“SOVET SƏFİRİ DEDİ Kİ, BAKIYA QOŞUN YERİTMƏK İSTƏYİRLƏR…”–"Xatirat"ın Azərbaycanla bağlı son bölümü
“Xatirat”ın son qismini bilərəkdən 20 yanvara saxladım.
Yenixeber.org: Haşimi Rəfsəncaninin gündəliyindən başqa, bu xüsusda xatırlanmalı daha bir mənbə Turqut Özal, Süleyman Dəmirəl və Ərdal İnönü üçlüyünün söhbətidir. Amma 1990-ın dəhşətlərini görmüş bir adam kimi, mənim üçün o dövrlə bağlı ən yaxşı mənbə Hikmət Hacızadənin gündəliyidir.
O, keçmiş Ali Sovetdə yaradılmış xüsusi təhqiqat komissiyasının qovluğunda idi. Adını belə unutduğum xeyirxah bir insan 1992-ci ildə mənə təqdim etdi və gündəliyin bir qismini “7 gün” qəzetində dərc etdim.
Maraqlananlar kitabxanaya baş vursun, geniş bilinməyən və ya unudulan xeyli mətləbdən agah olacaq.
25 may 1988
Sovet İttifaqındakı səfirimiz cənab [Nasir Heyrani] Nubari gəldi. O, ruslar üçün bir çox problemlərin olduğunu söylədi: Əfqanıstandan geri çəkilmə, daxili mübahisələr, Azərbaycandakı münaqişə, bu vəziyyətlərdən necə faydala biləcəyimiz, xüsusən, ruslarla Əfqanıstanda əməkdaşlıq və İraqla müharibədə biz və ruslar arasında bir tənlik yaratmaq barədə müzakirə apardıq.
24 noyabr 1988
Baş nazir bildirdi ki… Sovet Azərbaycanında münaqişə var və ola bilsin ki, bir qrup insan İranda özünə sığınacaq axtarsın…
1 dekabr 1988
Səhər saat 10-nun yarısında Məclisə (həmin dövrdə Rəfsəncani İran parlamentinin sədri idi – Ə.R.) gəlib çatdım. Hesabatlarda Sovet Azərbaycanında üsyan və İslam şüarlarının səslənməsi diqqətçəkicidir.
20 iyun 1989
Günorta saat 3-ün yarısında təyyarəmiz Moskvanın cənubunda qonaqlar üçün nəzərdə tutulan hava limanına endi…
…Səfirliyimizə getdik. Yol yoldaşlarım və səfirlik üzvləri toplaşdı. Danışıqları müzakirə etdik. Əsasən razıdırlar. Məlumat verdilər ki, Azərbaycanın müsəlman bölgəsinə (Bakıya) səfərimizə razılıq verilib…
23 iyun 1989
Səhər saat 6-nın yarısında yuxudan oyandım. Radiolarında xəbərləri farsca dinləyə bilmədim. BBC və “Amerikanın Səsi” radiostansiyaları Moskvada yaxşı tutur, Leninqradda qıcırtı ilə.
Saat 8-də rəsmi bildirişlə hava limanına çatdıq və Bakıya uçduq. Saat təxminən 12-də çatdıq.
Bizi [Azərbaycan prezidenti] Vəzirov qarşıladı və iqamətgaha doğru hərəkət etdik. Bakı camaatı emosiyalarını ifadə etmək üçün küçələrin hər iki tərəfinə düzülmüşdü.
Baş nazir Azərbaycanın xalqının rifahı, sənayesi, neft və sosial-iqtisadi işləri barədə yaxşı izahat verdi. Dəbdəbəli yaşayış yerləri var, Moskvadan daha yaxşıdır.
Namaz qılmaq üçün şiə məscidinə getdik. Yaxşı bir icmaya sahib idi və sovet agentlərinin qorxduğu dərəcədə coşqu izhar etdilər. Mənə təbriklərini çatdırdılar. Hətta hicabsız qadınlar nə cürsə əbamın ətəyini öpməyə çalışdılar, qəti imtinama baxmayaraq, bir neçəsi bunu bacardı. Minbərdə oturub onlarla moizə oxudum. Çox ağladılar.
Günorta və əsr namazları imamlığımla qılındı. Məscidin imamı [cənab şeyxülislam Allahşükür Paşazadə] də vida sözləri söylədi.
İqamətgaha qayıtdıq.
Çox yaxşı və ləzzətli naharda Sovet İttifaqında ilk dəfə ləziz və İslami yemək yedik, əlbəttə, həm də səfirliyimizin sayəsində.
