ÖMÜR SONUNDA
"Xeberinfo.com": Valideynə, ailəyə hörmət , sədaqət
və ehtiram övladın borcu, vəzifəsidir
birinci hissə
Kələfi dolaşan gənclik çağında,
Bilgisi keyləşər ömür yolunda,
Günahı işləyən yetkin yaşında,
Qafası kifləşər ömür sonunda.
Düz sözdən yayınıb dili dolaşan,
Ocaqdan əl cəkib közü külləşən,
Paradan hallanıb gözü torlaşan,
Məzhəbi itirər ömür yolunda.
Gəncliyi sahibsiz düşünən insan,
Mənliyi heç nəsiz itirən insan,
Körpəni atasız gördürən insan,
Mənliyi sarsılar ömür yolunda.
Həsrətlə andıqca keçən illəri,
Kədərlə saydıqca ötən günləri,
Səbirlə çözdükcə gizlin sirrləri,
Haqlısı ağrıyar ömür yolunda.
Ailə atanı saymaz biləndə,
Sevdiyi oğulu yolsuz görəndə,
Bir körpə nəvəni onsuz görəndə,
Babası xar olar ömür sonunda.
Yamanı yaxşıya arğac edənin,
Sağ əli sol əldə əlac tapanın,
Böyüyü övlada möhtac olanın,
Atası dərd görər ömür sonunda.
Oğula bağlanan qoca ananın,
Təkliyə atılan bircə balanın,
Qovğaya salınan evdə xanımın,
Yaxını yol arar ömür sonunda.
Ağ günü çürüdüb qara bükəndə,
Sirrini aldanıb sara verəndə,
“Tikdiymi uçurub” dara düşəndə,
Varlığı daşlanar ömür sonunda.
Məqsədli dillilər kələklər qurar,
İkili oyunlar quyular qazar,
Ailə dağıdar insanlar udar,
Yoxsulu xar edər ömür yolunda.
Təzyiqi yüksəlib könlü şəriksiz,
Taqəti tükənib sözü keçərsiz,
Yetmişi bitirib halı bəhərsiz,
Nənəsi ağrıyar ömür sonunda.
Ötüşməz bir günü dəcəl nəvəsiz,
Dincəlməz bir anı cəncəl nəvəsiz,
Təklənməz süfrədə höcət nəvəsiz,
Nənəsi darıxar ömür sonunda.
Çıxdığı ağaca burğu vuranın ,
Düşdüyü mühitə yağı olanın,
Çəkdiyi zəhmətə asi cıxanın,
Atası göynəyər ömür sonunda.
Dərdləri artanda sonda Ananın,
Gözləri dolanda körpə balanın,
Pərişan qalanda evdə xanımın,
Dünyası dağılar ömür yolunda.
Ikinci hissə
Ananın qayğısı-isti qucağın,
Atanın varlığı-karlı bucağın,
Körpənin qarantı-köklü ocağın,
Övladı xoş olar ömur yolunda.
Dayağı tapanda Ata yurdunda,
Varlığı duyanda Ulu torpaqda,
Xoşluğu görəndə cənnət məkanda,
Balası boy atar ömür yolunda.
Hahaqqı haqqına çatdıra bilsək,
Zülməti işığa çevirə bilsək,
İnsanı murada yetirə bilsək,
Tanrısı şad olar ömür yolunda.
İnsanlar yaranıb sədaqət üçün,
Kitablar yayılıb qiraət üçün,
Qanunlar yazılıb icraat üçün,
Hakimi anladar içlas zalında.
ücüncü hissə
Cəhalət satırsa Qanun insana,
Səfalət verirsə Qanun Anaya,
Yetimlik bilirsə Qanun körpəyə,
Yazanı tapdarlar ömür yolunda.
Məşuqənin əqli mülkü əlildi,
Şərəfsizin geni-dölü zəlildi,
Bəzəklinin hiylə-məkri dərindi,
Zəlili qan udar vaxtı çatanda.
Ögeyə baş çəkib bidət seçəndə,
Zəliyə dil verib felə düşəndə,
Toruna ilişib zəhər içəndə,
Küllüyü sovrular ömür sonunda.
Sifətsiz kimsəni uca tutanda,
Əsilsiz vücudu yada salanda,
İsmətsiz xilqəti səba sayanda,
Arzusu gül açar ömür yolunda???
Mərəzin hiyləylə bəxti güləndə,
Bicverin şənliklə dili dinəndə,
Şikəstin gözüylə səmti görəndə,
Ulusu qan ağlar ömür sonunda.
Atayla danışan bazarkeş bəyin,
Kefiylə yaşayan kirəkeş bəyin,
Xəyalla barışan azərkeş bəyin,
Şəkəri duzlaşar ömür sonunda.
Özünü ağlayan çöküş çağında,
Vuruşan, çağlayan çəpiş uğrunda,
Mənliyi sağılan görüş bağında,
Dayazı çərləyər ömür sonunda.
Erkəkdən qan soran yolsuz çuğula,
Evindən eyləyən duzsuz duruma,
Mühitdən doyduran uğursuz zora,
Lənəti verərlər ömür yolunda.
İsməti hifz edən arifə bənzər,
Xaini izləyər yerində əzər,
Şətəli dəfn edər asudə gəzər,
Həyatı xoş keçər ömür yolunda,
“Neylim”i unudar ömür sonunda.
Kiçik arayış: 1. Bu şeiri altıncı kitabımda dərc etdirsəm də övladlarım arasında baş verən ziddiyətlərdən demək olar ki, özümdə deyildim. Nə bu şeiri yazmaqdan əl çəkə bilirdim, nə də istəyimə nail ola bilirdim. Özümə gələndən sonra gördüm ki, şeirdəki müsbət və mənfi surətləri bir-biri ilə qarşıdırmışam. Yenidən bölmələrə ayırmaqla təkrar işləyəsi və oxucu tərəfindən başa düşüləsi hala gətirəsi oldum.
2.Övladlar- oğul və qız qurduğu ailəyə həmişə sədaqətli olmalı, öz məkrli məqsədləri üçün kənardan müdaxilə etməyə çalışanlardan uzaqlaşmalıdır. Müəyyən səbəblər üzündən həyat yoldaşından narazı olan valideyn körpəsinin xatirinə ailədaxili bütün ziddiyətlərə dözməlidir. Körpə valideynin üz ağlığıdır. Onun arxasında dayanıb xoş gələcəyə doğru irəlilətmək valideynin borcudur.