Nazir və qohumları 7,3 milyardı hara və necə xərcləyib?
Azərbaycan artıq bir çox qanunlar məhz məmur özbaşnalıqları üzündən pozulması adi hala çevrilib.
"Xeberinfo.com": Məlumata görə, Ölkədə artıq bir çox beynəlxalq konvensiyaları da diqqətə almırlar. Məsələn, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasında qohumbazlıq korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Elə Azərbaycanda da qohumlarını vəzifəyə qoymaq vəzifədən sui-istifadə hesab edilir və qanunla qadağandır. Amma iqtidarda təmsil olunanlar buna riayət etmirlər. Hətta bunların arasında bir nazir var ki, heç prezident İlham Əliyevin də onun qədər yaxın qohumları vəzifədə təmsil olunmur. Bu, nəqliyyat naziri Ziya Məmmədovdur.
Məmmədovların adı hətta idarə müdirlərinin ölümündə belə hallanıb
Ziya Məmmədovun oğlu Anar Məmmədovun biznesi haqqında Meydan.tv’də araşdırma yayınlanmışdı. Bu dəfə isə nəqliyyat nazirinin müxtəlif vəzifələri tutan qohumları barədə infoqrafikanı sizə təqdim edirik.
Siz zaman-zaman mətbuatda bu qohumları müxtəlif qanunsuzluqlarda və özbaşnalıqlarda adının hallanmasının şahidi olmusunuz. Hətta mətbuatda qohumlarına görə adı ən çox hallanan nazir belə demək olar. Məsələn, 2013-cü ildə keçirilən prezident seçkilərində nazirin bacısı Məhbubə Məmmədovanın (“Tərəqqi” litseyinin direktoru) məntəqədə seçkilərin saxtalaşdırlması ilə bağlı xüsusi canfəşanlığı, müşahidəçi qismində olan fəalları hədələməsi faktından çox yazıldı. Nəqliyat nazirinin daha iki qohumu- xalası və əmisi oğlu icra hakimiyyəti başçısıdır. Zərdab və Göyçaydan, eyni zamanda Ucardan gələn vətəndaş şikayətlərinə nəzər salmaq kifayətdir. Hər halda nəqliyyat nazirinə arxalanaraq, vətəndaşları incitməkdən çəkinməyən Məmmədovların adı hətta idarə müdirlərinin ölümündə belə hallanmışdı.
Bütün bunlar mətbuatda səslənən və hələ ki, hüquq-mühafizə orqanları tərəfindən təqibə alınmayan məlumatlardır. İndi isə sizə faktları və rəqəmləri təqdim etmək istərdik.
Tendersiz “udulan” milyardlar – tam 7.3 milyard manat
Azərbaycan qanunlarına görə, dəyəri 50 min manatı ötən bütün dövlət əsaslı layihələr tender vasitəsilə reallaşdırılmalıdır. Amma təcrübədə bu qaydaya əməl olunmaması ilə bağlı bəlkə də yüzlərlə fakt var. İnkişaf etmiş ölkələrdə büdcə vəsaitlərinin ən azı yarısı açıq tenderlər vasitəsilə xərclənir. Azərbaycanda bu göstərici heç 15 faiz deyil. Hələ onu qeyd etməliyik ki, keçirilən tenderlər nə qədər formal xarakter daşıyır, müzakirə mövzusudur. Qanuna görə, açıq tenderlərdə azı 3 iddiaçı olmalıdır. Məmurlar isə öz “proxy” (arxasında real sahibi başqa şəxslər olan) şirkətlərini tender prosesinə qoşur, süni rəqabət yaradırlar. Sonda isə qalib məhz bilavasitə onlara məxsus müəssisələr olur. Bütün bu oyunlara rəğmən də saysız, hesabsız tender layihəsi barədə məlumat ictimaiyyətə açıqlanmır, hökümətin rəsmi tender.gov.az saytında öz əksini tapmır.