Sonra prezidentlə görüşmək üçün Saraya getdik. [Kommunist Partiyasının Baş katibi – 1-ci katibi – Ə.R.] və Azərbaycan prezidenti cənab [Əbdülrəhman] Vəzirov əməkdaşlıq haqqında yaxşı danışdı və mən xüsusilə, Xəzər dənizi, su və ətraf mühitin birgə idarə olunması və s. barədə nitq söylədim.
Əlyazmalar İnstitutuna getdik. Bir sıra İslam əlyazmalarını gördük, maraqlı idi. Əməkdaşlıq vurğulandı və xatirə kitabında qeyd yazdım. İnsanlar binanın qarşısında toplaşmışdılar. Onların arasına girdik və hisslərimizi bölüşdük.
Yüksək nöqtədən şəhərin mənzərəsini və Bakı limanını seyr etdik. Qədim əraziyə Qız Qalasından baxdıq. Konsulluğumuza da getdik və sovet xalqının İrana səyahətini asanlaşdırılmasını vurğuladım.
İqamətgahımıza qayıtdıq.
İsti, yorğunluq və rütubətdən əldən düşmüşdüm. Yarım saat yatdım, sonra hava limanına yollandıq. Yolda insanların hərarətli hisslərinə şahid olduq. Sovet İttifaqı xalqını salamlamaq və onlara maraqlarını ifadə etmək mən və yoldaşlarım üçün çox vacib idi.
Qısa vidalaşmadan sonra Tehrana uçduq. Yolda, yoldaşlarımızla birlikdə səfərin nəticələrini yekunlaşdırdıq. Dövlət və kəşfiyyat orqanları sovet xalqının İrana, həmçinin Sovet İttifaqında yaşayan iranlıların İrana getmələrini asanlaşdırmaq və təşviq etmək barədə razılığa gəlmişdilər.
Axşam saat 8-də Mehrabad hava limanında idik. Qarşılama mərasimindən sonra İRİB-ə müsahibə verdim. Evə yollanarkən, maşının radiosunda cənab Qorbaçovla birgə bəyanatımın və anlaşma memorandumunun mətnini dinlədim.
Ev gec gəlib çatdıq. İmamın evində nahar etdik. Telefonla Rəhbərə səfərin qısa hesabatını verdim.
“Amerikanın Səsi” radiosunda deyildi: “ABŞ Sovet İttifaqının İranla işləmək səylərini qınayır”.
28 noyabr 1989
Bu yaxınlarda Bakıda, Sovet Azərbaycanında keçirdiyimiz sərgidə olmuş bir qrup direktor məhsulların geniş satışından danışdı. Maneələri aradan qaldırmağa çağırdılar.
5 dekabr 1989
Sübh namazından sonra səhər saat 9-dək işlədim. Xarici hesabatlarda birinci məsələ Şərq dünyası (sosialist ölkələri bloku – Ə.R.) və kommunist ölkələrindəki hadisələrdir. Daxili işlər naziri (Abdullah Nuri – Ə.R.) məlumat verdi ki, Sovet Azərbaycanında iki Azərbaycanın birləşməsi şüarı ilə geniş miqyaslı nümayişlər başlayıb, Şərqi Berlindən Qərbi Berlinə keçid kimi, insanların eyni şəkildə sərhədi keçmələri mümkündür.
30 dekabr 1989
İlk gecədə Sovet Azərbaycanının problemləri və hadisələri ilə bağlı kəşfiyyat, daxili işlər və xarici işlər nazirləri ilə iclasımız oldu. Təhlil budur ki, bakılıların özləri İslam inqilabına meyllidirlər və vəhdətə səsləyirlər, lakin sovet hakimiyyəti ünsürləri və kütləvi nüfuz sahibləri Azərbaycanın müstəqilliyi və s. şüarlara üstünlük verirlər. Qərara alındı ki, ruslarla danışıqlar aparmaq üçün Moskvaya bir nümayəndə heyəti göndərilsin, həqiqəti aydınlaşdırmaq üçün Bakıya da heyət ezam olunsun, Tehran və Təbrizdə işlər daha diqqətlə izlənilsin.
Gecə ofisimdə qaldım və işlərimi tamamladım.
4 yanvar 1990
Axşam saat 8-ə qədər işlədim. Doktor Vilayəti və mühəndis [Mir Hüseyn] Musəvi ilə Sovet Azərbaycanı ilə sərhəd məsələlərinə dair söhbətimiz oldu.
