər verildiyi kimi, cəmi 3 ay öncə Ermənistanın müdafiə naziri təyin edilən Arşak Karapetyan vəzifəsindən uzaqlaşdırılaraq, yerinə buna qədər Baş nazirin müavini postunu tutan Suren Papikyan təyin olunub.
Yenixeber.org: Maraqlıdır ki, Karapetyan nazir təyin olunarkən, heç kim onun tezliklə istefaya göndəriləcəyini ağlına gətirməzdi. Çünki general-mayor A.Karapetyanın yeni hökumətin və Nikol Paşinyanın qarşısında müəyyən “xidmətləri” olub. Belə ki, o, 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra 2008-ci il hadisələrilə bağlı sabiq prezident Robert Koçaryana qarşı ifadə verib və Koçaryanın həbsində bu ifadələrin əhəmiyyətli rolu olub. Bundan sonra Karapetyan Paşinyanın müşaviri, Baş Qərargah rəisinin müavini, Müdafiə nazirinin müavini kimi postlar tutub və nəhayət, 2021-ci ilin avqustunda nazir vəzifəsinə təyin olunub.
Karapetyanın belə tezliklə vəzifəsindən kənarlaşdırıldığı barədə məlumat yayılan kimi, bunun sərhəddəki durumla bağlı olduğuna dair qənaət yarandı. Sonradan Baş nazir Nikol Paşinyan da bunu təsdiqlədi. Göründüyü kimi, bu qərarda erməni ordusunun son aylarda dəfələrlə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qarşısında aciz, rəzil duruma düşməsi faktı mühüm rol oynayıb. Belə ki, xüsusilə Azərbaycan-Ermənistan sərhədində dəfələrlə erməni hərbçilərinin bizim əsgərlər tərəfindən fiziki və mənəvi baxımdan cəzalandırdığına dair çoxsaylı videolar yayılıb. Son olaraq bir neçə gün əvvəl 60-dək erməni hərbçisi Karapetyanın əmrilə yenicə yerləşdikləri mövqelərdə bizim hərbçilər tərəfindən mühasirəyə alındı və yalnız rus sülhməramlılarının müraciətindən sonra sərbəst buraxıldılar. Ötən gün isə sərhədin Laçın istiqamətində oxşar mənzərə yaşandı və xeyli sayda erməni hərbçisi yerləşdikləri səngərlərdən çıxarılaraq, ərazidən qovuldular. Bütün bunlar Ermənistan tərəfinin sərhəddə törətmək istədiyi təxribat cəhdlərinin qarşısının Ordumuz tərəfindən dərhal alındığını göstərdi və təbii ki, bir yandan da Karapetyanın bacarıqsızlığının sübutu anlamını daşıdı.
Erməni mətbuatının yazdığına görə, artıq bir neçə günmüş ki, hakimiyyətdə onun istefaya göndərilməsi məsələsi müzakirə olunurmuş. Bu barədə hətta Paşinyanın arvadının “Aykakan jamanak” qəzeti də öncədən məlumat yaymışdı.
Onu da xatırladaq ki, Karapetyan az əvvəl qanunsuz olaraq, Qarabağın sülhməramlıların olduğu ərazisinə səfər etmişdi. Bu gün onun vəzifədən qovulmasından sonra isə sözügedən səfərin Paşinyanla razılaşdırılıb-razılaşdırılmadığı barədə qəti fikir söyləmək çətinləşir...
Beləliklə, Karapetyanla bağlı demək olar ki, hər şey məlumdur. Bəs, onun yerinə təyin olunan yeni nazir kimdir və onun orduya nə aidiyyatı var? Suren Papikyanın Nikol Paşinyan üçün əhəmiyyətli kadr olduğu bildirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin avqustunda Baş nazir məzuniyyət götürəndə onun vəzifələri məhz Suren Papikyana tapşırıldı.
35 yaşı olan Papikyanın tərcümeyi-halı o qədər də zəngin deyil. 1986-cı ildə Stepanavanda anadan olan Papikyan İrəvan Dövlət Universitetinin Tarix Fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Universitetinin aspiranturasını oxuyan bu şəxs 2018-ci ildə Paşinyan hökumətində Ərazi idarəetmə və inkişaf naziri postunu tutub. 2021-ci ilin avqustunda, demək olar ki, Karapetyanın Müdafiə naziri təyin olunması ilə eyni gündə Paşinyan onu Baş nazirin müavini postuna təyin edib.
Qeyd edək ki, Papikyan 2018-ci ildə nazir vəzifəsinə birbaşa tarix müəllimliyindən gətirilib. Belə ki, həmin vaxta qədər o, İrəvan məktəblərinin birində tarix müəllimi işləyib. Hazırda isə o, tutduğu vəzifə ilə yanaşı, həm də Paşinyanın partiyasının idarə heyətinin sədridir.
Maraqlıdır ki, yeni Müdafiə nazirinin hərbi qulluğu ilə bağlı ziddiyyətli məlumatlar var. Rəsmi mənbələrdə yalnız göstərilir ki, o, 2003-2010-cu illərdə universitetin tarix fakültəsində təhsil alıb və həmin illərdə qanunda nəzərdə tutulan müddətdə Ermənistan ordusunda hərbi xidmətdə olub. “Hraparak” qəzeti isə yazır ki, Papikyan 2006-cı ilin martında orduda xidmətdə olarkən komandirinin əmrinə tabe olmayaraq, ona ciddi xəsarətlər yetirdiyinə görə məhkəmə hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Lakin təxminən bir il həbsdə yatandan sonra amnistiyaya düşərək, azadlığa buraxılıb. Bu, o deməkdir ki, yeni Müdafiə nazirinin özü heç düz-əməlli hərbi xidmət də keçməyib. Buna baxmayaraq, nə işdirsə, bu fakt da Paşinyanın hərbi nazir postuna hansısa hərbçini, generalı yox, məhz Papikyanı təyin etməsinə mane olmayıb.
Digər maraqlı məqam odur ki, uzun illərdən sonra ilk dəfədir ki, Ermənistanda Müdafiə naziri vəzifəsinə mülki şəxs təyin olunur. Papikyanın ümumiyyətlə, orduyla bağlı hər hansı fəaliyyətlərinə dair məlumata rast gəlinmir. Odur ki, bu təyinatı Paşinyan hökumətinin özünü növbəti dəfə Qərbpərəst sifətində təqdim etmək cəhdi kimi də qiymətləndirmək olar. Həmçinin, ehtimal etmək olar ki, bundan sonra praktiki cəhətdən ordu idarəçiliyində əsas funksiyalar daha çox Baş Qərargahın üzərinə qoyulacaq. Hər necə olsa, Paşinyan bu təyinatla yenə də kadr təyinatında Moskva ilə hesablaşmaq fikrində olmadığını göstərir. Çünki Papikyan heç də Rusiyaya, xüsusilə də rus ordusuna yaxın şəxs sayılmır.
Azərbaycana münasibətinə gəldikdə isə, Papikyanın mövqeyi Paşinyanın mövqeyindən nə müsbət, nə də mənfi mənada heç nə ilə seçilmir. Və əlbəttə ki, Azərbaycan üçün Ermənistanın Müdafiə nazirinin kim olmasının heç bir ciddi əhəmiyyəti yoxdur. Papikyanın özü üçün isə yaxşı olar ki, sələflərinin Azərbaycana münasibətdə yol verdikləri səhvləri təkrarlayaraq, hazırda həbsdə olan David Tonoyan kimi, başından böyük bəyanatlar, açıqlamalar verməsin...