AMERİKA İRANA HÜCUM ETSƏ, NƏLƏRDƏN QORXMALIDIR? İranın köhnəlmiş hərbi texnikası...- Araşdırma
Dmitri Bobrov, tarixçi-şərqşünas
inosmi.ru, 02.06.2019
Müşahidəçilər İran və ABŞ arasında kəskinləşən qarşıdurma fonunda getdikcə daha tez-tez sual edirlər – hücum halında İslam Respublikası ABŞ-a layiqli cavab verə bilərmi?
Yenixeber.org: Hərbi analitik Əkrəm Hərif Parisin “Le Monde Diplomatique” dərgisinin səhifələrində sıradakı nəticəyə gəlir: İranın nizami ordusu İslam Respublikası ərazisinə xarici müdaxiləyə mane olmağa qabildir, amma ondan qıraqda döyüş əməliyyatları aparmağa az hazırlanıb. O biri yandan, “ikinci ordu”, yaxud İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bütün Yaxın Şərq bölgəsində əhatəli əməliyyatlar aparmaq üçün təcrübə və vasitələrə malikdir. Bu bildirir ki, münaqişə qaçılmaz şəkildə Böyük Yaxın Şərq bölgəsinə əndəriləcək və ən ciddi geopolitik nəticələri olacaq.
“MENA Defense” hərbi-analitik portalının mütəxəssisləri hərbi münaqişə ehtimalını tamamilə gerçək sayırlar. Bu yaxınlarda Hörmüz boğazında tankerlərə hücum və Amerikanın dronu məhv edildikdən sonra bölgədə gərginlik kəskinləşməyi davam etdirir. ABŞ öz hərbi iştirakını dolğun şəkildə artırır, müttəfiqləri isə – İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ – İrana qarşı hərbi əməliyyat planını dəstəkləyir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Amerikanın Fars Körfəzi bölgəsində öz maraqlarını hər cür üsulla qorumaq niyyətində olduğunu ifadə edən aqressiv bəyanatları da bunu təsqdiqləyir.
Hərbi analitiklərin fikrincə, mümkün hərbi münaqişənin gedişini İran silahlı güclərinin nadir ikili srtukturunu nəzərə almaqla proqnozlaşdırmaq olar. Bunun üçün tarixə qısa ekskurs etmək gərəkdir. Nizami ordu 1979-cu il İslam İnqilabından sonra neytrallıq elan edib, amma ölkənin yeni dini rəhbərliyi devrilmiş şaha rəğbətdən şübhələnərək zabit korpusunda, xüsusən də rəhbər heyətdə əhatəli təmizlik aparıb. Ordu yeni yaradılan İslam İnqilabı Keşikçiləri Korpusunun, yaxud İİKK-nin sərt nəzarəti altına qoyulub. Əvvəlcə könüllülərdən formalaşdırılan bu qurum klassik orduya əks-tarazlq və monarxiya rejiminin bərpasına istənilən cəhdə qarşı zamin olub. İraq ordusunun 1980-ci ilin sentyabrında İrana hücumundan sonra Tehranın islam rejimi orduya münasibətinə yenidən baxmağa vadar olub. Azad edilmiş zabitlər qulluğa çağırılıb, həbs edilənlər həbsxanadan buraxılıb və cəbhəyə göndərilib. Bu, xüsusən də böyük əksəriyyəti Birləşmiş Ştatlarda təhsil almış hərbi təyyarəçilərə aid idi. Əsil möcüzə baş verdi: bərpa edilən nizami ordu savaşda köklü dəyişikliyə nail olmağı və İranın 1982-ci ildə işğal edilən bütün ərazilərini azad etməyi bacardı.
Mollalar bundan sonra ordunu sonrakı döyüş əməliyyatlarından uzaqlaşdırdı və İİKK dəstələrini İraq cəbhəsinə göndərdi. Onların baş hücumu fəlakətlə başa çatdı, yüz minlərlə adam həlak oldu. Nəticədə savaş 1988-ci ilin avqustunda aşkar qalibsiz bitdi. Amma İran silahlı güclərinin iki hissəyə bölünməyi məhz o vaxtdan bəri saxlanır – özü də tamamilə müxtəlif funksiyalarla.
İslam Respublikası konstitusiyasına əsasən, nizami ordu “ölkənin müstəqilliyi və ərazi bütövlüyünə zamindir”. Halbuki İİKK “İslam inqilabının və onun uğurlarının keşikçisidir”. Başqa sözlə, İran ordusu baş vəzifə – ölkənin qorumaq tapşırılmış quru qoşunları, aviasiya, dəniz donanması və HHM-dən ibarət klassik müdafiə strukturudur. İİKK-ə gəlincə, şiə rejiminin və şəxsən ali ayətullahın hərbi-ideoloji silahı rolunu oynayır. İİKK daha yaxşı maliyyələşdirilir, daha keyfiyyətli, ideoloji baxımdan yoxlanmış kadrlar seçmək imkanı var və “permanent asimmetrik savaş” doktrinasına uyğun hərəkət edir. “Qüds”ün 150 min nəfərə yaxın elit qüvvələri sayəsində İİKK-in Yaxın Şərqin müxtəlif cəbhələrində – Suriyada (Bəşər Əsədin tərəfində), Livanda “Hizbullah”la birgə hərəkət etmək imkanı var, habelə İraq və Yəmənədə şiə könüllülərinə əl tutur.