11 yanvar 1990
Doktor [Əli Əkbər] Vilayəti və [Mahmud] Vaezi gəldilər və Vaezinin Moskvaya səfəri barədə məruzə etdilər. Ruslar Azərbaycan məsələsindəki mövqeyimizdən razı qalıblar, turist mübadiləsi, silah alışı və iqtisadiyyat kimi digər proqramların gedişatından məmnundurlar.
13 yanvar 1990
Gecə Əhməd ağa (Xomeyninin oğlu – Ə.R.) ilə birlikdə Rəhbərin yanındaydıq. Cənab Müntəzirinin problemləri və Sovet Azərbaycandakı vəziyyət müzakirə edildi və qərar verildi.
14 yanvar 1990
Axşam hökumətin iclası keçirildi… Doktor Vilayəti Sovet Azərbaycanı mövzusunda məlumat verdi.
16 yanvar 1990
Doktor Vilayəti telefonla xəbər verdi ki, sovet səfiri gəlib və bildirib ki, ruslar təhlükəsizliyin bərqərar edilməsi üçün Sovet Azərbaycana qoşun göndərmək istəyirlər. Bizi əmin etdilər ki, heç bir qəsd-qərəzləri yoxdur. Biz də dedik ki, xalqla kobud rəftar etməyin.
Xəbəri dərc etməyi tapşırdım.
18 yanvar 1990
Evdə idim. Vaxtımı istirahət etmək və hesabatları oxumağa sərf etdim. Daxili İşlər Nazirliyindən bu gün təxminən 85 sovet azərbaycanlısının, Cümə namazlarında iştirak etmək üçün ölkələrinin qanunlarını pozaraq, Ərdəbil, Biləsuvar, Germi, Parsabad və Astara şəhərlərinə gəldikləri söyləndi. Müştərək Qərargahdan mümkün hadisələri nəzərə alaraq əraziyə bir neçə helikopterin göndərilməsini tapşırdım. Cənab Mirzadəyə dedim ki, ərzaq və s. tədarük göndərsin. Xarici İşlər Nazirliyinə tapşırdım, Sovetləri xəbərdar edin ki, sərhədlərini nəzarətdə saxlasınlar.
20 yanvar 1990
Səhər saat 8-in yarısında iqamətgahıma gəldim. Saat 9-un yarısında [prezidentin siyasi məsləhətçisi] mühəndis [Mir Hüseyn] Musəvi təşrif gətirdi. Azərbaycan məsələsi və Moskvada mümkün qətnamə barədə danışıqlara dair məruzə etdi…
Sovet Azərbaycandakı münaqişənin davam etməsi, Naxçıvanda müstəqillik bəyanatı verilməsi və Sovet Azərbaycanı xalqına qarşı zorakı davranış iddiaları İrana gəlib çatıb…
Axşam Ali Milli Təhlükəsizlik Şurası toplandı. Azərbaycanla bağlı məsələlər müzakirə edildi və XİN-in xalq etirazının yatırdılmasına təəssüf məzmunlu bəyanat verməsi qərara alındı.
21 yanvar 1990
Kabinə iclasında iştirak etdim. Sovet Azərbaycandakı vəziyyət müzakirə edildi. Kəşfiyyat Nazirliyi Naxçıvan və Bakıdan iki nümayəndə heyətinin gəldiyini bildirdi. Dəstək və rəsmi tanınma istəyirlər.
Gecə Ayətullah Xamnəi ilə görüşümüz oldu. Azərbaycanın məsələsi ilə bağlı siyasətə dair müzakirə apardıq və qərarlar verdik. Sovet İttifaqının tənqidinin sərt olması nəzərdə tutulmurdu. Qərar mediaya çatdırıldı…
24 yanvar 1990
Axşam kabinə iclasında iştirak etdim. Azərbaycan, Kəşmir, Sovet İttifaqı və Hindistanla münasibətlər müzakirə edildi və qərar verildi…
Saat 9-dək iqamətgahımda işlədim və evə gəldim. Azərbaycan qərargahının siyasəti ilə bağlı media işinin davam etdirilməsi barədə Rəhbərlə telefon söhbətimiz oldu.
30 yanvar 1990
…Sonra Ekspertlər Şurasının iclası oldu… Sovet Azərbaycanının problemləri müzakirə edildi. [Ekspertlər Şurasının sədri] cənab Meşkini dedi ki, Azərbaycan müsəlmanlarının mədəni qidalanması üçün qərargah təsis edib və məndən kömək istədi. Qəbul etdim.
