Putinin özbək narkobaronla gizli əlaqəsi üzə çıxdı
“Rusiya 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu özbək biznesmen Qafur Rəhimovun köməyi ilə ala bilib”.
"xeberinfo.com": Xəbərdə deyilir ki, ABŞ hakimiyyət orqanları Qafur Rəhimovu “mütəşəkkil cinayətkar dəstənin boğaza qədər kriminala bulaşmış bossu və heroin alverçisi” kimi təsvir və təqdim edirlər. Məlumata görə, Q.Rəhimov hazırda ana vətəni Özbəkistanda ittiham altındadır və müxtəlif cinayətlərdə suçlanır.
“Qafur Rəhimov hazırda dünyada heroin ticarəti sahəsində söz sahibi olan 4 və ya 5 ən nüfuzlu və vacib adamdan biridir” - deyə Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri Kreyq Mürrey “ABC News” telekanalına müsahibəsində bildirib.
Keçmiş səfir əlavə edib ki, heroin Q.Rəhimovun kriminal narkobandasının qurduğu şəbəkə vasitəsilə Mərkəzi Asiyadan Rusiyanın Sankt-Peterburq şəhərinə çatdırılır, oradan isə Avropaya, o cümlədən Böyük Britaniyaya yayılır.
Xəbərdə deyilir ki, Beynəlxalq Olimpiya Komitəsi 2007-ci ildə Soçinin namizəd-şəhər olduğunu rəsmən açıqlayandan sonra Rusiya Milli Olimpiya Komitəsinin prezidenti açıqlama verərək Q.Rəhimova rəsmən təşəkkür edib. Deyib ki, Q.Rəhimov “bir sıra Asiya ölkələrinin səslərinin alınmasında müstəsna xidmətlərə malikdir və əgər o səslər olmasaydı, Soçinin səsvermədə qələbə qazanması çətin olardı”.
Q.Rəhimov özü də “ABC News” telekanalına açıqlamasında etiraf edib ki, “öz şəxsi əlaqələrindən və Mərkəzi Asiya ölkələrinin Milli Olimpiya komitələrindəki dostlarının yardımından istifadə edərək Rusiyanın səsvermədə qalib gəlməsində müəyyən qədər rol oynayıb”.
Hazırda Dubayda olan Q.Rəhimovun “ABC News” telekanalının müxbirləri ilə söhbətində tərcüməçilik edən şəxs isə bildirib ki, “Rəhimov həmin adamları Rusiyaya səs verməyin vacibliyinə asanlıqla inandıra bildiyini söyləyib, deyib çünki onun həmin şəxslərlə yaxşı münasibətləri var”.
Tərcüməçi özbək narkobaronun həm də şəxsi nümayəndəsidir. Onun sözlərinə görə, Q.Rəhimov Özbəkistanda cinayət əməllərində ittiham olunandan sonra Dubaya köçüb və hazırda orada yaşayır.
O da məlumdur ki, Q.Rəhimovun 2000-ci il Sidney (Avstraliya) Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Səbəb onun cinayətkar aləmlə bağlılğı idi. 2012-ci ildə isə ABŞ Maliyyə Nazirliyi Q.Rəhimovun bütün dünyadakı bank hesablarını dondurub. ABŞ kəşfiyyatı özbək narkobaronun adını rəsmi sənədlərdə “keçmiş SSRİ ərazisində fəaliyyət göstərən “Bratskiy kruq” adlı cinayətkar sindikatın əsas oyunçusu” kimi qeyd edirdi.
Bütün bunlara baxmayaraq Q.Rəhimov hələ də Asiya Olimpiya Şurasının vitse-prezidenti kimi fəaliyyət göstərməkdə davam edir. Onun Beynəlxalq Olimpiya Komitəsinə üzv olan ölkələrin Milli Olimpiya komitələrinə təsir imkanları da böyük olaraq qalır. Q.Rəhimovun Vladimir Putinin Soçi layihəsinə də məhz bu əlaqələri sayəsində gizli dəstək verdiyi şübhə doğurmur.