Məsələn, ölkəyə neft pulları daxil olmağa başladığı dövrdən indiyə qədər olan müddətdə Nəqliyyat Nazirliyinin, yəni Ziya Məmmədovun dövlət büdcəsi vasitəsilə həyata keşirdiyi layihələrin hamısı ilə bağlı məlumatı nəzərdən keçirək: 2005-ci ildən 2013-cü ildək olan layihələrin ümumi dəyəri 7.3 milyard manatdır. Bu məbləğə xarici kreditlər daxil deyil. Halbuki həyata keçirilən böyük layihələrin əksəriyyətinə xarici kreditlər də alınıb. Bunların arasından ən böyük layihələrlə bağlı məlumatı seçib təqdim edirik. Bu siyahıdakı layihənin bəzisi mütəmadi yeyinti mənbəyidir, xüsusilə hər il təmirinə pul ayrılan yollar.
1. Qələbə meydanında (“Gənclik” metrostansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi: 2010-cu il – 225 milyon, 2011-ci il – 80 milyon, 2012-ci il – 40 milyon, 2013-cü il – 62 milyon, 2014-cü il – 5 milyon manat.
2. Neftçilər prospektində 6 ədəd və digər küçələrdə 5 ədəd yeraltı keçidlərin layihələndirilməsi və tikintisi: 2010-cu il – 37 milyon, 2011-ci il – 15 milyon manat.
3. Qusar-Ənik-Ləzə- Suvar avtomobil yolunun tikintisi: 2010-cu il – 10 milyon, 2011-ci il – 10 milyon, 2012-ci il – 19 milyon 650 min, 2013-cü il – 50 milyon, 2014-cü il – 20 milyon manat.
4. “Bakı dairəvi avtomobil yolunun tikintisi” layihəsində Azərbaycan tərəfinin payı (21,5km): 2005-ci il 1 milyon 773 min , 2006-ci il – 2 milyon 218 min, 2007-ci il – 12 milyon , 2008-ci il – 26 milyon 140 min, 2009-cu il – 45 milyon 600 min, 2010-cu il – 13 milyon 840 min, 2011-ci il 9 milyon 68 min, 2012-ci il – 3 milyon 310 min manat.
5. “Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi” layihəsində Azərbaycan tərəfinin payı: 2010-cu il – 1 milyon, 2011-ci il – 15 milyon, 2012-ci il – 10 milyon, 2013-cü il 20 milyon, 2014-cü il 17 milyon manat.
6. “Magistral yol II” layihəsində Azərbaycan tərəfindən payı (əlavə maliyyələşdirmə sazişi ilə birlikdə): 2009-cu il – 50 milyon, 2010-cu il – 60 milyon, 2011-ci il 90 milyon, 2012-ci il 70 milyon, 2013-cü il – 70 milyon, 2014-cü il – 15 milyon manat.
Qeyd olundu ki, təqdim edilən rəqəmlər sadəcə Azərbaycan tərəfinin ayırdığı məbləğlərdir. Təqdim edəcəyimiz digər sənəddə isə göstərilir ki, Dünya Bankı “Magistral yol II” layihəsi üçün öncə 200 milyon manat, sonra isə 300 milyon manat maliyyə ayırıb.
Bütün bunların kredit olduğunu nəzərə aldıqda, Azərbaycana bu yol layihələrinin neçəyə başa gəlməsini hesablamaq çətindir. Çox təəssüf ki, biz bütün layihələr üçün ayrılan kredit sənədlərini əldə etmək imkanından məhrumuq.
7. “Hacıqabul-Kürdəmir 2 zolaqlı avtomobil yolunda əlavə 2 yol zolağının tikintisi və yenidən qurulması”: 2011-ci il – 8 milyon 300 min, 2012-ci il – 20 milyon, 2013-cü il 30 milyon, 2014-cü il – 6.4 milyon manat.
8. İsmayıllı-Lahıc avtomobil yolunun əsaslı təmiri (19 km): 2008-ci il 3 milyon, 2009-cu il 2 milyon, 2010-cu il 2 milyon, 2011-ci il 3 milyon, 2012-ci il 4 milyon, 2013-cü il 5 milyon, 2014-cü il 2.5 milyon manat.
9. «Bilgəh-Novxanı-Sumqayıt» yolunun tikintisi və tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi: 2010-cu il – 59 milyon, 2011-ci il – 93 milyon, 2012-ci il – 80 milyon, 2013-cü il – 40 milyon manat.
10. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni beton örtüklü avtomobil yolunun layihələndirilməsi və tikintisi: 2010-cu il – 2 milyon 500 min, 2011-ci il – 90 milyon, 2012-ci il – 40 milyon, 2013-cü il 100 milyon, 2014-cü il 20 milyon manat.
11. Heydər Əliyev Hava Limanı – Mərdəkan dairəsi – Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması: 2009-cu il – 70 milyon, 2010-cu il – 180 milyon, 2011-ci il – 120 milyon, 2012-ci il 3 milyon 837 min 900 manat, 2014-cü il 70 milyon manat.
12. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının TİƏ və LSS-nin hazırlanması və tikintisi: 2009-cu il – 5 milyon, 2010-cu il – 10 milyon, 2011-ci il – 50 milyon, 2012-ci il – 50 milyon, 2013-cü il – 40 milyon manat.
13. “Dəmir yolu nəqliyyatı və ticarətinin dəstəklənməsi” layihəsində Azərbaycanın payı: 2008-ci il – 17 milyon, 2009-cu il – 1 milyon, 2010-cu – 10 milyon, 2011-ci il – 20 milyon, 2012-ci il – 20 milyon, 2013-cü il – 30 milyon, 2014-cü il – 13 milyon manat.
14. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması: 2008-ci il – 26 milyon, 2010-cu il – 10 milyon, 2011-ci il – 37 milyon, 2012-ci il – 23 milyon manat.
Bu sistemin rəhbərliyi də nəqliyyat nazirinin yaxın qohumuna (Nazirin baldızı oğlu Elnur Abdullayevə) tapşırılıb. Bu, birbaşa tabeliyində olan sistemdə qohumunun vəzifəyə təyin olunmasıdır və “Dövlət Qulluğu haqqında” qanunun pozulmasıdır.
15. Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi və tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi: 2011-ci il 10 min, 2012-ci il – 18 min, 2013-cü il – 38 milyon 180 min 900 manat.
16. Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması: 2011-ci il – 25 milyon, 2012-ci il – 100 milyon, 2013-cü il – 42 milyon, 145.5 milyon manat.
17. Kürdəmir-Yevlax avtomobil yolunun tikintisi layihəsində Azərbaycann tərəfinin payı: 2013-cü il – 64 milyon 900 min, 2014-cü il – 40 milyon manat.
18. Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı – Yevlax hissəsinin yenidən qurulması layihəsində Azərbaycan tərəfinin payı: 2011-cu il – 40 milyon, 2012-ci il – 24 milyon, 2013-cü il – 25 milyon, 2014-cü il – 10.2 milyon manat. Bu yolun Azərbaycan tərəfinin payı 99 milyon 200 min manat olsa da, ümumi büdcəsi 404 milyon manatdır. Vəsaitin geri qalan hissəsi kredit götürülmüşdür. (Mənbə: prezident.az)
Məsələn, Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında yerüstü piyada keçidinin tikintisinə 2012-2013-cü illərdə 3 milyon 400 min vəsait xərclənib. Bir piyada keçidin tikilməsi niyə bu qədər baha başa gəlib, açıqlanmır.
Və ya Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması:
2008-ci il – 26 milyon, 2010-cu il – 10 milyon, 2011-ci il – 37 milyon, 2012 –ci il – 23 milyon.
Bakıda İntelektual İdarə edilməsi sisteminin nə qədər yararsız olmasını hamı bilir. Bəs bu qədər büdcə pulunun havaya sovrulmasına nə gərək vardı?
Digər dövlətlərdə yol təmirinə xərclənən pullar Azərbaycanda yolların təmirinə xərclənən vəsaitdən 2-3 dəfə azdır. “Dünya Bankı”nın mənbələrinə istinadən aşağıdakı cədvəllərə nəzər sala bilərsiniz.
Rəqəmlər niyə gizlədilir?