2 fevral 1990
Evdə idim. Qar yağırdı. Vacib işim yox idi. Vaxtın çox hissəsini istirahət edib, hesabatları oxumağa və öyrənməyə sərf etdim. Uşaqlar gəldi və sakit bir gecə keçirdik. Hesabatlarda Yuqoslaviyadakı Kosova əyalətinin asiyalı-müsəlman əhalisinin üsyanı, Kəşmir və Sovet Azərbaycanında ehtirasların yatırılması mövzuları diqqətçəkicidir.
3 fevral 1990
Kəşfiyyat Nazirliyindən cənab [Mustafa] Purməhəmmədi gəldi. Təhlükəsizlik hesabatı verdi və Sovet Azərbaycanı mövzusunda danışdı…
8 fevral 1990
Axşam Livandan cənab Səid Şəban (Livan Tövhid Hərəkatının sünni lideri, din xadimi – Ə.R.) gələrək “Hizbullah”, “Amal”, Sovet Azərbaycanı, Suriya ilə münasibətlər, iraqlı olmayan məhbuslar, sudanlılar və Müftizadə ilə bağlı danışdı.
15 fevral 1990
Gecə cənab [Seyyid Əbdülkərim] Musəvi Ərdəbili gəldi. Qumdakı işləri və güzaranı haqqında danışdı. Hökümətə dəstək ifadə etdi, Ayətullah Müntəzirinin vəziyyətini izah etdi və özünün Dar əl-Alam İnstitutu üçün xahiş etdi. Ölkənin ümumi vəziyyəti, xüsusən də Azərbaycan problemləri və bölgə üləmasının daha çox fəallığının zəruriliyi müzakirə edildi.
Doktor Vilayəti telefonla Sovet İttifaqı ilə son müqavilələr üçün kredit açmağa çağırdı. Evə gəldim. Qar yağırdı.
19 may 1991
Cənab [Məsih] Mühaciri (Rəfsəncaninin ictimai məsələlər üzrə müşaviri, ruhani, jurnalist, siyasətçi, hazrda İslam Universitetində prezidentin təmsilçisi – Ə.R.) gəldi. Sovet İttifaqına səfər haqqında məruzə etdi, sovet respublikaları müsəlman kütlələrinin İrandakı inqilaba marağı və Azərbaycan kütləsinin ərəb əlifbasına meyilinə baxmayaraq, ziyalıların latın əlifbasına meyl göstərdiyini danışdı. “Salam” və “Cəhan-e Eslami” (“İslam dünyası”) qəzetlərinə etiraz etmək üçün icazə istədi. Dedim ki, bunu aqressiv deyil, nəsihətamiz etsin.
11 iyun 1991
Sovet Azərbaycanının baş naziri [cənab Həsən Həsənov] gəldi. Sovet İttifaqına səfərimin təsiri və bizimlə daha çox əməkdaşlığa ehtiyac olduğunu dedi. Elektrik enerjimiz və qazımızla Naxçıvan bölgəsini təchit etməyimizi, habelə Ermənistan ərazisindəki dəmir yolu keçidində Azərbaycanın iki hissəsi arasında mümkün əlaqənin itirilməsinin qarşısını almağımızı istəyirlər.
18 avqust 1991
Sovet Azərbaycanının prezidenti [cənab Ayaz Mutlabov] gəldi. Uzun danışıqlarımız oldu. Bütün digər sovet respublikaları ilə müqayisədə vəziyyətlərinin daha yaxşı olduğunu iddia etdi. Digərlərindən fərqli olaraq, burada istehsal nisbi azalıb və insanlar daha yaxşı güzaran keçirir və birbaşa seçkilər keçirməyə hazırdırlar. İranla əlaqələrin inkişafında maraqlıdırlar.
31 avqust 1991
[Bu gün Hüseynin Ərbəinidir]. Evdə idim. Dünən olduğu kimi, vaxtı mütaliə və istirahətə sərf etdim. Sovet Azərbaycanının müstəqilliyini elan etməsi xəbəri bizim üçün mühümdür. Xarici İşlər Nazirliyi və Rəhbərliklə onların tanınması barədə telefon danışığımız oldu; əlavə araşdırma planlaşdırıldı.
21 sentyabr 1991
Axşam doktor [Həsən] Ruhani Ali Milli Təhlükəsizlik Şurasının iclası üçün icazə almağa gəldi. Şuranın iclasında iştirak etdim. Küveyt-ABŞ razılaşması, Türkiyə ilə sərhəd problemləri və suyun Fars körfəzinin cənubundan nəqli və Ermənistanın mühasirəsindən qurtulmaq üçün Araz çayının cənubunda dəmir yolunun inşası, Naxçıvanla əlaqə qurması üçün dəmir yolunun Sovet Azərbaycanının istifadəsinə verilməsi məsələləri müzakirə edildi.
