Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə axtarışa verilib.
Yenixeber.org: Axtarış qərarı artıq Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
Qərara görə, polis Orxan İsmayılzadəni saxlamalı və icra orqanına təhvil verməlidir. 20 gün əvvəl çıxarılan axtarış qərarı üzrə Orxan İsmayılzadənin saxlanılması hələ ki, baş tutmayıb.
Oliqarx oğlunun axtarışa verilmə səbəbi isə məhkəmə qərarını icra etməkdən yayınmasıdır. Ötən il Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb.
Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu bu günə qədər həm alimentdən yayınıb, həm də atalıq testindən dəfələrlə imtina edib.
Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Orxan İsmayılzadə bioloji atalıq testindən keçməlidir. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, Fidan Abbasovanın onun qızı kimi təqdim etdiyi Nil Abbasovanın atasıdır və ya deyil.
Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi atalıq testindən keçməkdən qərəzli şəkildə yayınıb.
Belə olan halda qanun deyir ki, ekspertizadan – atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır.
Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir.
Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu – milyonlarla sərvətin içində yaşayan biri – qızına ayda cəmi 500 manat aliment ödəməkdən imtina edir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında onun əmlakına da həbs qoyulub.
Artıq məhkəmə qərarı var – Orxan İsmayılzadə axtarışdadır.
Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.
Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir.
Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:
Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə.
Bakıda 2 bina – 16 mərtəbəli yaşayış binaları.
“Panorama” və “Axırıncı Aşırım” restoranları – hər biri milyonlarla manat dəyərində.
Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.
Ağsu parkında aptek və restoran – yeznəsinin adına.
Şamaxıda “Şərədli” restoranı, “Ümid” adlı tədris mərkəzi, “Çinarlı Plaza”, üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr...
Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir – bu sərvət bir ailəyə məxsusdur. Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilib.
Milyonların varsa, dövlət adından çıxarılan qərarı icra etməyə bilərsən?
Bu sual təkcə Orxan İsmayılzadəyə yox, Azərbaycan cəmiyyətinə verilməlidir. Əgər aliment ödəməyən, məhkəmə qərarlarına əməl etməyən, dövlətin hüquqi prosedurlarını saya almayan biri cəzasız qalırsa, bu, artıq şəxsi yox, ictimai problemdir.
Bir uşaq atasını tanımadan böyüyür. Babasının sərvəti milyonları aşır. Uşağa isə ayda 500 manat ödəmək İsmayılzadəyə çox görünür...(musavat)