Gürcüstan prezidentindən təklif - Danışıqlar “ölü nöqtə”dən necə tərpənə bilər?
“Gürcüstan prezidenti Salome Zurabişvili təklif edib ki, Donbass probleminin həlli ilə məşğul olan “Normand formatı” (Ukrayna, Rusiya, Fransa və Almaniya) Abxaziya və Cənubi Osetiya məsələsiylə də məşğul olsun”.
Yenixeber.org: Bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. O, Salome Zurabişvilinin təklifini belə şərh edib:
“2008-ci il müharibəsindən sonra Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında dialoq xarici işlər nazirlərinin müavinləri səviyyəsində Cenevrə şəhərində aparılır. Diplomatlar ara-sıra görüşür, mübahisələri həll etməyə çalışırlar. Ancaq müzakirələr nəticə vermir. Salome Zurabişvili Gürcüstanın Rusiya ilə üz-üzə heç bir məsələni həll edə bilməyəcəyi qənaətindədir. Ona görə də Gürcüstan prezidenti hesab edir ki, prosesdə Almaniya və Fransa iştirak etsə danışıqlar “ölü nöqtə”dən tərpənə bilər.
Görünür, Salomze Zurabişvili hesab edir ki, danışıqlarda Fransa və Almaniya iştirak etsə, Rusiyanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə baxışı dəyişə bilər. Yanlış nəticədir.
Birincisi, “Normand formatı” heç Donbass problemini həll edə bilmir. Yəni Fransa və Almaniya Donbass probleminin həllini sürətləndirə bilmirlər. Problemi həll edə bilməyən Fransa və Almaniya üçün Donbasda atəşkəsin qorunması kifayət edir.
İkincisi, nə Fransa, nə də Almaniya hər hansı problemin həlli məqsədilə Rusiyaya təzyiq etmirlər və belə bir düşüncələri yoxdur, tam əksinə Paris və Berlin hətta mövcud şərtlər daxilində Moskva ilə əlaqələrin inkişafına çalışırlar.
Belə olan halda Abxaziya və Cənubi Osetiya problemlərinin həlli ilə bağlı hətta geniş format yaransa belə, bu Gürcüstanın problemlərini həll etməyəcək”.