Baydenin "genosid şantajı" ABŞ-ın rəqiblərini gücləndirə bilər: Ağ Ev Türkiyəni həmişəlik itirmək təhlükəsi ilə üzləşib
Rəsmi Ankara ABŞ prezidenti Co Baydenin "soyqırım" kəlməsini tələffüz edəcəyindən o qədər də narahat deyil; Türkiyə ABŞ və NATO-dan kənar müttəfiqlik formatları üzərində seçim edə bilər...
Yenixeber.org: Ermənistanda hər kəs indi gözünü ABŞ prezidenti Co Baydenin ağzına dikib. Səbirsizliklə gözləyirlər. Onilliklər boyu həsrətində olduqları bir kəlmənin - "genosid" sözünün Ağ Ev sahibinin dilindən qopacağı anı gözləyirlər.
Bu il əvvəlki illərə münasibətdə daha çox ümidlidirlər. Hətta bir çox erməni politoloqu "ya indi, ya heç vaxt..." havasına girib. Üstəlik, ABŞ-ın bəzi nüfuzlu mətbuat orqanları da erməni ümidlərini gücləndirirlər. Məsələn, Amerikanın nüfuzlu “The New York Times” qəzeti və “CNN” telekanalı ABŞ prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqrımı” ifadəsini işlədəcəyini iddia edir. Və bu, baş verərsə, kifayət qədər çox şeyin dəyişəcəyi qətiyyən şübhə doğurmur.
Ancaq dəyişən çox şeydən ermənilərin payına nəsə bir fayda düşə biləcəyi ehtimalı isə o qədər də inandırıcı deyil. Çünki bu "genosid" mövzusunun ermənilər üçün gündəmə gətirildiyi dövr artıq çoxdan arxada qalıb. Yəni son bir neçə onillikdir ki, bu mövzu ABŞ-ın Türkiyəyə təzyiq mexanizmidir. Bu baxımdan, ermənilər bu məsələdə demək olar ki, əhəmiyyətsiz iştirakçı statusuna sıxışdırılıblar.
Ötən əsrin sonlarına qədər rəsmi Ankara hər il aprelin 24-də müəyyən narahatlıq keçirərdi. ABŞ prezidentləri isə həmişə olduğu kimi, ermənilərin həsrətlə gözlədiyi kəlməni tələffüz etməzdilər. Və bunu Türkiyəyə qarşı minnət mövzusuna çevirməyə çalışardılar.
Bu ilə qədər "genosid" avantürası belə bir ssenari ilə davam edə bilirdi. Ancaq məhz bu il bu məsələ ilə bağlı vəziyyət ciddi şəkildə dəyişib. Belə ki, ABŞ prezidenti Co Baydenin həmin kəlməni tələffüz etmə ehtimalı ciddi hesab olunur. Çünki Bayden administrasiyası reallıqdan qopmuş bir xarici siyasət kursu yetirməklə diqqəti çəkir. Və bu, ilk növbədə ABŞ-ın milli maraqlarına zərbə vura bilər.
Məsələ ondadır ki, son illərdə rəsmi Ankara artıq bu "genosid şantajı"na elə də ciddi əhəmiyyət vermir. Cəmisi bir dəfə bu barədə bütün dünyaya "əgər, həqiqət axtarılırsa, siyasətçilər deyil, tarixçilər araşdırsın" bəyanatı verildi. Ardınca Türkiyənin bütün arxivlərinin bu qondarma iddiaları araşdırmaq istəyən tarixçilərin üzünə açıldığı vurğulandı. Bununla da, Türkiyə üçün bu mövzu böyük ölçüdə öz aktuallığını itirmiş oldu.
Ona görə də, hazırda rəsmi Ankara aprelin 24-də ABŞ prezidenti Co Baydenin nə deyəcəyindən qətiyyən narahat deyil. Hətta Ağ Ev sahibinin ağzından "genosid" kəlməsi çıxsa belə, heç nə dəyişməyəcək. Çünki dünya tarixi prezident Co Baydenin istəyinə və dediyinə uyğun yazılmır. Onun siyasi maraqları tarixi ifadə edə bilməz.
Maraqlıdır ki, rəsmi Ankara məhz bu mövqedən çıxış edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mövzuya münasibətində də təmkinli yanaşma ön plana çıxır: “Qondarma “erməni soyqırımı” yalanına və siyasi hesablarla bu böhtana arxa çıxanlara qarşı həqiqətləri müdafiə edəcəyik”.
