"Azəryolservis" işçiləri qaçqınları incidir
Bir qrup Füzuli rayon qaçqını müvəqqəti məskunlaşdıqları binadan çıxarılmaları ilə əlaqədar üzləşdikləri problem barədə məlumat təqdim etmişlər.
Xeberinfo.com: Otuz ailəni təmsil edən vətəndaşlar tərəfindən imzalanmış ərizədə deyilir ki, bu insanlar 1993-cü ildən Bakının Nərimanov rayonu ərazisində, İsaqzadə küçəsində ("Ulduz” metro stansiyasının yaxınlığında) yerləşən binada, Maşınqayırma zavodunun balansında olmuş pansionatda yerləşdiriliblər. Həmin vaxtdan keçən 22 il ərzində qaçqın soydaşlarımız burada min-bir əziyyətlə özlərinə şərait yaratmış, özlərinin, ailələrinin pis-yaxşı dolanışıqları üçün əllərindən gələni etmişlər. Etiraf edək ki, şikayətçilərin dəvətilə həmin ünvanda olan əməkdaşlarımız bu insanların indinin özündə də son dərəcə ağır şəraitdə yaşamalarının şahidi olmuş, onların məskunlaşdıqları binanın isə demək olar ki, istismara yararsız bir vəziyyətdə olduğunu görmüşlər. Bununla belə, bu gün bəzi məmurlar bu şəraiti də qaçqın soydaşlarımıza çox görürlər.
Ərizədə deyilir ki, bu yaxınlarda onlara "Azəryolservis” ASC-nin və pansionatın yerləşdiyi əraziyə məsul olan 25 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyi tərəfindən qəribə bir təklif olunmuşdur. Belə ki, vətəndaşlara yeni yol çəkilişi ilə əlaqədar onların yaşadıqları binanın sökülməli olduğu bildirilib. Sakinlərin köçürülməsi üçün isə, hər ailəyə 30 min manat pul təklif olunub. Təbii ki, orta hesabla hər biri 5-6 nəfərdən ibarət olan bir ailənin normaı yaşaması üçün bu məbləğə Bakıda mənzil almaq çətin məsələdir. Digər tərəfdən də, sakinlərin başqa mənbələrdən aldıqları məlumatlarda dövlət tərəfindən bu məqsdlə ayrılan məbləğin ailələrə təklif olunan məbləğdən xeyli artıq olduğu bildirilir.
Eyni zamanda da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən bu məsələyə nədənsə aydınlıq gətirilmir. Şikayətçilər bildirirlər ki, onlarla təmasa girən dövlət məmurları sadəcə 25 saylı MKİS-in rəisi Reyman Ağrılı və "Azəryolservis” ASC-nin bəzi əməkdaşları olublar. Mövzu 30 qaçqın ailəsinin gələcək taleyi olsa da, kimsə baş verənlərə münasibət bildirməyiblər.
Vətəndaşlar qeyd edirlər ki, onlar tərəfindən bu məsələ ilə bağlı dəfələrlə "Azəryolservis” ASC-nin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə də müraciətlər olunub. Lakin nə ASC-nin rəhbəri cənab Saleh Məmmədov, nə də Komitə sədri cənab Əli Həsənov tərəfindən vəziyyətə hələ də müdaxilə olunmayıb. Yeni il ərəfəsində ciddi problemlərlə üz-üzə qala biləcəklərindən ehtiyyat edən qaçqın ailələri isə yaranmış vəziyyətdən çox narahatdırlar. Aidiyyatı olan qurumların bu susqunluqları da müəyyən şübhələrin yaranmasına yol açır.
Belə ki, artıq sakinlər bəzi məmurların onların vasitəsilə dövlət tərəfindən ayrılmış vəsaitlərin mənimsənilməsinə cəhd göstərdiklərinə inanmağa başlayıblar. Məhz elə bu səbəbdən də, qaçqın soydaşlarımız məsələni mətbuatda ictimailəşdirməklə, müvafiq qurumların reaksiyasına nail olmaq istəyirlər. Ümid edirik ki, bu materialın dərcindən sonra yuxarıda qeyd olunmuş dövlət orqanlarının diqqətini problemə cəlb edə biləcəyik.
Yazıda adı keçən bütün müəssisə, qurum və təşkilat rəhbərlərinin məsələyə münasibətini işıqlandırmağa hazırıq.