Şok ittiham: “Layihənin pulunun 30 faizi kəsilir”
Xeberinfo.com: Anar Məmmədov adlı vətəndaş “AzPolitika.info”ya qarşılaşdığı bir hadisə ilə bağlı müraciət edib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna qarşı bəzi ittihamlar irəli sürüb. Məktubda deyilir:
“Məlumat üçün bildirirəm ki, dostumun qalib olduğu layihənin hesabatının verilməsinə bir yerdə getdik. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Gördüklərimi yazmamaq vicdansızlıq olardı. Dəməli ilk öncə maliyyə hesabatını qebul etdilər. Maliyyə hesabatını Elmar adlı şəxs qəbul etdi. “Maliyyə sənədləri qaydasındadır, qəbul edirəm” – dedi.
Sonra təsviri hesabat üçün Ayşə adlı xanıma yaxınlaşdıq və elə dəhşət də burdan başladı. Ayşə xanım ilk öncə tədbirdə çəkilmiş video və fotolara baxaraq, “düz deyil” dedi. Soruşanda nə düz deyil, cavab verdi ki, “onu sənə deyə bilməyəcəm”.
Sonra da dedi ki, “layihənin 30 faizi kəsilir”. Yenə də soruşuram, “xanım niyə kəsilir?”
Nəhayət, cavabı bu olur ki, rəhbərlik tapşırıq verib. Tanış olmayan layihələrin 30 faizin kəsin, büdcədə pul yoxdu. Ayşə xanım bunu deyəndən sonra xəbərdarlıq etməyi də unutmadı ki, “amma mən bunu sizə dəməmişəm”.
Dostum Fondla bağlanılan müqavilə çərçivəsində bütün işləri görsə də, hələ pulunu ala bilməyib. Xahiş edərəm, bu məsələni işıqlandırın. Qoy görsünlər ki, gənclər üçün necə problemlər yaradırlar”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyevdir.
Məktubda göstərilənlərlə bağlı Azərbaycan Gənclər Fondunun da mövqeyini işıqlandırmağa hazırıq.