“Televiziya insani yaşamı göstərməlidir”
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı ilə Yolruh Atalının televiziya konusunda söhbəti
"Xeberinfo.com": İşıqlı Atalı: - Çağdaş bəşərin həyatında onillərdir ki, televiziya mərhələsi başlayıb. İnsan əhvalları verilişləşir, konulaşır. Televiziya informasiyanın sürətlə, görüntülü yayımı deməkdir. Gəlin aydınlaşdıraq ki, televiziyanın başlıca hədəfi nədir, onun insana münasibət necədir, necə olmalıdır? İctimai ünsiyyət vasitəsi, insanlığı yüksəltməli olan televiziya onun əksinə çevrilir. İnsana təsir üsulları məharətli şəkildə həyata keçirilir. Televiziya qabaqlar indiki səviyyədə açıq insansızlıq sərgiləməmişdi. Bu da var ki, insanlar televiziya vasitəsilə dünyanı fiziki baxımdan görmək imkanı qazanırlar.
Onillər öncə yaranmış televiziya mifi, cazibəsi, romantikası yoxa çıxmaqdadır. İndi “internet romantikası” yaranıb. İnsan həyatı mənasızlaşır. Səbəbi insanın məna üstə, insanlıq üstə yaşamaması, düşünə bilməməsidir. Televiziya ömürlərə məna qatmır, mənasızlığı daha da artırır.
Radioda səs pünhanlığı, səs əsasında insana, insanlığa vurğunluq, yaşama tükənməz heyranlıq vardı. İndi bu əhval da azalıb. İnsanlıq yaşamda hökmlü olmadığından yaradıcılıq adiləşdi, həyata heyranlıq itdi. Dünyanın halındakı eyniləşmə artdı. İndi belə bir çağda dünyaya, həyata, insana heyranlığı kim yaratmalıdır? Özünün insanlıq imkanına yetənlər. Televiziyanı yaradan, idarə edən insandır, deməli, insanın ömrü, yaşamı nədirsə, televiziya-radioda da eləcə ifadəsini tapacaq.
Yolruh Atalı: - Televiziya insan idrakının yaratdığı minlərlə möcüzədən biridir. İnsan idrakı ilə yaradılan nə varsa, inanılandır. Vasitə gərək inandırıcı olsun. İnsanın televiziyaya inanmağı bununla bağlıdır. Televiziyada həyat yamsılanır. Niyə insan yaratdığının – televiziyanın əsarətinə düşür, çıxa bilmir? İnsan həyatın yamsılanmasını televiziyada görəndə bir daha həyatdakına inanır. Axı televiziya həm də sənətdir, o, daha çox həyatı bizə sənət vasitəsilə çatdırır. Televiziya kimi texniki vasitənin məqsədi haradasa ruhsaldır.
Sənət insanı inandıranda o, həyatı, özünü dərk edir. Televiziya yarandığı çağlarda həyatın mənasını ifadə etməyə çalışıb. İnsanların televiziyaya inamı bundandır.
İşıqlı Atalı: - Televiziya insanlığı təsdiq etməlidir. Sovet dövründə zorakı təbii ideallaşdırma vardı. Televiziyanın təqdim etdiyi nə varsa, adamlara sirli-sehrli gəlirdi. İndi dünyada minlərlə teleradio kanalları var. O şey ki, çoxdur, çox danışılır, ömürləşmir, adiləşmə baş verir. İndi televiziya dünyada olmayan şeylər haqqında daha çox danışır, adamlar uydurulana inandırılırlar. Sonucda isə həyat adiləşir. Adamlar televiziyada gördükləri mənasız həyat dramatizmini həyatlarında tətbiq etməyə çalışırlar. İnsana inamsızlıq belədə alışır. Bu gün televiziya inamın daha çox ifadə olunan ünvanı olmalıydı, ancaq tam əksinədir.
Yolruh Atalı: - Əgər televiziya sonacan insanlığa doğru yol göstərsəydi, onda o, insanlara inam qaynağı ola bilərdi. Dünyada bu gün televiziya əslində insanlığa qarşı çevrilib.
