Nəriman Nərimanovun anadan olmasından 153 il ötür
Bu gün Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, dövlət xadimi və yazıçı Nəriman Nərimanovun anadan olmasından 153 il ötür.
Yenixeber.org: Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində dünyaya gəlib. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsini bitirib.
O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarır. Hələ gənc yaşlarında Bakıda kitabxana açır. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərib.
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur.
O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir.
1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
Mətbuata həvəs oyatmaq qəzet, jurnal və kitab oxumaq vərdişi təlqin etmək baxımından, bu təşəbbüsün qiyməti əvəzsizdir. Qiraətxana Rusiya və xaricdən təkcə 27 adda qəzet alırdı. Onun müxtəlif millətlərdən olan oxucularının sayı gündən-günə, ildən -ilə artırdı. Məsələn, qiraətxananın fəaliyyətə başladığı gündən keçən bir aya yaxın müddətdə qeydə alınmış 710 oxucudan 292-si azərbaycanlı idi. 1897-ci ildə bu rəqəm artıq 8619 olmuşdu.
N. Nərimanovun təşkil və rəhbərlik etdiyi milli qiraətxananın səsi-sorağı Rusiyadan, bir sıra Yaxın və Orta Şərq ölkələrinə gedib çıxmışdı.
Bağçasarayda nəşr olunan "Tərcüman" qəzeti 1895-ci il 19 fevral tarixli nömrəsində "Bakı qiraətxanası" sərlövhəli xəbərdə yazırdı:
Nəriman Nərimanov gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edib, həm də dərsliklər yazıb. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlməyib. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışıblar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırıb və onu Azərbaycandan uzaqlaşdırıblar.
Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edib.
Nərimanov 19 mart 1925–ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişib və Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazıb: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən".
Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilib. Onun yubileyinin keçirilməsinə imkan verməyiblər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail olub.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirib. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilib. Bundan başqa, Bakıda N.Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir.