Surxay Əliyev uşaqlarını xilas etdi, arvadı ilə qapının ağzında tüstüdən boğuldu-Qaçqın yataqxanasında yanğın dramı, hadisə yerindən
Bakının Nərimanov rayonunda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı, uzun müddədir qəzalı vəziyyətdə olan yataqxanada ötən gecə baş vermiş yanğınla bağlı dramatik təfərrüatlar məlum olub. Hadisə yerində olan əməkdaşlarımız xəbər verirlər ki, ər-arvadın tüstüdən boğularaq öldüyü yanğından sonra bu gün səhər saatlarında yataqxanada məskunlaşmış köçkünlər yolu bağlayaraq binadan köçürülmələrini tələb ediblər. Hadisə yerinə çoxsaylı polislər cəlb edilib.
Yenixeber.org: Hazırda yanğında faciəli şəkildə ölən Surxay Əliyev və arvadı Elza Əliyeva üçün yas çadırı qurulur. Məmurlar əvvəlcə yas çadırının qurulmasına icazə vermək istəməyiblər, köçkünlərə təklif ediblər ki, yas mərasimi yaxınlıqdakı məclis evində olsun. Lakin köçkünlər bununla razılaşmayıblar və yas çadırını həyətdə qurmaqda israr ediblər.
Yanğının baş verdiyi yataqxana binasında 60-a yaxın köçkün ailəsi məskunlaşıb. Sakinlər əməkdaşlarımıza deyiblər ki, bina uzun müddətdir qəzalı vəziyyətdədir, habelə elektrik xətləri köhnədir. Onlar dəfələrlə aidiyyatı orqanlara elektrik xətlərinin dəyişdirilməsi üçün müraciət etsələr də tədbir görən olmayıb.
Yanğında ölən ər-arvadın isə 5 övladları var. Əliyevlərin bir qızının əri dənizdə boğularaq ölüb. Nəticədə qızı iki azyaşlı uşağı ilə birlikdə yataqxanada valideyinlərinin yanına sığınmalı olub.
Sakinlər deyiblər ki, yanğın başlayanda Surxay Əliyev uşaqları çölə çıxararaq xilas edə bilib, amma arvadı ilə birlikdə otağı tərk edə bilməyib və qapının ağzında tüstüdən boğularaq ölüblər.
Hazırda faciə ilə bağlı yataqxana sakinləri arasında çox aqressiv əhval-ruhiyyə hökm sürür. Bu saatlarda hadisə yerinə baş nazirin müavini Əli Əhmədovun gələcəyi gözlənilir.
Xatırladaq ki, yanğında 8 nəfər tüstüdən zəhərlənib və Toksikologiya Mərkəzinə yerləşdirilib. Bundan əvvəl də Bakıda qaçqın və köçkünlərin məskunlaşdıqları qəzalı yataqxana binalarında dəfələrlə insan ölümləri ilə nəticələnən yanğınlar baş vermişdi.
Ü.Xudiyeva
G.Əliyeva
Virtualaz.org