Neftin "Anti-Amerika üçlüyü"nə təsiri
“Aşağı düşən neft qiymətləri ən ağır şəkildə Venesuela, İran və Rusiyanı vurur”
"Xeberinfo.com": Məlumata görə, neft qiymətlərinin aşağıya doğru getdiyi bir zamanda üç ölkənin – Venesuelanın, Rusiyanın və İranın üzləşəcəkləri böyük itkilər 2015-ci ilin ən sensasiyalı beynəlxalq hadisəsi olacaq. İndi neft qiymətlərinin yaratdığı böhrana qarşı bu üç ölkənin göstərdiyi müxtəlif reaksiyalar maraq doğurur. Venesuela prezidenti Nikolas Maduro xalqa müraciət ünvanladıqdan sonra təlaş içərisində kredit axtarmaq və neftin qiymətini 100 dollara qədər qaldırmaq sözü verərək dünya turuna çıxdı. Maduro nə kredit ala bildi, nə də ki, onun gəzintisi neftin qiymətini qaldırdı. Rusiya prezidenti Vladimir Putin isə vəziyyətə soyuqqanlı yanaşdı. Onun nazirləri müdafiə xərclərindən başqa bütün dövlət xərclərinin radikal şəkildə azaldılması qərarını verdilər. Bu arada isə ruspərəst güclər Ukraynanın şərqində yeni hücum əməliyyatına başlayıblar.
İran xarici işlər naziri isə Amerikan sanksiyalarının götürülməsi ilə nəticələnə biləcək nüvə proqramı ilə əlaqədar razılaşmaya aparan əməkdaşlığa can atıb. Bunun ardınca Tehranda ölkə prezidenti ilə ali dini rəhbəri arasında İranın dünyaya açılması və ya hərbi vəziyyətdə olduğu kimi iqtisadi müqavimət relsi üzərinə keçməsi ilə əlaqədar mübahisə yaranıb. Bu hadisələr Vaşinqtonun, neft qiymətlərinin dayanıqlı şəkildə aşağı düşməsi hesabına enerji resurslarının satışından böyük gəlirlər götürən Venesuela, Rusiya və İran üçün mənfi nəticələrə gətirib çıxara biləcəyinə inamının göstəricisi də sayıla bilər.
Hazırda Venesuela siyasi parçalanmanın astanasına gəlib. Putin isə daxildəki həyəcanı sakitləşdirmək məqsədi ilə xarici təcavüzün gücləndirilməsinə üstünlük verəcək. İran isə taleyüklü seçim qarşısındadır. Tehran kömək məqsədi ilə ABŞ və Avropaya müraciət olunması ilə düşünülmüş şəkildə təcridolunma siyasəti çərçivəsindəki sərt iqtisadi tədbir yolunu tutmaq arasında seçim etməlidirlər.
Əlbəttə, neft gəlirlərinin itkisindən digər ölkələr də əziyyət çəkir. Amma bu üç ölkə gəlir itkisi baxımından daha mühüm yer tutur. Neftin qiymətinin yüksək həddə olması bu ölkələrin geosiyasi ambisiyalarının oyanmasına yol açmışdı. Putin Sovet imperiyasının bərpa edilməsinə cəhd göstərir və altı il ərzində iki qonşu dövlətə hərbi müdaxilə edib. Yaxın Şərqdə hegemonluğa can atan İran isə İrak və Suriyada böyük pullar bahasına başa gələn müharibə aparır və həmçinin də nüvə silahının hazırlanması üçün lazımı təsisatlar qurur. Venesuela Latın Amerikasında anti-ABŞ bloku yaratmağa ümid bəsləyir və bu məqsədlə, Kuba da daxil olmaqla, 13 ölkəyə çox aşağı qiymətə gün ərzində 200 min barel neft göndərir.
Gəlirlərin kəskin şəkildə düşməsi şəraitində ən böyük ağrını Venesuela hiss etməyə başlayıb. İndi bu ölkədə ərzaq və digər gündəlik tələbat malları üçün uzun növbələr yaranıb. Bir qədər əvvələ qədər cəmi 20 milyard dollar borcu qalmış Venesuelanın, hazırda təkcə Çinə 50 milyard dollar borcu var. ”Moodys” reytinq agentliyinin bu yaxınlardakı analizində deyilir ki, Maduro hökuməti ölkəyə idxal olunan əsas təlabat mallarının pulunu ödəyə bilməyəcək duruma gəlib. Bu isə öz növbəsində ölkədə aclıq və üsyan təhlükəsini artırır.
Venesueladan fərqli olaraq, Rusiyadakı ümumi əhval-ruhiyyə daha sakitdir. Rusiya vətəndaşları tərəfindən dəstəklənən və 400 milyard dollar həcmində ehtiyat valyutası olan Putinin vəziyyəti qarşımızdakı çətin 2015-ci ilin öhdəsindən gəlmək səviyyəsindədir. Lakin buna baxmayaraq, büdcə kəsintilərinə getmək, dövlət qulluqçularının, müəllimlərin, səhiyyə işçilərinin, regionlardakı icra strukturlarının lazımı maliyyə vəsaitlərindən məhrum olması deməkdir. İqtisadiyyata dair Rusiyada həyata keçirilən sərt tədbirlərin orduya aidiyyəti olmayacaq. Qərb siyasi icmalçıları deyirlər ki, Putin iqtisadi vəziyyətin zəifləməsindən törənə biləcək narazılıqlara qarşı milliyətçilikdən istifadə edəcək. Bu o deməkdir ki, Ukraynadakı döyüşlər davam etdiriləcək və hətta ola bilər ki, Avrasiyanın digər nöqtələrində də döyüşlər aparılsın. Alternativ vəziyyətlə razılaşmaq və Qərb saksiyalarının götürülməsi üçün Putin, Ukraynanın Kremlin nəzarəti altına salınması cəhdlərindən əl çəkməlidir. Lakin belə bir güzəştə getmək onun rejimi üçün irəlidə baş verəcək iqtisadi tənəzzüldən də təhlükəlidir.
Neft qiymətləri böhranı ilə bağlı maraqlı reaksiya İran tərəfindən gəlib. Bu ilin 4 yanvar tarixində İran prezidenti Həsən Ruhani İranın dünyadan təcrid olunmuş şəkildə inkişafının mümkün olmadığını bildirmişdi. Bu arada isə İran xarici işlər naziri Cavad Zərif keçən həftə İsveçrənin Cenevrə şəhərində nüvə mövzusu ilə bağlı ABŞ dövlət katibi Con Kerri ilə danışıqlar aparıb. Ancaq bunların üstündən bir neçə gün keçdikdən sonra İranın ali dini rəhbəri Əli Xamneyi Ruhaniyə cavab verib. O, bəyan edib ki, Qərbə inanmaq və onların sanksiyaları götürəcəklərinə güvənmək olmaz və İran qapalı iqtisadi müqavimət şəraitində də müvəffəqiyət qazanmaq imkanındadır. Ola bilər ki, sərt iqtisadi şərait bir neçə aydan sonra Xamneyininin nöqteyi nəzərini dəyişdi. Hər necə olsa da, neft böhranına qarşı İranın verəcəyi cavab, Yaxın Şərqdəki bu ilki hadisələrin gedişini müəyyənləşdirəcək.
(“The Wasinqton Post”)