«ƏRƏB KOALİSİYASI», «ƏRƏB ORDUSU»: XÜLYA!
Husilərin qələbəsi Səudiyyənin «tənzimləyici» funksiyasına öldürücü zərbə olar
"Xeberinfo.com": Xəbər verildiyi kimi, martın 29-30-da Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Liqası dövlətlərinin sammiti keçirilib. Müxtəlif mənbələrdən qaynaqlanan xəbərlərin təhlili göstərir ki, sammitin əsas mövzusu bölgədə məhz Səudiyyə Ərəbistanın maraqlarının qorunması üsullarının müzakirəsi olub. Bu da dolayısı ilə ABŞ və digər Qərb dövlətlərinin maraqlarının qorunması istiqamətində göstərilən növbəti cəhddən başqa bir şey deyil. Nədən ki, məhz Səudiyyə Ərəbistanı ABŞ-ın bölgədə ən sadiq müttəfiqi və OPEK daxilində neft hasilatının «tənzimləyicisi» rolunu oynayır.
Bu və ötən əsin acı təcrübəsi göstərir ki, özünü «ərəb koalisiyası» adlandıran ərəb dövlətlərinin birliyi də, bu birliyin yaratmaq fikrinə düşdüyü «birləşmiş ərəb ordusu» fikri də xülyadır və ABŞ-ın ərəb dövlətlərinə yönəlik hazırkı təcavüzkar siyasətini bir növ, ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Bunu anlamaq üçün İraqda, Liviyada və Suriyada baş verən olaylara nəzər salmaq kifayətdir…
Yəmən hadisələrinə diqqətlə nəzər salsaq, aydın olar ki, husi üsyançıların fəallaşması və son nəticədə qələbəsi məhz Səudiyyə Ərəbistanı üçün əhəmiyyətli təhlükədir (real və potensial). Bir tərəfdən, Yəmənlə Səudiyyə Krallığının uzun-uzadı sərhədə malik olması və bu sərhəd boyunca Səudiyyə Ərəbistanın neft hasil olunan məntəqələrinin yerləşməsi diqqətdən kənarda qala bilməz. Husilərin Yəməndə tam qələbəsi müharibənin bu ərazilərə keçməsi demək olardı. Bunun nəticəsində də ABŞ dostu özünün neft buruqlarının bir hissəsini itirə bilər. Bu baxımdan da Yəmən hadisələrinə yönəlik Səudiyyə «həssaslığı» və krallığın məlum təşəbbüslərə baş vurması başa düşüləndir.
Digər tərəfdən, husi üsyançıların Yəmən üzərində tam nəzarəti ələ alması nəticə etibarilə, Bab-əl-Məndəb boğazı üzərində şəriksiz nəzarətə sahib olmaq deməkdir. Bab-əl-Məndəb boğazının strateji əhəmiyyəti barədə isə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, Fars körfəzi və ümumiyyətlə Ərəbistan yarımadasında hasil olunan neftin 3,8 milyon bareli (1 neft bareli 159 lirt neftə barəbərdir) hər gün tankerlərlə məhz Bab-əl-Məndəb boğazından və Süveyş kanalından keçməklə Amerika və Avropaya daşınır. O da var ki, bu həcmin böyük hissəsi Səudiyyə Ərəbistanının, yalnız 0,2 faizi Yəmənin payına düşür. Boğaz üzərində husilərin nəzarətə sahib olmaları mahiyyət etibarilə, onların qeyd edilən neft həcmləri üzərində sərəncam vermək hüququ qazanması demək olar. Bu da Səudiyyə Ərəbistanının «tənzimləyici» funksiyasına öldürücü zərbə vura bilər. Bütün bunlar isə son nəticədə, ABŞ-ın dünya bazarında neft qiymətlərini tənzimləyən rıçaqlardan birini əldən verməsi deməkdir. Bu fonda, ərəb koalisiyası dövlətlərinin «birləşmiş ərəb ordusu» yaratmaq ideyasının, hüsilərin mövqelərinin koalisiya aviasiyası (həqiqətdə isə Səudiyyə aviasiyası) tərəfindən bombalanmasının ABŞ tərəfindən tam dəstəklənməsi diqqəti çəkməyə bilməz. ABŞ başda olmaqla Qərb dövlətlərinin bu gedişi həm də dolayısı ilə digər bir məkrli məqsədə xidmət edir. Belə ki, bölgədə mövcud və potensial münaqişə ocaqlarına hər dəfə Qərb koalisiyası qüvvələrinin əvəzinə «ərəb ordusu»nun yeridilməsi mahiyyət etibarilə, ərəblərin özlərinin özlərini qırması demək olacaq. Başqa sözlə, «bir gülləyə iki dovşan…»
«Ərəb ordusu» məsələsinin məhz indi – Yəmən hadisələri fonunda ortaya çıxması və ərəb koalisiyasına Səudiyyə Ərəbistanının «rəhbərlik» etməsi yuxarıdakı versiyanı bir qədər də möhkəmlədir. Belə olmasyadı, ərəb dövlətləri İraq, Liviya, Suriya olayları zamanı oyanıb, koalisiya yaradar, birgə müdafiə olunmağın yollarını arayar, nəhayət ki, Fələstin ərəblərinin müdafiəsinə qalxardı. Heç təsadüfi deyil ki, «ərəb koalisiyası» Yəməndəki hərbi əməliyyatların husilərin tam məğlubiyyətinə qədər davam edəcəyini bildirir. Güman ki, husilərlə haq-hesab çəkəndən sonra, vaxtına-vədəsinə qədər, ABŞ və Səudiyyə Ərəbistanına nə «koalisiya», nə də «ərəb ordusu» lazım olmayacaq…
Başqa tərəfdən, tarixi təcrübə göstərir ki, milli maraqlar naminə ərəblərin birləşməsi, birgə müdafiə olunması çox çətin məsələdir. Bu çətinlik, əsasən, bölgənin ifrat «həssas» olması ilə şərtlənir. Məlumdur ki, ötən əsrin ortalarında belə cəhdlər olub. Birləşmiş Ərəb Respublikasının yaranması (1958-1971-ci illər) və süqutunu buna misal göstərmək olar. O zaman bu birliyin pozulması məhz Suriyanın dağıdıcı fəaliyyəti nəticəsində baş verdi.
Beləliklə, bütün bunlara söykənərək, əminliklə söyləmək olar ki, «ərəb koalisiyası», «birləşmiş ərəb ordusu» iddiaları xülyadan başqa bir şey deyil və bütün hallarda, ərəb xalqına heç bir fayda verməyəcək.
AzPolitika.info