Şerlər-Şahin Musaoğlu
-1-
ONU TANIYIRSINIZ
Başlanğıc..
Yenə danışırsan....
sevgidən,
həyatdan,
dünyadan....
danışırsan həvəslə,
dil-dodağın əsə-əsə,
birnəfəsə-
danışırsan
...yenə də aldadırsan...
bu da aldanış yarğanı...
sənin inamın varmı ?
-kiminsə sevgisinə ?!
...axtar tap.
elə bu an, bu saat,
nə qədər yaltaq varsa-
yığ başına.... və aldat!!
…nahaq yorursan özünü.
heç nə alınmayacaq !
SON.. belə olur həmişə…
özünü aldadanın
kimsəni aldatdığına
heç kim inanmayacaq!
-2-
ÇƏKƏN BİLƏR
Başlanğıc.. Kimi keşik çəkir,
kimi də cəza...
kiminin gözü yol çəkir,
kimini qəza...
Qəribədi həyat da...
Eh...
nələr var həyatda,
nələr var çəkiləsi...
dərd...qəm …
əzab…əziyyət…
dişiylə,
saçıyla maşın çəkən də var,
gəmi, qatar çəkən də...
SON.. Kim nə çəkir, qoy çəksin;
iş heç bunda da deyil
amma öz aramızdı,
təəssüb çəkmək
hər kəsin işi deyil....
-3-
PRELÜD
Başlanğıc.. Yayın sonu...
ağaclar soyunub donunu...
hər yan sarı üzüntü...
Qəfil telefon zəngi...
dəstəyin o başında
tanış bir səs:
“Gəl...”-deyir,
“gəl, unutduğun gəncliyi apar...
gəl öyrən sevməyi,
baxmadan görməyi,
qaranlıqda günəşi
-necə gözləməyi öyrən,
Sevməyi öyrən”-deyir...
SON.. Xəbərin varmı ?-
sarı çiçəklərin sarısından
ayırmaq olarmı
-ac arını???
-4-
ÖYÜD
Oğlum Əzizə
Sevmək-bulud kimi dolmaqdı,
yağış olub yağmaqdı.
can verib,
can almaqdı,
ruzi,bərəkətdi sevmək...
...bir bulud kölgəsində
təpədən dırnağadək islanmaqdı.
islana-islana yuyunmaqdı...
yuyuna-yuyuna anlamaqdı yağışı...
Sevmək nədi? –soruşursan...?!
Baxçamızda saralan o ağaca bir də bax !
qoru, o budaqdakı tənha quş yuvasını
amma oynama, oğul,
yuvayla oynamazlar !
bahar- yenə gələcək,
bahar geri dönəcək,
quşlar da qayıdacaq
öz isti yuvasına...
sevmək nə olduğunu anlayacaqsan onda-
uyma dəli dünyaya;
bax Günəşə, bax Aya
küləyi dinlə.
dənizin səsinə qulaq as !
küləkdən, dənizdən güc al !
özünə güvən,
özün ucal !
od ol,
alov ol,
ocağın olsun.
ocaqla oynama,oğul !
“Ürəyin” olsun,
ürəyini açmağa
isti qucağın olsun
-qucaqla oynama, oğul !
Verdiyin söz,
kəsdiyin duz -çörək
düz olsun-
bıçaqla oynama, oğul !
Sevmək nədi ?- soruşursan?
sevmək yoldu, yolçuluqdu
məmləkətə yağan
ilk qar kimi tər –təmizdi,
ağappaqdı, ləkəsizdi – sevmək !
bir də ki,...
bir də ki
sənin
hardan gəlib,
hara getdiyini göstərən -ləpirdi,
izdi
ruzi, bərəkətdi sevmək !...
-5-
ETİRAF
Sevmək var ömür sürər,
…sevişmək var
hər bir anı – bir ömür....
Qoxusu bahar yağmuru...
çöhrəsi Ay şöləsi....
yanağı şeh düşmüş lalə --
qadındı...
bir cüt yaşıl gözləri var
yosun-yosun.
baxışları ovsun-ovsun--
qadındı.
vücudu çiçək yatağı,
qızılı saçları yarpaq-yarpaq...
istəyimin gerçək olduğu yerdə
görüşdük onunla...
üzünü gizlədi məndən.
salam verdim ürəyimdə...
gözləriylə alınca
dedi:
“sevgiyə inanmaq azdı.
...ona heç sahib olmaq da yetməz”...
bir başqa dünyaya kilidlənmişdim,
açarını axtarırdım...
bir damla su - mən
“islanmaq istəyirəm “ -
deyən o qadın....
-6-
Sən də...
Sən də bir zamanlar şair idin...
-yağardın yağmurla,
əsərdin rüzgarla.
O zamanlar ki-
sərxoş könlün
dəli-divanə
dolaşardı ürəkləri –
oyuncağın – ürəklərdi,
oynayardın ürəklərlə
yerin - yurdun ürəklərdi...
Və bir gün
quşların çivil-çivil
ötdüyü bir gün.
çiçəklərin tənbəl-tənbəl
açdıqı o gün
qəlbini açdın bir qıza
sən də.
-Aşiq oldun.
... Dilin hökmünü itirdi,
sözün mülkünü .
Çapdı, taladı, aldı, apardı
fəda etdin- nəyin vardısa.
Könlünü verdiyin o qızın-
könlünü ala bilmədin.
Və sən də
öz eşqinin
öz sevginin
həbsindəki dustaq oldun.
...Sənsə bir zamanlar şair idin,
yağardın yağmurla, əsərdin rüzgarla...
-7-
BAZAR ERTƏSİ ESKİZİ.
Bazar ertəsi günləri mənə
sıxılmış bir narı xatırladır;
elə bil
həftənin ağrısın-acısın
canından çıxarıb
sıxırsan bu günün üstünə.
bu günlər
yenicə doğulmuş körpətək ürkək,
qayğıya,
köməyə möhtac
qocatək – kövrək oluram nədənsə...
Bazar ertəsi günləri
“Əlim nə işə yatır”-ın?
“Ağlım nə isə kəsir”-in? fərqinə varmaqdır
bəlkə də.
Və bu günü
yeni bir ömrün
yep-yeni günütək hər dəfə
yenidən öyrənmək,
yenidən yaşamaq şansım var
-əslində