Beləliklə, rəsmi Ankara artıq indidən Türkiyəyə qarşı sabah edilə biləcək təzyiq cəhdlərini bloklamış oldu. Türkiyə prezidenti öz açıqlaması ilə ölkəsinin siyasi şantaja boyun əymək niyyətində olmadığını biruzə verdi. Və bu, Ağ Ev üçün kifayət qədər ciddi mesajdır.
Təbii ki, prezident Co Baydenin nə qədər praqmatik siyasətçi olduğu Türkiyənin mesajına verəcəyi cavabla aydınlaşmağa başlayacaq. Əgər, Ağ Ev sahibi özündən əvvəlki ABŞ prezidentlərindən fərqlənməyə cəhd göstərməzsə, bu Türkiyə ilə bərabərhüquqlu strateji müttəfiqlik münasibətlərini möhkəmləndirə bilər. Türkiyənin beynəlxalq məkanda sahib olduğu resurslar ABŞ-ın da xeyrinə işləyər. Və ermənilər ucbatından Türkiyənin narazı salınması ABŞ-ın maraqlarına qətiyyən uyğun olmaya bilər.
Məsələ ondadır ki, prezident Co Bayden "genosid" kəlməsini tələffüz etdiyi andan etibarən ABŞ-Türkiyə müttəfiqliyi formal xarakter daşıyacaq. Çünki rəsmi Ankara bunu ABŞ-a heç bir halda, bağışlamayacaq. Və Türkiyənin xarici siyasət kursu məhz Ağ Ev sahibinin yol verə biləcəyi həmin səhvə adekvat xarakter almağa başlayacaq.
Onu da qeyd edək ki, rəsmi Ankara ehtiyac yarandıqda ABŞ-a "dərs verməyi" bacardığını artıq dəfələrlə sübut edib. Vaxtilə Türkiyəyə "Patriot" raketləri satmadılar, rəsmi Ankara Rusiyadan "S-400" raketləri almaqla, cavab verdi. Türkiyənin NATO çərçivəsində sıxışdırılmasına cəhd göstərildi, rəsmi Ankara ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları əhəmiyyətdən saldı.
Nəhayət, Türkiyəyə F-32 savaş təyyarələrinin satışından imtina etdilər, qarşılarında yeni və güclü hərbi-siyasi iradə mərkəzi gördülər. Belə ki, Türkiyə bu müddətdə öz hərbi sənaye kompleksini inkişaf etdirdi. Yeni nəsil PUA-lar yaradıldı, pilotsuz döyüş təyyarələri layihələşdirildi. İndi Türkiyə artıq özü döyüş təyyarələri, helikopterlər istehsal edən, yeni nəsil raket sistemləri yaradan ölkədir.
Bütün bunları nəzərə aldıqda, Türkiyə ABŞ-dan hərbi təchizat asılılığını artıq çoxdan aşıb. Nəticədə Türkiyə hazırda dünyanın ən güclü dövlətləri sırasında öz yerini möhkəmləndirib. Və bu baxımdan, prezident Co Baydenin "genosid şantajı" ABŞ-ı Türkiyə kimi güclü bir dövlətin müttəfiqlliyindən məhrum buraxa bilər.
Məsələ ondadır ki, Ağ Ev sahibi aprelin 24-də rəsmi Ankaranı narazı salsa, Türkiyə ABŞ-dan, hətta sonrakı mərhələdə NATO-dan belə, tamamilə üz çevirə bilər. Rəsmi Ankara bunu qətiyyən gizlətmir, hətta eyhamlar belə, vurur. Yəni bu, ABŞ-ın Türkiyəni tamamilə itirməsi anlamına gələ bilər.
Onu da qeyd edək ki, Türkiyənin ABŞ-dan narazı qalması rəsmi Ankaranın Rusiya və Çinlə daha da yaxınlaşmasına yol açar. Bu halda, ABŞ-ın əsas beynəlxalq rəqibləri olduqca güclənmək şansı qazanarlar. Və bu, növbəti mərhələdə ABŞ-ın öz beynəlxalq rəqiblərinə mübarizədə təsir gücünün zəifləməsinə səbəb olar.
Ona görə də, Türkiyənin itirilməsi ABŞ-ın beynəlxalq maraqlarına təhlükə yarada bilər. Bu, o deməkdir ki, Ağ Ev sahibi hazırda ciddi seçim qarşısında qalıb. Ya şəxsi eqosu ucbatından ABŞ-ı Türkiyə ilə strateji müttəfiqlikdən məhrum edəcək. Ya da erməni uydurmalarının girovluğundan xilas olub, reallığa tərəf çevriləcək. ABŞ prezidenti Co Baydenin bu iki variantdan hansını seçəcəyini dəqiqləşdirmək üçün o qədər də çox gözləmək lazım gəlməyəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert