ABŞ dünyanı Rusiya ilə bölüşdürür
Bir neçə gün bundan əvvəl Xəzər dənizindən Suriyaya raket atan Rusiyanın bu hərəkəti müxtəlif suallara yol açdı: Görəsən şimal qonşumuz Aralıq dənizindəki qüvvələrini qoyub bu hücumu niyə məhz Xəzər dənizindən etmişdi?
"Xeberinfo.com": Məlumata görə, ekspertlər həmin sualın cavabını Moskvanın güc nümayişi və hansısa ölkələrə, o cümlədən Azərbaycan və Türkiyəyə müəyyən mesajlar vermək istəməsi ehtimalında axtarırlar. Aralıq dənizindəki qüvvələr nisbəti haqqında verilən son məlumatlar da bu fikri təsdiqləyir.
Türkiyə ordusundan bu ölkənin “Radikal” qəzetinə sızdırılan məlumatlar Rusiyanın Aralıq dənizində də kifayət qədər güclü olduğunu göstərir. Məlumata görə, son zamanlar Qara dənizdəki hərbi donanmasını Aralıq dənizinə yollayan Rusiyanın Suriya sahillərində 8 hərbi gəmisi var. Bunlardan 3-ü ağır hərb gəmiləridir. Həmin gəmilərlə Rusiya həm Yaxın Şərq ölkələrindəki hərbi qüvvələrinə silah-sursat daşıyır, lazım gələndə isə həm də onun döyüş qabiliyyətindən istifadə edir. Digər rus gəmilərindən biri kreyser, biri hücum, 2-si təchizat gəmisi və biri isə tankerdir. Ayrıca, onlarla ən müasir rus təyyarələri də Tartus limanı yaxınlığındakı Lazkiyə aeroportunda hücuma hazır vəziyyətdə gözləyir.
Rusiyanın Aralıq dənizində 8 gəmisi ilə yanaşı Çinin də bölgəyə göndərdiyi 1 təyyarədaşıyan gəmisi var. Maraqlıdır ki, indiki adı “Lianoning” olan bu gəmi bir müddət əvvələ qədər Ukraynaya aid imiş. Ukraynadan alınan gəminin İstanbul boğazından keçirilməsinə Türkiyə əvvəl icazə vermək istəmirmiş. Çin gəmini əyləncə məkanı edəcəyi və Türkiyəyə 1 milyon turist göndərəcəyi vədiylə Ankaranın “saqqızını oğurlaya” bilib. Daha sonra onu modernizə edərək özünün ilk təyyarə gəmisinə çevirib. Gəminin əvvəlki adını “Varyaq”dan “Lianoning”ə çevirən Çin indi onu Aralıq dənizinə ruslara kömək üçün göndərib.
Aralıq dənizində NATO-nun hərbi gücü isə 7 gəmiylə məhdudlaşır. O gəmilərdən 4-ü Türkiyəyə, ikisi ABŞ-a, biri isə Fransaya aiddir. Türk gəmilərinin 2-sinin karvet, birinin hücum gəmisi, digərinin isə dənizaltı olduğu bildirilir. Amerikanın iki gəmisindən biri kreyser, digəri isə tankerdir. Fransa isə bu dənizdə öz dövlət maraqlarını bir freqatla qoruyur.
“Radikal” qəzetinin Türk Silahları Qüvvələrinə aid məlumat kimi yaydığı bu xəbərin həqiqəti nə qədər əks etdirdiyini demək çətindir. Çünki bu zamana qədər ABŞ-ın mərkəzi İtaliyada olan 6-cı flotunun Aralıq dənizində ən böyük güc olduğu deyilirdi. İki təyyarədaşıyanın yer aldığı flotda 40-a qədər müxtəlif təyinatlı gəmi var idi. 21 min hərbçinin xidmət etdiyi bu flotun nəzarətində 175 hərbi təyyarənin mövcudluğu xəbər verilirdi. ABŞ-ın Avropa donanmasına aid olan flotun qarşısında Aralıq və Qara dənizi qorumaq vəzifəsi dayanırdı.
Odur ki, türk mətbuatında səsləndirilən yuxarıdakı fikirlər şübhə doğursa da, Rusiyanın hərbi aktivliyi qarşısında ABD və NATO qüvvələrinin hadisələri sükunətlə izləməsi bir həqiqətdir. Bəzi mülahisələrə görə, Qərb iqtisadi cəhətdən çökdürmək məqsədilə onu qıcıqlandıraraq hərbi müdaxilələrə cəlb edir və beləcə onsuz da sanksiyalarla ağır vəziyyətə düşən Rusiyanın iflasını sürətləndirirlər.
Fəqət fikrimizcə, bu versiyanı istisna edən bir çox məqamlar var. Əvvəla, SSRİ-nin dağılmasından sonra tamamilə gücdən düşmüş vəziyyətə gələn Rusiyanı dirçəldən ABŞ-ın Yaxın Şərq siyasəti oldu. Super gücün yanlış siyasətləri nəticəsində neftin qiymətlərinin hədsiz dərəcədə artması Moskvanın özünü toparlamasına yol açdı. Bir zamanlar iqtisadi tənəzzül səbəbindən qınına çəkilən Moskva “qara qızıl”ın gətirdiyi kapital hesabına öz hərbi qüdrətini artıraraq bu günlərə gəlib çıxmağı bacardı. Vaşinqtonun həqiqətən də belə bir çökdürmə planı olsaydı, həmin strategiyanı 10 il əvvəl həyata keçirər və Rusiya indiki duruma gəlməzdi.
