Yenixeber.org: “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) rəhbəri Rasim Məmmədov yanvarın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Ailə üzvlərinin onun hüquqlarının müdafiəsi üçün müqavilə bağladığı vəkillər isə hələ də R.Məmmədovla görüşə bilməyib.
Vəkillərdən Elçin Sadıqov saytımıza bildirdi ki, yanvarın 29-da digər müdafiəçi Bəxtiyar Sadıqovla birlikdə R. Məmmədovla görüşmək üçün saatlarla DTX-nın qarşısında gözləyiblər. Amma görüşə şərait yaradılmayıb: “Əlimizdə order, qalmışıq DTX-nın qarşısında. Dəfələrlə əlaqə saxlamışıq, eyni cümləni təkrar edirlər ki, görüş üçün rəhbərlik icazə verməlidir. DTX-ya teleqram da göndərmişik, cavab verən yoxdur”.
E.Sadıqov deyir ki, vəkilin hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsi üçün rəhbərliyin icazəsinə ehtiyac yoxdur. Bu, qanunvericiliyin tələbidir və əməl olunmalıdır. Vəkilin sözlərinə görə, şəxsin öz vəkili ilə görüşünün əngəllənməsi müdafiə hüququnun pozuntusudur.
Əldə etdiyimiz məlumata görə, R.Məmmədov artıq təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2 (ağır nəticəyə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun ilkin istintaq dövrü üçün barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün yanvarın 30-da məhkəmə qarşısına çıxarılacağı bildirilir. Proses Səbail rayon Məhkəməsində keçiriləcək.
Araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılır. R.Məmmədovun nəzarətində olan bütün müəssisələrlə bağlı araşdırmalar getdiyi, sənədlərin yoxlandığı bildirilir.
Bir sıra media orqanları R.Məmmədovu Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti “Ramiz Mehdiyevin qara kassası” kimi təqdim edir. İddia olunur ki, R.Məmmədov maliyyə əməliyyatlarını da R.Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevə məxsus “VTB Bank” vasitəsilə həyata keçirib.
Lakin vəkil Elçin Sadıqov bu haqda yayılan məlumatların yalan olduğunu söylədi. Onun sözlərinə görə, əksinə, R.Məmmədov R.Mehdiyevin oğlunun və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. R.Məmmədovun yaxınları da onun R.Mehdiyevin ailə üzvlərinin şikayəti əsasında tutulduğunu deyirlər. İş adamının yaxınları saytımıza bildirdi ki, şikayətdə R.Məmmədovun onlardan 7 milyon dollardan çox pul alıb qaytarmadığını yazıblar.
Bakıda fəaliyyət göstərən “Oxford məktəbi”nin sahibi də R.Məmmədovdur. R.Mehdiyevlə onun arasında problem bu məktəbə şəriklik üstündə yaranıb.
R.Məmmədovun adı zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gəlib. Ən böyük qalmaqallardan biri də Zülfüqarlı qardaşları ilə onun arasında baş verib. Nurəddin Zülfüqarlı və qardaşları bildirirdilər ki, öz zəhmətləri hesabına inkişaf etdirdikləri zavod onların əlindən zorla alınıb. Bununla əlaqədar uzun müddət tərəflər arasında məhkəmə çəkişmələri gedib. Zülfüqarlı qardaşları üzə çıxarmışdı ki, onlardan alınandan sonra zavod Lerik sakini Gəray Məmmədovun adına keçirilib.
“Baku Steel Company” MMC monopoliyada da ittiham olunurdu. Zavod rəhbərliyini monopoliyada ittiham edənlərdən biri də keçmiş deputat Nazim Bəydəmirli idi. N.Bəydəmirli bildirdi ki, rəsmi qaydada R.Məmmədovdan şikayətçi olacaq, bu haqda istintaqa ərizə verəcək: “O, 9 il əvvəl tutulmalı idi. Minlərlə ailəni çörəksiz qoyduğuna, 20-dən çox müəssisəni zəbt etdiyinə görə. Mən vəkillə məsləhətləşib, zərərçəkmiş qismində tanınmaq üçün müraciət edəcəyəm”.(pressklub)
Gülər