Mənsur şeirlər
Xeberinfo.com:
Ölümə yaltaqlana bilmədim
Deyirlər həyatda bircə ölümə yaltaqlanmaq olmur. Ölüm yaltaqlığı, xahişi, minnəti sevmir, qəbul etmir. İstəyirsən dizin-dizin, sürünə-sürünə qarşısına get, ayaqlarına sarıl, əlini, ətəyini öp. Dediyindən dönən deyil. Qapına gəlibsə əli boş da gedən deyil.
Bunları bilə-bilə üstümə gələn ölümə yaltaqlandım, ayağına döşəndim, bir qulac dil çıxartdım. Ondan ölümsüzlük istəmədim, möhlət istədim. Dedim, nə olar qoy doğma yurduma qayıdım, ondan sonra sən dalımca gəlməyəcəksən, özüm ayağına gələcəm. Sənə minnətçi düşəcəm məni apar deyə. Amma indi insafsızlıq, haqsızlıq eləmə, möhlət ver.
Ölüm bu qədər kileyimdən, istəyimdən iyrəndi. Qəzəblə dedi:
- Siz yerinizə-yurdunuza dönmək istəmirsiniz, ATƏT-i gözləyirsiniz. Mən isə yalan vədlərə aldanıb sizi gözləyən deyiləm.
Mən heç kiməm
Mən kiməm? Çarəsi tükənib niskilli dolaşan millət adamı. Yollar yorğunu, yollar adamı. Mən kiməm? Ümidsizlikdə həqiqət axtaran kor ümid adamı. Gözü yaşdan quruyub yaşa həsrət qalan nifrət, qəzəb, kin adamı. Mən kiməm? Daha kimliyimi sormuram. Nə olar, siz də sorman. Bundan sonra mən heç kiməm.
Palıd möhkəmliyi
Əvvəl adını qoca bir palıd ağacının gövdəsinə yazdım, öz adımla qoşa. Dedim palıdın möhkəmliyi, dözümlülüyü adımıza hopsun. Sonra adını dodaqlarıma yazdım. Hər zaman dilim dodağımdan oxuyub səsləndirdi adını. İndi həyatımın hər yerindədir adın. Şükür, palıd qoşalaşdırıb möhkəmləşdirdi sevgimizi.
Ətirləndim
Meşədəyəm. Yağış yağır. Daldalanıram bir qayada, daşlar çətirim olur. Baxıram, göy talalar, yaşıl yamaclar yağışdan sırğalalanıblar. Əsir həzin külək. Mən bulaqdan ətirlənirəm, daşdan ətirlənirəm.
İsti hava
Yayın qora bişirən ayı. Hamı istidən şikayət edir, mənsə soyuqdan. Bu havanın hərarəti isitmir məni. Çölüm buz, içim buz, dişim-dişimə dəyir. Həsrətin yayda qış havası gətirdi ömrümə. Qayıt, qayıt, məni vüsalında isit. Yoxsa mən donub buz bağlayacam. Buz.
Tənhalıq
Bir otaqda mən, bir də divar boyu qədər boyu olan soyuq kölgəm. Mən yalqız, o yalqız. Qərib otağın qərib sakini kimi. Danışmağa, dərdləşməyə kimsəmiz yox. Özüm cəhənnəm, kölgəm də tənhalıqdan bezib daha.
Tanrıya "sabahın xeyir" deyirəm
Səhər yuxudan durub şəhərə çıxıram. "Sabahın xeyir" deməyə insan axtarıram. Tapa bilmirəm. Ümidim kəsilir, ayağım yerdən üzülür. Üzümü göyə tutub Tanrıya "Sabahın xeyir" deyirəm.
Bilmədilər
Sənli dünyamı dörd divar edib qapısını kilidlədilər, pəncərəsini bağladılar, işığını qapadılar, havamı kəsdilər. "Bu qızdan uzaq ol, öl dedilər". Sizinkilər bilmədilər doğrusu, bu "ölümlə" mənə ölümsüzlük qazandırdılar.
Oyanmayacaqsan
Əllərimi və dodaqlarımı ruhuma qatıb yuxuna göndərəcəm bu gecə. Əllərim ancaq telini, bədənini oxşayacaq, dodaqlarım heç nə pıçıldamayacaq, ancaq öpəcək-öpəcək. Çox-çox səhərlər açılacaq, amma sən bu bal şirinliyindən, şəkər şirinliyindən heç vaxt oyanmayacaqsan, oyanmayacaqsan.
Çıxarda bilməyəcəksən
Bir gün dəli bir külək kimi qapını tayba-tay açacam. Açıq sinəndən keçib qoynuna dolacam. Rədd edə bilməyəcəksən məni. Gözüm gözünü yandıracaq, nəfəsim sinəni. Bu baxışdan, bu istidən qurtara bilməyəcəksən.Çıxarda bilməyəcəksən içindən . Mən içinin əbədi sakini olacam.
Dünyanın havası tükənir
Hava isti, sən də qoynumda. Yanırıq sevgi odunun içində. Kül olmaq qorxumuz var. Bu qorxuda sözə gəlməyəcək, misraya yatmayacaq şirinlik içindəyik. Nəfəsimiz təngiyir. Allahım, görəsən istidən dünyanın havasımı tükənir?!
Gözaydınlığı
Bu günmü, sabahmı, axşammı, səhərmi qarşı-qarşıya gəlib bir-birinə gözaydınlığı verəcək, rast gəlməyənlət telofon açacaqlar, xətlər səs ağırlığından sevinəcəklər: təbrik edirəm,ordumuz qəhrəmancasına torpaqlarımızı düşməndən azad etdi,-deyəcəklər.
İldönümü
O, hər gün evdən çıxıb çörək dalınca gedərdi. Axşam çörəkli də, çörəksiz də qayıdardı. Bu gün çörək dalınca getmədi, məxsusi gül dalınca getdi. Axı bu gün onların evlənmələrinin ildönümü günü idi.
Məhərrəm Şəmkirli