Zənnimcə, yaşananların daha ağlabatan yozumunu ABŞ-ın Rusiyanı çökdürmək yox, əksinə “rus xofu”nu yenidən “xortlatmaq” istəyində axtarmaq daha doğru nəticələrə gətirib çıxarar.
Bildiyimiz kimi, SSRİ-nin dağılmasından sonra Avropa ölkələrinin canından “rus xofu” da çıxmış oldu. Nəticədə “böyük qardaşa” sığınmaq ehtiyacı hiss etməyən “yaşlı qitə” müstəqil addımlar atmağa başladı. Avropa Birliyi kimi yeni ittifaq formalaşdıran Qərb dünyası həm də özünün müştərək pul vahidini yaratdı. Hətta prosesslərin inkişafı Avropanın özünə yeni ordu yaratmasına qədər uzana bilərdi. Getdikcə vüsət alan bu tendensiya ABŞ-ın ən yaxın müttəfiqini və iqtisadi partnyorunu itirməsi ehtimalına yol açırdı.Bəşəriyyətin 7%-nin vətəni olmasına rəğmən dünya Ümumdaxili məhsulunun 26%-ni əlində cəmləşdirən bu qitə soyuq müharibə illərində ABŞ xarici iqtisadi əlaqələrinin də təxminən 60%-ni təşkil edirdi. İndisə onun yönəldiyi yeni bir dünya var idi-post-sovet məkanları.
Öz mənfəətləri əleyhinə cərəyan edən bu proseslərin qarşısını almaq üçün ABŞ bir gülləylə bir neçə dovşan vurmağa məhkum idi. Həm yenidən Rusiyanı Avropanın qorxulu kabusuna çevirərək köhnə dostlarını öz qucağına almalı, həm də Moskvanın diqqəti Qərbdən ayırıb Şərqə yönəltməli idi.
ABŞ qarşısında dayanan bu problemdən ən uğurlu çıxış yolunu da tapdı. Əvvəl neftin qiymətləri yüksəldilərək şimal qonşumuzun hərbi gücünü artırmasına şərait yaradıldı. Daha sonra Rusiyanın bir nömrəli strateji hədəfi olan Qara dəniz sahillərində narıncı inqilablar törədilərək rus imperial maraqlarının öz qınından çıxmasına zəmin hazırlandı.
Xüsusilə Ukrayna böhranından faydalanıb ona qarşı embarqoların tətbiqi həm Rusiya ilə Avropanın arasında aşılmaz sədlər yaradacaq, həm də Moskvanın üzü məcburən Şərqə yönəldiləcəkdi. Bilindiyi kimi, bu missiyalar çox uğurla həyata keçirildi. Daha sonra isə arının digər bir yuvasına əl uzadıldı. Söhbət Rusiyanın böyük dövlət olmaq yolundakı “olmazsa olmazı” sayılan Suriyanın işğal cəhdindən gedir. Sözsüz ki, bu addımlar atılarkən Moskvanın məcburən macərapərəstliyə baş vuracağı əvvəlcədən bəlli idi. Ayrıca embarqolarla aclığa məhkum edilmiş rus siyasi iradəsinin bundan başqa çarəsi də yox idi.
ABŞ-ın Ukraynadakı işğal faktına sərt reaksiya verməsinin əksinə olaraq, Rusiyanın Suriyada at oynatmasına sadəcə siyasi bəyanatlar verməklə kifayətlənməsi, hətta Türkiyədə yerləşdirdiyi silahlarını tələm-tələsik götürüb bölgəni tərk etməsi bu mənada təsadüfi deyil. Məqsəd Rusiyanın özünü böhrandan çıxarması üçün Şərqdə oturmasına şərait zəmin hazırlamaq idi.
Rusiya dünya sənayesinin qan damar sistemi sayılan Yaxın Şərqdə möhkəmləndikcə Avropanın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ABŞ-dan asılı vəziyyətdə qalacağı güman olunurdu və bu gün həmin təxminlər də özünü doğruldur. Yaradılmış yeni geopolitik nizamın müqabilində Vaşinqtonun itirəcəyi isə qazanacağı ilə müqayisə belə oluna bilməz. Suriya kimi bir ölkənin itirilməsi ABŞ-a bəlkə bir qədər neft və qaz güzəşti hesabına başa gələcəkdi. Qazandığı isə Avropanın yenidən “böyük qardaşlığı” olacaq.
Üstəlik, Vaşinqton Yaxın Şərqin ən çox neft və qaz çıxaran ölkələrini - Səudiyyə Ərəbistanını, Qətəri, Bəhreyni, Küveyti də rus və İran qorxusuyla ağuşuna alacaq, öz təbii sərvətlərinin sərvətlərinin istehsalını artırmaqla yenə qlobal sənayenin vaz keçilməz tərəfinə çevriləcəkdi. Heç təsadüfi deyil ki, neft və qaz istehsalını artıran ABŞ hazırda Səudiyyə Ərəbistanını belə geridə qoyaraq dünya liderinə çevrilıib.
Məsələlərə bu aspektdən yanaşanda dünyanın ən böyük nizamlı ordusuna sahib olan bir ölkənin Yaxın Şərqdə bir ovuc terrorçunun əlində əsir-yesir qalmasının, hara getdisə, oranı İŞİD təhlükəsilə üz-üzə qoyduğunun, nəhayət, “mən bu qüvvələrlə bacarmadım” deməkdən belə utanmadığının və həmin coğrafiyaları rus yardımına möhtac qoyduğunun əsl səbəbini anlamaq mümkündür.
Daha konkret ifadə ilə desək, bu anlaşılmaz gərdişin səbəbi dünyanı Rusiya ilə birgə bölüşdürməkdir. “Piroqun yağlı tərəfi mənim, biskvit tərəfi sənin” prinsipinə əsasən...