"DEYİMLƏR"
Erməni nəfəsi
Yenixeber.org: Xeyli var idi ki, payız gəlmişdi. Amma havalar çox xoş keçirdi. Səhərin çəni, dumanı, şehi adama güllü- çiçəkli yazı xatırladırdı. Ağacdakı yarpaqlar yamyaşıl idi. Budaqlarında möhkəm dayanmışdılar. Amma nə sirr idisə ərik ağacının bir neçə yarpağı yaşıl- yaşıl dibinə tökülmüşdü. Günü- gündən saralıb xəzəl olurdu. Niyəsini də bilən yox idi.
Müzəffər Azərbaycan ordusu on illərlə murdar erməni tapdağında inləyən, əzilən, əzab çəkən torpaqı qarış- qarış azad edə- edə irəliləyirdi. Azad olunmuş torpaqların beli düzəlir, üzü gülürdü. Bu elə- belə sevinc deyildi. Otuz ildən sonra əsil sahibi, doğması gəlmişdi.
Sinəsini qürurla qabağa verib irəliləyən əsgər az qala qarşıdakı yarpaqları ayağının altında əzəcəkdi. Əsgər qəfildən dayandı və aşağı əyildi. Saralan yarpaqlardan birini götürüb ovcunda sığalladı. Bu məhrəm toxunuşdan yarpaq sanki yazda olduğu kimi göyərməyə başladı. Dil açıb əsgərə:- Sahibim, nə yaxşı gəldin. Xoş gəldin. Əsgər sağ ol, deyib soruşdu: Yaşıl- yaşıl budağından niyə düşmüsən? Axı səndən və yerdəki bir neçə yarpaqdan başqa hamsı budaqdadır. Yarpaq dərindən ürək parçalayan bir ah çəkib:- Bizə murdar erməni nəfəsi dəyib.
İgid əsgər qürurla və əminliklə:- Bundan sonra bu torpaqlardan heç vaxt erməni nəfəsi gəlməyəcək,- dedi.
ALIN A, QALIN A
Alın a, qalın a, yana- yana dünyanın haqdan qaçıb, nahaqqa tapınan dürlü- dürlü ölkələri, böyük- böyük beynəlxalq təşkilatları, mən bu gündən nə qaçqınam, nə də məcburi köçkünəm. Mənə bu gündən sonra qaçqın, köçkün, yerindən- yurdundan qovulmuş demən. Qəlbimə dəyər. Mən 30 il erməni tapdağında olan tarixi dədə- baba torpağımın əbədi vətəndaşıyam. Bundan sonra torpağımın qara daşı olub orda bitəcəm. Elə bitəcəm ki, nəyinki arxalı erməni, heç fələk də məni yerimdən tərpədə bilməyəcək.
XOŞ XƏBƏRLƏRƏ KÖKLƏNMİŞƏM
Mən xoş xəbərlərə köklənmişəm. Ayırman bu xəbərlərdən məni. Mənə başqa xəbərlər demən, onsuz da eşitməyəcəm, dinləməyəcəm. Açın, açın televiziya kanallarını, radio dalğalarını. Qoyun pərdə- pərdə, dalğa- dalğa yayılsın dünyaya Ali Baş Komandanımın zəfər xəbərləri, qələbə xəbərləri. Düşmənin havadarlarının bu xəbərlərdən qulağı kar, gözü kor olsun.
BU KƏNDİN EVLƏRİ YOX
Otuz ildir əlimdə evimin açarı. Nə evimi tapıram, nə də evimin qapısını ki, açıb girəm içəri. Kəndim dümdüz çöldür. Bu kəndin evləri yox, evlərinin qapısı yox. Bu kənd düşmən tərəfindən yerləyeksan olunub, namərd düşmən daşını daş üstə qoymayıb. Buna görə heç kimi qınamıram, heç kimi günahlandırmıra. Ancaq Allahımı günahlandırıram. Və üzümü ona tutub deyirəm:- Niyə bizə namərd, xain, insan adına ləkə gətirən qonşular verdin, niyə? Məgər bizimlə qonşu olacaq millətlərin qəhət idi?
AĞLAYA BİLMƏYƏN ADAM
Çoxları kimi onun da televizora baxmaqla bir elə arası yox idi. Amma son vaxtlar o da hamı kimi bir həftədən artıq idi ki, televizorun qabağını kəsdirmişdi. Bəlkə də ona kəsdirmişdi demək düz deyildi. Bitmişdi demək daha doğru idı. Diqqətlə xəbərlərə baxırdı. Bu vaxtı evdə kimsə çınqırını belə çıxara bilməzdi. Birdən hansısa xəbəri eşidə bilməzdi. Və eşidə bilmədiyi xəbərdən xəbərsiz olması onu yandırıb yaxardı. Acığını elə xəbərlər vaxtı səs eləyənlərdən çıxardı. Onları danlayardı, üstlərinə çığırardı.
