Ankaradan İrəvana müharibə xəbərdarlığı -”Bakının müttəfiqinin kim olduğunu unutma!..”
İki qardaş ölkənin işğalçıya müştərək mesajında əsas hədəf; Azərbaycan Vətən savaşına son hazırlıqlar içində...
Yenixeber.org: İşğalçı qoşunlarla təmas xətti və Ermənistanla sərhəddə gərginlik yenidən artıb. Açıq-aydın görünür ki, rəsmi İrəvan Azərbaycanı təzədən təxribatlara cəlb etmək və bu yolla daxildəki narazı erməni əhalisinin diqqətini ağır sosial-iqtisadi problemlərdən, populist baş nazir Nikol Paşinyanın puç olan vədlərindən yayındırmaq istəyir.
Təbii ki, Bakı iyul ayında olduğu kimi, təxribatların hansı motivlə törədilməsindən asılı olmayaraq, düşmənin layiqli cavabını verib və verəcək. Bunu son olaraq, ölkə prezidenti İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində bir daha və açıq şəkildə bildirdi. Onu da dedi ki, düşmənin harada qoşunlar topladığından, nəyə hazırlaşdığından xəbərimiz var.
Keçən həftə həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrə ən yüksək döyüş hazırlığı göstərişini verdi. Bundan əlavə, ölkədə hərbi səfərbərlik yönündə gərəkən addımlar atılır, qərarlar verilir. Qısası, Azərbaycan Vətən müharibəsinə son hazırlıqlar içindədir. Azadlıq müharibəsi isə yalnızca Azərbaycan əraziləri ilə, Dağlıq Qarabağla əhatələnməyə də bilər.
*****
Bu kontekstdə İlham Əliyevin son müsahibəsində bir məqam xüsusi önəm kəsb edir. Ölkə başçısı deyib ki, Azərbaycan Ermənistanla dövlət sərhədi boyu hansısa hərbi planlar qurmayıb və əsas vəzifə sərhədlərimizi qorumaqdan ibarətdir. Lakin bir halda ki, Ermənistan hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquqa nümayişkaranə şəkildə məhəl qoymur və “yeni ərazilər tutmaq” planları qurur, o zaman niyə də Azərbaycan beynəlxalq hüquq normaları ilə öz əl-qolunu bağlamalıdır?
Başqa sözlə, Azərbaycanın Ali Baş Komandanı ilk dəfə olaraq İrəvana və onun əl-ayağını yığmaq istəməyən havadarına açıq mətnlə mesaj göndərir ki, təcavüzkar Ermənistan yeni avantüraya əl atsa, o zaman Azərbaycanı hərbi əməliyyatları onun ərazisinə keçirməkdən heç bir qüvvə saxlaya bilməyəcək. Prezidentin bildirdiyi kimi, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək.
Sitat: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.
İlham Əliyevin bu xəbərdarlığı həm də vasitəçi dövlətlərə, ilk növbədə də Rusiyaya aydın mesajdır ki, işğalçı ölkəni nə qədər gec deyil, durdursunlar, onun rəhbərliyini ağla gətirsinlər. Xüsusən də elə bir vaxtda ki, Azərbaycan-Türkiyə hərbi ittifaqı və siyasi tandemi heç vaxt olmadığı qədər bölgədə vazkeçilməz güc faktoruna çevrilməkdədir.
*****
Siyasi təhlilçilərə görə, bu, artıq Qarabağ məsələsində yeni hərbi-siyasi reallıqların yaranmasından, habelə Azərbaycanın səbrinin tükəndiyindən xəbər verir. Rəsmi Bakının bu sərt ritorikası sözsüz ki, həm də qardaş Türkiyə ilə hərbi ittifaqın heç vaxt olmadığı qədər yüksək fazaya qalxması və Ankaranın Güney Qafqaza hərbi-siyasi güc faktoru olaraq qayıtmasından qaynaqlanır. Yəni İrəvana bir daha ismarış göndərilir ki, odla oynamağa son qoymasa, o zaman böyük fəlakəti qarşılamağa hazır olsun.
Yeri gəlmişkən, bu arada qardaş Türkiyədən Qarabağla bağlı Azərbaycana növbəti açıq dəstək, Ermənistana isə hədə kimi son xəbərdarlıq gəlib. Belə ki, Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, “Türkiyə Azərbaycana qarşı hər hansı təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir” (Axar.az).
Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcək. “Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”, - açıqlamada deyilir.
Ərdoğan administrasiyası onu da sərt formada bəyan edib ki, Ermənistan öz havadarlarının səssiz razılığına güvənərək və Türkiyənin Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli şəkildə pozmağa çalışır: “Regionda qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”.
Bundan əlavə, Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyi işğalçı ölkəni arxayın salır. “Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”, - deyə bəyanatda vurğulanır.
*****
“Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi”.
Bunu isə İlham Əliyev son müsahibəsində bildirib və əlavə edib ki, Azərbaycan da daima Türkiyənin yanındadır və bütün məsələlərdə Türkiyənin yanında olacaq: “Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir”.
Yaxud Prezidentin müsahibəsindəki belə bir önəmli sitat-ismarış: “Naxçıvanda təlimlər keçirilib və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil - Ermənistan özü baş çıxarsın. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirir, müxtəlif qapıları döyüb yardım istəyirlər”.
Ayrı sözlə, düşmən ölkə gərək bunu da qulağında “sırğa” etsin ki, onun öz paytaxtı belə, Azərbaycanın raket sistemlərinin ən asan vura biləcəyi bir məsafədə və hədəfdədir...
*****
Sözsüz ki, Azərbaycanın Türkiyə ilə əlaqələri bundan sonra da bütün istiqamətlər, özəlliklə hərbi sfera üzrə dərinləşəcək və güclənəcək. Yekun etibarilə işğala son qoyulacaq gün yaxınlaşacaq. Mütləq yaxınlaşacaq. İki qardaş ölkənin təcavüzkara müştərək mesajındakı ən mühüm hədəf də budur...
“Müsavat”