İranın nizami ordusunda 350 min nəfər olsa da, logistik vasitələri və xaricdə əməliyyat keçirmək üçün vasitə və təcrübəsi yoxdur. Bununla belə, İraqla savaş təcrübəsi göstərir ki, İran ordusu xarici müdaxiləyə qarşı durmaq və öz ərazisini mətanətlə qorumaq bacarığındadır. Gələcək savaşın ssenarisi nəzərdə tutur ki, ordu üstün düşmənə qarşı müdafiə döyüşləri aparacaq, İİKK qüvvələri bu vaxt Yaxın Şərq bölgəsində partizan-təxribat əməliyyatları keçirəcək və düşməni hər üsulla qarışdıracaq. Bundan savayı, İİKK öz imkanlarından birbaşa Fars körfəzində hədəflərə zərbə üçün isitfadə edəcək.
“MENA Defense” analitik saytı qeyd edir ki, İran aviasiyası zəifdir (köhnəlmiş Amerika, sovet və Fransa istehsalı, çoxunun 50 yaşı olan 325 təyyarə), amma HHM qüvvələri yetərincə yüksək səviyyədədir. Onun silahlanmasında Rusiyanın “Rezonans” radiolokasiya kompleksi və passiv “Avtobaza” lokasiyası var – hələ Rusiya və Çin istehsalı klassik radarları demirik. Bu da önəmlidir ki, İran 2016-cı ildə Rusiyanın iki yüz kilometr radiusda strateji obyektləri qorumaq imkanı verən S-300 zenit raket komplekslərini əldə edib. İranın İİKK-ə tabe olan məhz bu qüvvələri bu ilin iyununda Hörmüz boğazı üzərində Amerikanın böyük pilotsuz təyyarəsini vurub.
Diqqətçəkəndir ki, İİKK özünün raket komplekslərini hazırlayır: üç yüzdən beş yüz kilometrədək hərəkət radiuslu üç yüzdən az olmayan “Şahab-1” və “Şahab-2” ballistik raketləri silahlanmadadır. Onların əsasında 80-ci illər sovet texnologiyası durur, amma əsas tədarükçü Şimali Koreya olub. Bu, İraq, Əfqanıstan və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarını təhdid etmək üçün yetərlidir. Bundan başqa, Stokholm Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin məlumatına görə, Tehranın iki min beş yüz kilometr təsir radiuslu yüzə yaxın “Şahab-3” raketi var ki, bu da Səudiyyə Ərəbistanı, İsrail, habelə Çin, Rusiya və Şərqi Avropada hədəflərə zərbə endirməyə şərait yaradır.
Bununla yanaşı, İranın aerokosmik qoşunları düşmən aviasiyası və radarlarına maneələr yaratmağı bacaran yüzlərlə kəşfiyyat və döyüş dronlarına malikdir. Bunlarda raketlər də quraşdırıla bilər, Yəməndə husi qiyamçılar bunu artıq sərgiləyiblər. Saysız-hesabsız sürət katerləri, yerli istehsal olan mini-submarinalar və ekranoplanlar – hava balınclı amfibiya gəmilər də ABŞ donanmasının ciddi problemlərinə səbəb ola bilər.
Xarici analitiklər xəbərdarlıq edirlər: İranın hərbi potensialını çox şişirtməyinə dəyməz. Axı “dünyada dördüncü” adlandırılan İraq ordusu 1991-ci ildə ABŞ başda olmaqla beynəlxalq koalisiyanın zərbəsi altında bir neçə günə dağıdılıb. Doğrudan da, İran silahlı gücləri yarıdan çoxunu İslam İnqilabı Keşikçiləri Korpusunun aldığı mühüm hərbi büdcəyə (2016-cı ildə 16 milyard dollardan çox olub) söykənir. Bu, demək olar, Türkiyə və ya İsrailinki qədərdir. Lakin İranın əsas rəqibinin – Səudiyyə Ərəbistanı – hərbi xərcləri 60 milyard dollara çatır. Bundan başqa, beynəlxalq sanksiya rejimi Tehrana ən yeni silah növləri və köhnələrə ehtiyat hissələri almaq imkanı vermir.
İran Vaşinqton və Təl-Əvivin əks-təsiri üzündən yalnız bir qədər gecikməklə Rusiyanın S-300 HHM kompleksini ala bilib və çoxtəyinatlı Su-30 qırıcısını hələ də əldə etməyib. Əsasını modernləşdirilmiş T-72 sovet tankı təşkil edən zirehli tank qoşunları da köhnəlib. Bununla yanaşı, İİKK bəzi yönlərdə, xüsusən Şimali Koreya texnologiyası əsasında ballistik raketlər yaratmaqda xeyli uğur qazanıb.
London Beynəlxalq Strateji Araşdırmalar İnstitutu analitiklərinin fikrincə, İranın hərbi texnikası ciddi şəkildə köhnəlib, amma Yaxın Şərqdəki ən güclü raket potensialı potensial düşmən üçün ən böyük təhlükə ifadə edir.Ballistik raketlərin 13 növündən səkkizi nüvə döyüş başlığı daşımağa qabildir. Bu bildirir ki, Tehran aviasiyanın zəifliyi üzündən birinci növbədə raket silahından istifadə edəcək.
Tərcümə: Strateq.az.