Azərbaycanda aliment ödəməyən analar var- ARAŞDIRMA
"Ailə quranda 36 yaşım vardı, həyat yoldaşımın isə 42. Düşünürdüm ki, ikimizin də müəyyən qədər həyat təcrübəsi var, ona görə evliliyimiz daha möhkəm sütunlar üzərində qurulacaq. Amma heç bir il çəkmədi ki, boşandıq. İndi bir xəstə uşaqla günümüzü onun verəcəyi alimenti gözləyərək keçiririk".
Yenixeber.org: Bu sözləri Zərifə Eyvazova adlı şikayətçi deyir. O danışır ki, 2011-ci ilin dekabr ayında ailə qurub. Hamiləliyi pis keçdiyi üçün 3-4 ay anasıgildə qalmalı olub: "Yoldaşım elə həmin vaxtlardan məni axtarmırdı, deyirdi, pulum yoxdur. Buna görə övladımı da dünyaya tək gətirdim. O nə mənim yanıma gəldi, nə də uşağını görməyə. Bircə uşağın vəsiqəsini götürəndə gəldi. Hələ o vaxt deyirdi ki, uşağı mənim adıma keçirməyin, mən onu istəmirəm. Dəfələrlə zəng edirdim ki, pulum yoxdur. 2012-ci ildən 2014-cü ilə qədər bizə heç bir maddi kömək etmədi, heç üzünü də görmədik. Məcbur olub ərizə verdim və 2015-ci ildə boşandım".
Z. Eyvazovanın sözlərinə görə, uşağının 2 yaşından 3 yaşına qədər hər ay 200 manat aliment almalı imiş: "Çünki uşaq yarımçıq, yeddi aylıq doğulmuşdu. İndi də onun səhhətində problemlər var. Yaşından kiçik görünür, 5 yaşı var, yaxşı danışmır, əsəbidir. Doğulanda 20 gün reanimasiyada yatdı, ağciyəri açılmamışdı. Ona görə də 50 manat artıq yazdılar, 150 manat. 3 yaşından 18 yaşına kimi hər ay 150 manat almalıyam. Amma bu günə qədər bir qəpik də almamışam. Neçə ildir həmin məbləğ üst-üstə yığılıb qalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etmişəm. Amma heç bir nəticə yoxdur. Deyirlər, yoldaşınız axtarışdadır. 1 ildir axtarışdadır, amma hələ də bir nəticə yoxdur. Özüm heç yerdə işləmirəm, yalnız bacımın köməyilə yaşayırıq. Elə olur ki, evdə çörək almağa pulum belə olmur. Uşağı müalicə etdirmək lazımdır, bilmirəm nə edim? Çox çarəsizəm...".
Alimentlə bağlı buna bənzər şikayətlərin sayı kifayət qədərdir. Bəs görəsən qanuni şəkildə aliment məsələsi necə həll olunur? Aliment ala bilməyən analar bu halda nə etməlidir? Alimenti ödəmək istəməyənlərə hansısa inzibati cəzalar tətbiq olunurmu? Niyə çox hallarda məhkəmə qərar çıxarsa da, ataya bu pulu ödətdirmək mümkün olmur? Mövzu ilə bağlı araşdırmanı təqdim edirik.
Boşandığı qadına əzab vermək üçün...
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir, əksər hallarda hər iki tərəf, qadın da, kişi də düşünür ki, aliment ona məxsusdur. Amma bu məbləğ nə kişiyə məxsusdur, nə də qadının şəxsi məsələlərini həll etməsi, xərcləməsi üçündür. Aliment uşağın sağlam və hərtərəfli inkişafına, saxlanılmasına ayrılan puldur: "Buna görə də çox kişilər düşünür ki, boşandığı qadına əzab verməyin, onu incitməyin, özünə tabe etməyin bir yolu da aliment ödəməməkdir. Mahiyyətcə alimentin ödənilməməsinin əsas səbəbi budur".
M. Zeynalovanın sözlərinə görə, hazırda qanunvericilikdə alimentin ödənilməməsi ilə bağlı cinayət məsuliyyəti var: "Problemin bir tərəfi də odur ki, bir çox halda alimentin ödənilməsinə icraçılar da bəzi hallarda məsuliyyətsizlik edirlər. Bunun da səbəbi odur ki, alimenti ödəyən şəxslər gizlənir, yerlərini dəyişir, yaxud da hansısa hərəkətlər edirlər ki, pulu ödəməsinlər. Hazırda aliment fondunun yaranması üçün iş gedir və hələlik təsdiqlənməyib. Çünki dövlət büdcəsindən alimentin ödənilməsindən sonra onun qaytarılması məsələsi var. Bax o necə qaytarılacaq, hansı tədbirlər görüləcək, hansı inzibati, ictimai tədbirlər nəzərdə tutulacağı müəyyənləşməyib. Çünki bu zaman borclu düşünəcək ki, dövlət ödəyir də, nə vecimədir və daha rahat olacaq. Ona görə də məsuliyyətə cəlb etmə mexanizmi işlənməlidir".
Komitəyə xeyli sayda ana müraciət edir
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova sualları cavablandırarkən bildirdi ki, komitəyə valideyn tərəfindən aliment ödənilməməsi ilə bağlı xeyli müraciətlər olur: "Müraciət edənlər əsasən xanımlar olur. Müraciətlərdə də göstərilir ki, çox məbləğdə aliment borcu yığılıb, və ata tərəfindən vaxtlı-vaxtında ödəniş edilmir. Hazırda bu sahədə qanunvericilik sərtləşdirilib. Eyni zamanda, bu öhdəliyi yerinə yetirməyənlərin ölkədən çıxmasına qadağalar qoyulması ilə bağlı qanunvericilikdə dəyişikliklər olub. Daha sonra 2016-cı ildə Komitə də bu təkliflə çıxış etmişdi. Alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının dərhal icraata yönəldilməsi ilə bağlı mülki prosessual məcəllədə dəyişiklik oldu. Bu o deməkdir ki, ümumən mülki işlərdə məhkəmə qərarları 1 ay müddətində qüvvəyə minirsə, qətnamə alimentin ödənilməsi ilə bağlıdırsa, o zaman dərhal icraata yönəldilir və o bir ay da gözlənilmir. Amma yenə də bununla bağlı müraciətlər daxil olur. Mütəmadi olaraq uşağın təminatı ödənilməlidir. Təəssüf ki, valideynin məsuliyyətsizliyi səbəbindən bu cür hallar ortaya çıxır, uşağın maddi ehtiyacları ödənilmir".
Komitə sözçüsünün bildirdiyinə görə, bu sahədə beynəlxalq təcrübəni də araşdırıblar: "Üzrlü səbəblərdən dolayı valideynlərdən biri alimenti ödəyə bilmədikdə bəzi ölkələrdə dövlət o öhdəliyi öz üzərinə götürür. Uşağı maddi tərəfdən təmin edir. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bir çox ölkələrdə aliment fondu yaradılıb. Müəyyən ölkələrdə aliment dövlət tərəfindən müavinət formasında ödənilir.
Bizdə aliment fondunun yaradılması məsələsi o qədər də aktual deyil. Bu, maliyyə tələb edən bir məsələdir".
İcra vərəqəsinin 4 il ərzində yerinə yetirilməməsi...
Hüquqşünas Səbuhi Axundov məsələnin qanuni yolla necə tənzimləndiyini izah edib. O bildirir ki, aliment tutulması haqqında icra vərəqəsinin 4 il ərzində icra edilməməsi icra məmuru tərəfindən səlahiyyətlərinin qanun çərçivəsində həyata keçirilməməsinin göstəricisidir: "Belə ki, alimentin tutulmasına dair qətnaməni çıxaran məhkəmə qətnamə qanuni qüvvəyə mindiyi andan icra vərəqəsini icra edilməsi üçün icra məmuruna göndərir. Qətnamədə nəzərdə tutulan məbləğin könüllü icrası üçün icra məmuru "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir".
Məcburi icra tədbirləri:
S. Axundovun bildirdiyinə görə, bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra sənədinin qaytarılması və icraatın dayandırılması haqqında, icraata xitam verilməsi üçün əsaslar, həmçinin icraatın dayandırılması və təxirə salınması halları istisna olmaqla, könüllü icra üçün verilmiş 10 gün keçdikdən sonra icra məmuru məcburi icra hərəkətləri etməlidir. "İcra haqqında" Qanunun 43.1-ci maddəsində məcburi icra tədbirləri sadalanıb. Bunlar aşağıdakılardır:
1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi
2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi
3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi
4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi
5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
500 manatdan 1000 manatadək məbləğdə cərimə və həbs
Hüquqşünas qeyd edir ki, "İcra haqqında" Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər: "Bu qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir".
Baba və nənədən aliment almaq olar
"Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır
Ailə Məcəlləsinin 89-cu maddəsinə görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir".
S. Axundov məlumat verir ki, Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.
Yığılan pullar anaya qaytarılmalıdır
İllər ərzində yığılıb qalan aliment borcunu almağın da hüquqi yolla mümkün olduğunu qeyd edən S. Axundov söyləyir ki, belə bir iş onun icraatında olub: "5 min manata qədər məbləğ var idi, ödənilməmişdi. Əslində burada icra məmurunun hərəkətlərində boşluqlar yaranmışdı. Müəyyən orqanlara şikayətdən sonra məni də dəvət etdilər, borclunu da çağırdılar. Vəsatətim əsasında məbləği hissə-hissə ödəməyə razılaşdılar. Amma tələbkar razılaşmadığı halda məbləğ tam ödənilməlidir. İndiyə qədər yığılan pulları ana tərəfindən ödənilib və həmin pul anaya qaytarılmalıdır. Həmçinin uşaq xəstədirsə, atadan əlavə aliment də alına bilər".
Aliment borcu olan analar
Ədliyyə Nazirliyi İcra baş idarəsinə mövzu ilə bağlı verilən sorğuya cavab olaraq bildirildi ki, icra qurumlarının icraatında alimentin tutulması tələbinə dair çoxsaylı icra işləri var: "Həmin işlərin 95%-dən çoxunun icrası əsasən müntəzəm olaraq təmin edilir. 3-5% işlər üzrə alimentin ödənilməsində müəyyən səbəblərdən çətinliklər var (borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəza çəkmə müəssisəsində olması, ağır xəstəliyinin olması və s.). Bu hallarda səbəbindən asılı olaraq tələbkarlara hüquqları izah olunur. Eyni zamanda, müvafiq qurum tərəfindən tələbkarlara alimentin ödənilməməsi barədə arayış verilir ki, sosial yardım almaları üçün aidiyyəti orqana müraciət edə bilsinlər".
Qurumdan bildirilir ki, alimentin tutulması tələbinə dair məhkəmə qərarını üzrsüz səbəbdən icra etməyən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə onun barəsində inzibati həbs tətbiq olunur. Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulmuşdur".
Alimentin ödənilməsində problem olan işlərin statistikası ilə bağlı suala aydınlıq gətirilən sorğuda məlumat verilir ki, ümumiyyətlə, alimentin ödənilməsində çətinliklər olan işlərin sayı ümumi işlərin təqribən 3-5%-ni təşkil edir. O da bildirilir ki, Ailə Məcəlləsinə əsasən ailə üzvlərinin aliment öhdəlikləri ola bilər. İcraatlarda alimentin tutulması tələbinə dair anaların da borclu olduğu işlər var.
Borclunun əmlakı üzərinə həbs qoymaq
"Alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.). Bundan əlavə borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir. Bununla bağlı Ədliyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə əmri var".
Sonuc:
Hazırda ölkəmizdə aliment borcunu ödəməyən xeyli sayda ata var.
Onlar müxtəlif səbəblərdən məhkəmənin təyin etdiyi bu məbləği ödəməkdən boyun qaçırırlar. Və səbəbin nə olmasından asılı olmayaraq, nəticə bütün hallarda günahsız körpələrin, uşaqların əziyyət çəkməsi ilə sonuclanır. Yaxşı olar ki, problemə əsaslı bir çözüm tapılsın ki, nəticədə günahsız uşaqlar valideyn inadlaşmasının qurbanına çevrilməsin...