Biz həm də televiziyada gördüyümüz gözəl verilişlər əsasında tərbiyə olunmuşuq. Bu, dünyaya insani münasibətimizi yaradıb. Dünyada antiinsanilik, çirkinlik, eybəcərlik var, televiziya bunu olduğu kimi və hətta alışdıraraq təqdim edir, insana deyir ki, sənin yaşadığın həyat budur, onu ideallaşdırma. Televiziya insanın həyatda gördüyünü ona yenidən göstərir, insanın ağlında onun çirkin olduğuna inandırır ki, dünya doğrudan belədir.
Telekallarda insanlığa yarar verilişlər demək olar, yoxdur. Yalnız əyləncə var. Hətta siyasi verilişlər də əyləncəviləşib.
İşqlı Atalı: - Dünyada televiziya mərhələsi başlayandan sonra insanlararası doğmalıq artmaq yerinə azaldı. Bu gün fərdi şəkildə televiziyaya, internetə baxış artıb. Belədə fərdin özü itməyə, itirilməyə doğru gedir. İndi hər şeydən göstərən televiziya insanın daxili dünyasına demək olar, varmır, varanda da üzdən yanaşır, mahiyyətcə heç bir problemini həll etmir. İndi adamlar mənəviyyat konusunda danışanda da əyləncəviliyə köklənirlər. Ona görə də bu gün televiziya inamsızlığa bərabərdir.
Yolruh Atalı: - Nə qədər ki, pulçuluq var, telekanallardakı mənəviyyata zidd hallar olacaq. Əgər pul idealdırsa, insan vasitədir. Bununla belə televiziya insan tiplərini, zövqlərini nəzərə almağa məcburdur. Televiziyalarda idmana geniş yer ayrılır. İdman da əyləncənin bir növüdür. Bir vaxt televiziya insanın idraki imkanlarından biriydi. İnsan televiziyanı yaradıb ki, onun vasitəsilə özünü ifadə eləsin. Televiziya bu güninsanların ruhsal imkanlarını yox, cismani imkanlarını ifadə edir. Televiziya göstərdi ki, həyatda ən ali bir şeyi də adiyə çevirmək olar. Bu, təəssüflü haldır. Adamlar efirə çıxanların da kimliyini gözəl bilirlər. Ancaq televiziya adamları inandırır ki, bunları eşitməli, baxmalısınız. Televiziya adətən çağındakı insani quruluşun əhvalına xidmət edir. Əsil insani quruluşda isə insan və onun yaratdığı ali dəyərlər vasitələşməz, adiləşməz. Bu tələbə yetmək isə uzun illər tələb edir.
Bu gün həyatda elə şey yoxdur ki, vasitələşməsin. İnsan hər şeyi adiləşdirir, vasitələşdirir. Bunun ziyanlı tərəfləri çoxdur, çünki insanilik itir.
İşıqlı Atalı: - Hər şeyi göstərən televiziyanın insanlığa laqeyd olmaması gərək. Ulusal dəyərlərin adi sırada olmaması gərək. Televiziyanın ölçüsü cəmiyyətçiliyin ölçüsüdür. Cəmiyyətçilik də mütləq xeyir ölçüsüylə yaşamır. Televiziya insani cəhətlər haqqında danışır, ancaq onu gerçəkləşdirməyi, ömürləşdirməyi düşünmür.
Bu gün bütün dünyada televiziya daha çox sözçülüklə məşğuldur. Əslində bu gün televiziya yaşanmayan, ancaq haqqında çox danışılan, idarə olunmayan naşı duyğuların ünvanıdır. Adamlar həyatdakı naşı yaşamlarının davamını, inkişafını teleşoularda görürlər. Deməli, televiziya daha çox antiinsani əhvalların nümayiş mərkəzi olur, zövqlər korşalır, insandakı şər duyğuları alışdırır, adamları xəstələndirir...
Yolruh Atalı: - Bu gün dünya vətənsizləşir, sürətlə kosmopolitləşir. Televiziyada əsarəti yaradan nə yoxdur ki? İnsan televiziyaya baxanda ruhsuzlğun əsarətinə düşür. Televiziyada daha çox əxlaqsızlıq danışır.
İşıqlı Atalı : - Çıxış yolu: İnsan insanlığa zidd, cəfəng olan nə varsa, imtina etməyi bacarmalıdır, başqasından umduğu insanlığı öz ömründə təsdiq etməlidir. Bu gün Ocaq TV internet televiziya çərçivəsində ilk insanlıq sivilizasiyası carçısı sayıla bilər.