İkinci Dünya müharibəsi insanlıq tarixinin ən utancverici səhnəsidir desək, yəqin ki yanılmarıq. Hitlerin sürətlə yüksəlişi və layiq olduğu çöküşü sonrası ortaya çıxan mənzərə isə qanımızı dondurmağa davam edir.
Yenixeber.org: Bütün dünyanı ağuşuna alan xaosun memarı Adolf Hitlerin yaratdığı ordu indi də dünyanın ən qorxunc ordusu hesab edilir. Bu ordudan əlavə, Hitlerin yaratmış olduğu vəhşilik tibb sisteminə də ayaq açmışdı. Alman həkimləri tibb tarixində inanılmaz ilklərə imza atsalar da, bu ilklərin hamısının arxasında qorxunc tibbi təcrübələr dayanır. Hipokrat andının üzərindən qara xətt çəkən bu alman həkimlərini siz də tanıyın.
- Klaus Şligen
Klaus Şligen təqüdçü olsa da, ikinci dünya müharibəsinin başlaması səbəbiylə alman ordusu tərəfindən yenidən vəzifəsinə çağırılır. Klaus daha çox tropik xəstəliklər (qızdırma, hepatit, dizenteriya, malyariya, cüzam) üzrə mütəxəsis olduğu üçün qurban yəhudilər üzərində təcrübələri ancaq bu yöndən edirdi. Alman ordusunun ən sadiq rəhbərlərindən olan Henrix Himler tərəfindən Şimali Afrikaya bu xəstəliklərlə bağlı araşdırma etmək üçün göndərilir. Həmin əraziyə yaxın Daxau adlı əsir düşərgəsinə yollanan Klaus buradakı əsirlər üzərində bu xəstəlikləri necə müalicə edə biləcəyini öyrənməyə çalışırdı. Bunun üçün bu xəstəliklərə yoluxdurulmuş ağcaqanad, milçəklərdən istifadə edilirdi. Belə ki, əsirlərin arasından daha sağlamları seçilir, lazımı otaqlara aparılır və orada saxlanılırdı. Xəstəliyin daşıyıcısı olan ağcaqanad və ya milçəklər onları dişləyib, bu xəstəliyə yoluxdururdular. Bu xəstəlilərə qarşı vaksin tapılsa da, xəstəliyə yoluxmuş insanlara qarşı heç bir vaksinasiya tədbiri görülmür, ölümə tərk edilirdilər.
- Ziqmunt Raşer
Nəzərə alsaq ki, müharibənin yarıdan çoxu qış ayına təsadüf edib, o zaman alman əsgərlərinin soyuğa davamlılığını artırmaq lazım gəlir. Bunun üçün həkimlər iş başına keçdilər. Bu vəzifə Ziqmunt Raşerə tapşırıldı. Ziqmunt soyuğun mənfilərə düşdüyü vaxtlarda insan bədəninin hansı temperatura qədər soyuğa və bu səbəbdən yaranacaq xəstəliklərə dözə biləcəyini araşdırırdı. Bunun üçün Auşvitsdəki əsirlərdən bir qismi seçilib, saatlarla buzlu su tanklarının içində saxlanılırdı. Təbii ki, bədən, normal temperaturdan qəfil bu cür soyuğa keçidə dözmürdü və insanlar faciəvi şəkildə ölürdü.
Ziqmuntun rəhbərlik etdiyi bir digər təcrübə isə yüksək təzyiq və ani oksigen əksikliyində alman pilotların dözümlülüyünü yoxlamaq idi. Bunun üçün sağlam əsirlər seçilib təzyiq otaqlarına salınırdılar. Bu zaman onların damarlarındakı qanın hərəkəti, beyinin hansı gərginliyə qədər dözə biləcəyi analiz edilirdi. Damarlarsa, bu cür gərginliyə dözməyərək partlayır, böyük çoxluqda əsir faciəvi şəkildə dünyasını dəyişir, ölməyənlərsə, bu təcrübədən sonra tamam yarasız hala düşdüklərinə görə öldürüldülər. Tibb tarixi üçün faydalı, ancaq insanlıq tarixinə qara hərflər yazılacaq bu təcrübə nəticəsində 1000-ə yaxın əsir ölüb.
- Hans Epinger
Dəniz suyunu içilə bilər hala gətirməyin yollarını tapmaq üçün yenə Daxauda yerləşdirilən yəhudi əsirlər vasitəyə çevrildi. Təcrübələr su, dəniz suyu, işlənmiş dəniz suyu və duzsuz dəniz suyu olmaqla dörd kateqoriyaya ayrıldı. Onu da qeyd edim ki, dəniz suyunu birbaşa içmək insan sağlamlığına olduqca zərərdir. Bildiymiz kimi böyrəyimiz filtr funksiyasını yerinə yetirərək, qandakı zərərli maddələri süzür və bunları idrar yolu ilə bədənimizdən kənarlaşdırır və böyrəyimiz maksimim 2% duzlu idrarı bədəndən xaric edə bilər. Halbu ki, dəniz suyundakı duzun miqdarı 3%-dir. Bəs böyrək bu halda nə edəcək? Həddindən artıq yüklənən böyrək bu duzu bədəndən kənarlaşdırmaq qarşısında aciz qalır və bədənimizə lazım olacaq şirin suyu da bədəndən xaric etməyə başlayacaq. Bədəndə su ehtiyatı tükəndiyi üçün sussuzluq da artacaq.
Epingerin də bu təcrübəsindən sonra, bir miqdar dəniz suyu qəbul edən əsirlər şiddətli ishal, qıcolma, halüsinasiya, dəlilik və ölümlə üz-üzə qaldılar. Sağ qalanlar isə 10-12 gün içərisində dəhşətli ağrılar içərisində öldülər.
- Josef Mengele
“Ölüm mələyi” adı verilən bu həkim həm də Hitlerin ən yaxın silahdaşı hesab olunurdu. Olduqca nəzakətli olması ilə fərqlənən Mengele əkiz uşaqlara qarşı xüsusi marağı ilə də diqqəti çəkirdi. O əkizlərin anatomiyası ilə maraqlandığı üçün təcrübələrinin demək olar ki, yarıdan çoxunu əkiz uşaqlar üzərində keçirib.
Uşaqların bədən üzvlərinin yerini əməliyyatla dəyişərək, onların bədəninin buna necə cavab verəcəyini öyrənməyə çalışan Mengele həmçinin qara hesab etdiyi uşaqların saç və göz rəngini dəyişmək üçün kimyəvi maddələrdən istifadə edirdi. Eyni zamanda ali irq hesab etmədiy insanları qısırlaşdırırdı.
Sümük, əzələ və sinirləri yenidən əmələ gətirmək üçün Ravenburq və Buhenvald ölüm düşərgələrindəki əsirlərdən istifadə edən Mengele insanları anestiziya etmədən onların sinirlərini çəkir, sümük transplantasiyası əməliyyatlarını həyata keçirirdi.
Tüperklyoz, yatalaq kimi xəstəliklərini yoluxduraraq, onlara qarşı vaksin əldə etməyə çalışırdı. Lakin xəstəliyin yoluxduğu insanlar tez bir zamanda dünyasını dəyişirdi.
Bu həkimlərin demək olar ki, heç biri layiqli cəzalarını almadan , talehin hökmü ilə onlara biçilən təbii ölümlə dünyalarını dəyişsələr də, tarix bu diplomlu qatilləri heç zaman əfv etməyəcək.(minval)
Məleykə Ağasoy