HANSI ŞƏHƏRDƏ NEÇƏ MİLYARDER YAŞAYIR? –Şəhərlər və milyarderlər…
Dünyada ən çox milyarderin yaşadığı şəhərlərin siyahısında Moskva yalnız dördüncüdür
” Wealth-X” şirkətinin analitikləri dünyadakı milyarderlərin ən çox hansı şəhərlərdə yaşadığını araşdırıblar. Qərb mətbuatı xəbər verir ki, “Wealth-X”-in yaydığı siyahı 2017-ci ilin nəticələrinə əsasən hazırlanıb.
Yenixeber.org: Aparılan araşdırmalar və hesablamalar nəticəsində planetin ən varlı insanlarının daha çox yaşadığı 10 şəhər müəyyən edilib. Siyahıda 1-ci yerdə ABŞ-a, 10-cu yerdə isə Çin-ə aid şəhər qərarlaşıb:
1. Nyu-York (ABŞ)
Nyu-Yorkun siyahıya başçılıq etməsi təsadüfi deyil. Dünya iqtisadiyyatının rıçaqlarını əlində bərk-bərk saxlayan ABŞ-ın təkcə bu şəhərində 103(!) nəfər milyarderyaşayır. Təsəvvür edin ki, ABŞ-ın təkcə bir şəhərinə aid bu rəqəm dünyanın digər varlı ölkələrindən olan İngiltərədəki milyarderlərin ümumi sayından 13 nəfər çoxdur.
2. Honkonq(Çinin xüsusi inzibati rayonu)
Dünya iqtisadiyyatında möcüzələr yaratmaq üçün böyük ərazilərə sahiblənməyin heç də vacib olmadığını sübut edən Honkonqda 93 milyarder yaşayır. Bu rəqəm əvvəlki illə müqayisədə 21 nəfər çoxdur.
3. San-Fransisko (ABŞ)
Siyahıda 3-cü yer də ABŞ-a aiddir. San-Fransiskoda milyarderlərin sayı ötən illə müqayisədə 14 nəfər artaraq, 74-ə çatıb.
4. Moskva (Rusiya)
Rusiya paytaxtının 4-cü yerdə olması təsadüfi deyil. Şimal qonşumuzdakı neft və qaz maqnatlarının əksəriyyəti paytaxtdakı elit rayonlarda yaşayır. Lakin analitiklərin hesablamalarına görə, Moskvada milyarderlərin sayı ötən illə müqayisədə 2 nəfər azalıb və 69-a enib. Ən çox milyarderlərin yaşadığı ölkələrin siyahısında isə Rusiya geriləyərək, 4-cü yerdən 6-cı yerə düşüb. Ümumilikdə bu ölkədə 96 milyarder yaşayır ki, onların da 69-u Moskvadadır.
5. London (İngiltərə)
Londonda milyarderlərin sayı dəyişməyib və əvvəlki ildə olduğu kimi 62 nəfərdir.
6. Pekin (Çin)
Dünyada ən çox əhalinin yaşadığı Çinin paytaxtında cəmi 57 milyarder yaşayır. Lakin maraqlıdır ki, bu göstərici əvvəlki illə müqayisədə 1.5 dəfə çoxdur. Bu onu göstərir ki, Çin iqtisadiyyatı uğurlarını davam etdirir və ölkənin ən varlı adamları getdikcə paytaxtda yaşamağa daha çox üstünlük verirlər.
7. Sinqapur
Daha bir iqtisadi möcüzələr şəhəri olan Sinqapurda hazırda 44 milyarder yaşayır ki, bu göstərici də əvvəlki illə müqayisədə 7 nəfər çoxdur.
8. Dubay (BƏƏ)
Ərəblər bu siyahıda yalnız 8-ci ola biliblər. Dubayda 40 nəfərin varidatı 1 milyarddan çoxdur. Bundan əvəlki ildə Dubayda 37 milyarder yaşayırdı.
9. Mumbai (Hindistan)
Təzadlar ölkəsi olan və əhalisinin böyük qismi səfalət içində yaşayan Hindistanın Mumbai şəhərində 39 milyarder yaşayır. Onların sayı ötən illə müqayisədə 10 nəfər artıb.
10. Şençjen (Çin)
Onluğu qapadan Çinin Şençjen şəhərində də Mumbaidəki kimi 39 milyarder yaşayır. Quandun vilayətinin bu əsas şəhərində çoxlu sayda milyarderin yaşamasına onun Qonkonqa yaxın məsafədə yerləşməsinin də təsiri böyükdür. Həmin şəhərdə 2016-cı ildə cəmi 23 milyarder yaşadığı halda, növbəti ildə bu rəqəm 39-a çatıb.
Göründüyü kimi, ilk onluqda London və Moskva istisna olmaqla, Avropaya aid böyük şəhərlərin heç biri yoxdur. Bu isə sosial ədalət prinsipinin və orta təbəqə anlayışının nisbətən də olsa, Avropada hələ də saxlandığına işarə hesab edilə bilər.(azpolitika)
CƏLAL