Yenixeber.org: İyul ayının 1-də astna.biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətində təmsil olunan şəxslərin fəaliyyətinə aid araşdırma məqalə dərc edib.
Yazıda İdarə Heyətinin 5 üzvündən ən azı ikisinin və eləcə də aparat rəhbərinin özəl bizneslə məşğul olduğu deyilir.



Dövlət satınalmaları reyestrinə görə, 2017-ci ilin dekabrından bu ilin fevralınadək dövlət müəssisə və təşkilatları bu şirkətə məsləhət xidmətləri və ofis icarəsi üçün 150 min manatadək pul ödəyiblər.

Hüquqşünas Akif Qurbanov deyir ki, KOBİA publik hüquqi şəxs statuslu dövlət qurumu olduğuna görə onun əməkdaşları dövlət qulluqçusu hesab edilmir və bu səbəbdən “Dövlət qulluğu haqqında” qanunla müəyyən olunmuş məhdudiyyətlər onlara şamil edilmir. Lakin “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun vəzifəli şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir: “Bu qadağa həm də ona görə qoyulub ki, vəzifəli şəxs ona həvalə olunan vəzifələrin icrasına fokuslaşsın, işinin keyfiyyəti və səmərəliliyi yüksək olsun. Vəzifəli şəxsə həm də ona görə bizneslə məşğul olmaq qadağası var ki, o, qulluq mövqeyindən istifadə edərək gəlir əldə edə bilməsin”.
A. Qurbanovun fikrincə, vəzifəli şəxs hətta qulluq mövqeyindən istifadə etməsə belə, ictimai rəydə müəyyən şübhələr yaranacaq. “Məsələn, vəzifəli şəxsə bağlı olan şirkətin tenderdə qalib gəlməsi ictimai rəydə fikir formalaşdıra bilər ki, bu uğur həmin şəxsin qulluq mövqeyi sayəsində əldə olunub. Nəticədə isə satınalma prosesinə kölgə salınır. Bu, dövlət satınalmalarının şəffaflığına ictimai etimadı azaldır, çünki maraqlı tərəflərin bu prosesin ədalətli keçməsinə inamını sarsıtmış olur. Elə vəzifəli şəxslərin biznes və digər gəlir gətirən sahələrdə məşğul olması ilə bağlı məhdudiyyətin fəlsəfəsi də buna söykənir: cəmiyyətdə ictimai etimad pozulmasın və fərdlər ustün qulluq mövqeyindən istifadə etməklə seçim proseslərində subyektiv rəyə yol verməsinlər”.
KOBİA-nın mətbuat katibi Vüsalə Quliyeva məsələ ilə əlaqədar ASTNA.biz-ə açıqlama verib: “Qeyd etdiyiniz şəxslər Agentlikdə işə qəbul edilməzdən öncə şirkətlərin fəaliyyətini dondurublar. Bu, işə qəbul prosesində qanunvericiliyin tələblərindən biridir. Agentlik sahibkarlara xidmət edən və dəstək verən bir qurumdur və bu səbəbdən bu tip məsələlərə çox ciddi yanaşılır. Tam əminliklə bildirəm ki, həmin şəxslərin VÖEN-ləri aktiv deyil”.
Qlobal.az-ın əldə etdiyi məlumata görə KOBİA-nın mətbuat katibi Vüsalə Quliyevanın mövzu ilə bağlı ASTNA.biz-ə verdiyi açıqlamadan 10 gün sonra Agentliyin aparatının rəhbəri Şamil Süleymanlının Bakıda qeydiyyatda olduğu mənzildə təsis edilən “Meps” MMC-nin (hazırda “Aqroterminal” MMC adı ilə fəaliyyətdədir) direktoru Taleh Nəsibovun direktor olduğu daha bir şirkət “Azfar-Trans” MMC «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin “Karbamid gübrəsinin daşınması xidmətinin satınalınması” üzrə dəyəri 625.000 manat olan tenderinin qalibi olub.
Xatırladaq ki, KOBİA Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Publik hüquqi şəxs olan quruma ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, sahibkarların maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək, onlara bəzi xidmətlər göstərmək, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirmək kimi vəzifələr həvalə edilib.
Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində KOB-lara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “KOB evi” yaratmaq nəzərdə tutulur. Burada “biznesi planla”, “biznesə başla”, “biznesi inkişaf etdir” kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” (dövlət-biznes) və özəl qurumların 1000-dən artıq “B2B” (biznes-biznes) xidmətləri əlaqəli şəkildə təşkil olunacaq.
Bununla bağlı qərarın qəbul edilməsindən bir il keçib və ilk “KOB evi”nin Bakı şəhərinin Nərimanov rayonunda yaradılması istiqamətində işlər hələ də davam etdirilir. Hələliksə Agentliyin iştirakı ilə yerli idarəetmə modeli olan 14 “KOB Dostu” şəbəkəsi yaradılıb. Hədəf “KOB Dostu” şəbəkəsini 60-a çatdırmaqdır.
Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.(aztoday)