Adi günlərdən biriydi. Həmişəki kimi yenə televizorun qabağında bitmişdi. Diktor qız bir neçə dəqiqədən sonra Ali Baş Komandanın xalqa müraciəti olacağını bildirdi. Televizorun səsini qaldırdı. Ali Baş Komandan xalqı salamladı, erməni faşizmindən danışdı, Müzəffər Ordumuzun cəbhə boyu irəllədiyini dedi və sonda azad olunmuş kəndlərimizin adlarını sadaladı. Azad olunmuş kəndlərin arasında 27 il həsrətindən göyüm- göyüm göynədiyi kəndlərinin də adı var idi. Ucadan çığırmaq istədi, bacarmadı. Dizləri yerə gəldi, əllərini başında çarpazlayıb hönkü- hönkür ağlamağa başladı. Evdəkilərin heyrətdən əlləri üzlərində qaldı. Anası, atası, yaxınları öləndə gözündən bir damcı yaş düşməyən adam indi qıyya çəkib ağlayırdı.
HAMI BORCUNU VERDİ
Vətən müharibəsində kimin Vətənə nə borcu vardısa verdi. Özü də şərəf və ləyaqətlə. Biri şəhid, biri qazi olmaqla. Şəhid olanın atası dedi, anası dedi: “Təki Vətən sağ olsun”. Qazi dedi: “ Bu Vətənə canımız qurban. Bundan sonra da lazım gəlsə, canımızı da fəda edərik. Şəhid olan qardaşlarımızın, silahdaşlarımızın qisasını almaq üçün”.
BU ŞƏHƏR
Salam verib soruşdu:-Oralarda nə var,nə yox? Dedim, gördüyün kimi. Tıxaclı küçələr, maşını səkilər və çəkdiyimiz əzablar.
***
Bu qarışıq dünyada hava da dinc durmur: gah tutulur, gah açılır, gah günəşli, gah yağışlı, gah da küləkli olur. Bunu mən demirəm ha. Hidrometroloqlar deyir.
***
Mənim yaralarım çətin sağalır. Tanrı eşqinə, yaralaman məni!
***
Deyirəm şeytana daş atıb, onu lənətləyə- lənətləyə özümüz də şeytanlaşmışıq.
***
Yazda, yayda ağacların gözəlliyini vəsf edən şair qışda evini qızdırmaq üçün onları baltaladı.
***
Sevgi nədir deyə soruşdun. Dedim sevginin Məcnun zirvəsinə qalxanda bilərsən.
***
Heç xatırlamaq istəmədiyim xatirələr qəfil gəlib ovqatımı korlayır.
***
Bəzən böyük qapıları kiçik açarlarla da açmaq olur.
***
Mən güvəndiyim dağdan başqa, bütün dağlara qar yağdı.
***
Onun göz yaşı gözündə donub, ağlaya bilmir.
***
Tanrı ağaca, daşa, gülə,çiçəyə Vətən verdi. Amma erməniyə verməyə yer tapmadı. Və onlar da havadarlarının köməyi ilə bizdən torpaq alıb özlərinə vətən yaratdılar.
***
Ayrılmağımızdan illər keçib, amma mən hələ də həyətimiz də sənin üçün güllər, çiçəklər becərirəm.
***
Deyirsən səni unudacam. Məgər sənin unutmaq istedadın da var?
***
İlk dəfə dil açan körpə də, vətənsizlikdən beli bükülən ahıl da,- Qarabağ Azərbaycandır!- dedi. Bax, bu heyrət olunacaq, qürur verilən birlik idi.
***
27 illik həsrətdən sonra torpaq ilk dəfə övladı əsgərlə görüşdü.
***
Bu gün körpə uşaq kimi kövrəkdir Vətən.
***
Vətən bizi yox, biz Vətəni tanıtmalıyıq.
***
Tanrım, yolumu işıqlı elə, torpağımı azad eləməyə gedirəm.
***
İki yüz ildir başımız qaldadır. Rus- erməni dostluğu ucbatından.
***
Bundan sonra Qarabağda Qarabağlılar doğulacaq. Onların içərisində Üzeyirlər,rəşidlər,bülbüllər, cabbarlar, xanlar da olacaq.
***
Azərbaycan əsgəri:- Murob yüksəkliyini yağılardan azad elədim. Ucalığıma və böyüklüyümə inandım.
***
Kəndim, şəhid kimi gəldim görüşünə.
***
Vətənə oğulluğunu göstərən oğullar Vətən qürurla oğlum dedi.
***
Qeyrətimizin və gücümüzün Qarabağ reallığı.
Məhərrəm Şəmkirli
AYB- nin üzvü