4 oktyabr 1991
Yerli və xarici xəbərləri və hesabatları nəzərdən keçirdim. Yuqoslaviya böhranının siyasi çevrilişlə bitməsi diqqətəlayiq məqamdır. Duman olduğuna görə helikopterlə uça bilmədik. Mil-Muğan su anbarına maşınla çıxdıq. İran və Sovet İttifaqı ilə birlikdə inşa edilən su anbarı birgə istismar edilir. İran və Rusiya rəsmiləri ilə danışdım. Anbarın özü Aras üzərindəki körpü halına gəlib, bu da iki ölkə arasında keçid imkanı yaradıb.
Azərbaycanlılar Naxçıvana İran vasitəsilə, Astara körpüsü ilə keçid xahiş ediblər, hər gün 50 yük maşını. Biz də razılaşdıq. Çünki ermənilər Azərbaycanın iki hissəsi arasında əlaqəni kəsiblər. Orada gömrük məntəqəsi yaradılmasına göstəriş verdim. Yolyoldaşım olan Gömrük İdarəsi rəisi cənab [Mürtəza] Məhəmməd Xan göstərişimi icra etdi.
…Helikopterlə Xudafərin bəndi və Qız Qalası subölüşdümə anbarına yetişdik, Araz çayı boyu Sovet Azərbaycan ərazisinə baxdıq. Pərakəndə kəndlər var. Bir qismi daha səliqə-sahmanlı görünürdü.
… Biləsuvar kiçik bir sərhəd şəhəridir… Meydanda toplaşmış xalq arasında bir qrup sovet azərbaycanlısının olduğu deyiləndə, tərəflər arasında daha çox əməkdaşlığı təşviq etdim.
12 oktyabr 1991
Gecə Əhməd ağa ilə birlikdə Rəhbərin qonağı idik. İraqdakı və Sovet İttifaqındakı vəziyyət, Azərbaycana səfər və Ali Milli Təhlükəsizlik Şurasının iclasının qərarları müzakirə edildi.
19 oktyabr 1991
Ali Milli Təhlükəsizlik Şurası toplandı. [Məhkəmə hakimiyyəti başçısı] cənab [Məhəmməd] Yəzdiyə edamların elan olunmasının qarşısını almaq barədə xəbərdarlıq etdik.
Yığıncaqda Ermənistan Azərbaycan Respublikasının iki hissəsi arasında yolu bağladığından Sovet Azərbaycanına Araz çayının cənub hissəsində etibarlı bir yol qurma üçün icazə verilməsi təsdiq edildi…
23 noyabr 1991
…Saat 9-da evə gəldim. Faizə gəldi və Sovet Azərbaycanının prezidenti ilə mümkün danışıqlar barədə məsləhətləşdi, sabah Bakıya yola düşür.
3 dekabr 1991
Ölkənin baş prokuroru cənab [Seyyid Əbülfəzl] Musəvi Təbrizi gəldi və Sovet Azərbaycana səfəri haqqında məruzə etdi; oradakı ictimai rəydə İranın təsirindən məmnun idi. Konsulluğumuzun zəif fəaliyyət göstərdiyini ifadə etdi…
8 dekabr 1991
Bugünkü xatirələrimi Seneqalın paytaxtı Dakarda, İran səfirliyi binasının ikinci mərtəbəsindəki terrasda, yerli vaxtla səhər saat 8-in yarısı və Tehran vaxtı ilə saat 11-də yazıram…
…Sovet Azərbaycanı təşkilata (İƏT – Ə.R.) qəbul edildi…
12 dekabr 1991
Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin üzvləri gəldi. Onları özümüzlə gətirdiyimiz üçün bizə təşəkkür etdilər, çıxışımdan çox təsirləndikləri və İran prezidentinin konfransın bəzəyi olduğunu söylədilər. Mən [Qafqaz müsəlmanlarının rəhbəri] cənab [Alllahşükür] Paşazadəyə əba hədiyyə verdim. Əbasını itirmişdi.
Azərbaycan Respublikasının heyətinin başçısı qısa yaxalıqlı molla köynəyi geymişdi və onu səfər üçün hazırlatdığını dedi. Qazax da dedi ki, özü üçün beləsini hazırladacaq.