Ekspertlərin fikrinə görə, tenderlərin rəsmi siyahılara salınmamasının səbəbləri içindən ən böyük ehtimal bu tenderlərin formal xarakter daşıması və tenderlərin eyni və şəxsi maraqlara cavab verən şirkətlərə verilməsidir. Yol layihələrində işləyən şəxslərlə söhbətimizdən məlum oldu ki, layihələrdə əsasən “MEN-trans”, “M trans”, “AZ-M.TRANS”, “Azerİnşaatservis”, “Azpod” və “POLAT YOL YAPI SAN VE TİC” şirkətlərinin adı keçir. Bu şirkətlər haqqında rəsmi məlumat bazalarında tapdıqlarımızı sizinlə paylaşırıq.Bu şirkətlərin içindən, dəfələrlə mətbuatad qeyd olunan, “MEN trans”ın qeyri-rəsmi Namiq Məmmədova məxsusluğu, şirkətin adındakı abraviaturanın Məmmədov Elgün Namiq oğlu olduğunu bildirirlər. “Men Trans”la bərabər yol layihələrində asfalt basan maşınların, qum, çınqıl, materiaı daşıyan maşınların və müxtəlif texnikanın təminatında iştirak edən ikinci şirkət isə “Azpod” şirkətidir.
Amma ən maraqlısı yuxarıda göstərdiyimiz iriməbləğli layihələrin həyata keçirilməsi ilə bağlı iki şirkət öz saytında məlumat yerləşdirib. “Azərinşaat servis” və “POLAT YOL YAPI SAN VE TİC”. Və hər iki şirkət eyni layihələrin öz şirkətləri tərəfindən həyata keçirilməsi ilə bağlı məlumat veriblər. Bu iki şirkətin heç birinin tender alması ilə bağlı Azərbaycan Respublikası Dövət Satınalamalar Agentliyinin saytında rəsmi məlumat yoxdur. Təqdim olunan yazı surəti də buna sübutdur. Baxmayaraq ki, şirkət öz saytında son 6-7 ildə həyata keçirilən bütün layihələri öz uğuru kimi göstərib və bu şirkət tərəfindən həyata keçirildiyi bildirilib.
Biz “Azərinşaatservis” şirkətinin adını tender.gov.az da verilən bütün məlumat bazasında axtardıq, və şirkətin rəsmi tender alması ilə bağlı hec bir məlumat tapılmadı.
Eyni zamanda “Polat” şirkəti haqqında Vergilər Nazirliyinin saytında məlumat olsa da, “Azərinşaatservis” haqqında Vergilər Naziriyinin bazasında heç bir məlumat yoxdur. Şirkətin hansı VÖEN-lə çalışdığı məchul qaldı. Amma mətbuatda “Azərinşaatservis”in nəqliyyat naziri Ziya Məmmədova məxsus olması ilə bağlı məlumatlar var.
Bundan başqa, yerli kütləvi informasiya vasitələrində adı çəkilən “Polat” şirkətinin “proxy” olması, əslində layihələri alaraq “Azərinşaatservis”ə ötürməsi ilə bağlı da iddialara rast gəlinir. O üzdən suallarımızı rəsmi məlumatlarda “Polat” şirkətinin qanuni təmsilçisi olanAbduləziz Güllücənin Facebook profilinə yazaraq aşağıdakı sualları cavablamasını istədik.
1. Vergilər Nazirliyinin bazasında siz “Polat” şirkətinin qanuni təmsilçisi kimi göstərilmisiz. Amma özünüzü hər yerdə maliyyə və idari işlər müdürü kimi təqdim edirsiz. Səbəb nədir?
2. Sizin Azərbaycanda həyata keçirdiyiniz layihələrin siyahısı saytınızda yer alıb. Eyni layihələrin həyata keçməsinin “Azərinaşaatservis” də öz uğuru kimi göstərib. Bu barədə nə deyə bilərsiniz?
3. Sizi saytınızda göstərdiyiniz layihələr Azərbaycan dövlət büdcəsi tərəfindən maliyyələşən və tender vasitəsilə verilən layihələrdir. Amma sizin şirkətin layihə alması ilə bağlı Azərbaycan Respublikası Dövət Satınalamalar Agentliyinin saytında rəsmi məlumat yoxdur. Bununla bağlı nə deyə bilərsiz?
A.Güllücə suallarımıza cavab verərsə, onu da sizə təqdim edəcəyik. Qarşı tərəfdən bütün bunlarla bağlı hər hansı münasibət öyrənmək mümkün olmadı. Məmmədovların, eləcə də adıçəkilən şirkətlərin rəhbərlərinin mövqeyini dərc etməyə hazırıq.
Aynur İmranova, Meydan TV