“Qoy cənab prezident bilsin ki, vətəndaşa işgəncə verirlər…”
“Mənə “tryapka” kimi baxırlar. Sanki vətəndaş deyiləm. İstədiyim budur ki, işimə normal baxsınlar” – hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan Mehman İbrahim oğlu Məmmədov belə deyir.
Xeberinfo.com: Məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini olan M.Məmmədov deyir ki, ötən il noyabrın 11-də yaşadığı qəsəbənin ərazisində maskalılar tərəfindən saxlanılıb: “Məni böyük bir cinayət törətmiş şəxs kimi tutdular. Sanki terrorçuyam. Apardılar 2-ci polis bölməsinə. Dedilər ki, qoyun oğurlamısan, mağaza yarmısan. And-aman elədim, dedim ki, mənim bu işlərdən xəbərim yoxdur, qulaq asan olmadı. Məni elə döyüblər ki, ciyərim partlayıb, başım yarılıb. Canımın ağrısından indi də dayana bilmirəm. Üzləşdiyim haqsızlıqdan, ədalətsizlikdən, canımın ağrısından bezmişəm. 17-ci cəzaçəkmə müəssisəsində özümü asdım ki, canım qurtarsın”.
Hazırda istintaq təcridxanasında olan Mehman Məmmədov əmindir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi, Ədliyyə Nazirliyinin rəhbər işçiləri və prezident İlham Əliyevin vətəndaşa qarşı bu cür qəddarlıqlardan xəbərsizdirlər: “Mən illər öncə maşın qaçırmışdım. Tutdular, dedim ki, bəli, bu cinayəti etmişəm. 4 il cəza verdilər, cəzamı çəkdim. Etmədiyim cinayəti boynuma niyə götürməliyəm? Himayəmdə kor anam var. Taksi fəaliyyəti ilə məşğul olub anamı saxlayırdım, birtəhər dolanırdım. Məni tutandan sonra dedilər ki, boynuna götürməsən, sənə butulka yeridəcəyik. Bu gün işə Sumqayıt Məhkəməsində hakim İlyas Mahmudov baxır. İş üzrə zərərçəkən kimi adlarını yazdıqları şəxslər də gəlib məhkəmədə deyirlər ki, bizim qoyunumuzu Mehman oğurlamayıb, mağazamızı yarmayıb. Nuranə adlı zərərçəkən baş prokuror Zakir Qaralovun qəbulunda olub, istintaqdan narazılığını bildirib. Mən döyülmələrdən bezmişəm, vərəmli xəstəyə çevrilmişəm. Ümidim mətbuata, prezidentə, baş prokurora, daxili işlər nazirinədir. İşi istintaqa qaytarıb yenidən ədalətlə baxsınlar, ümidim yalnız bunadır. Mənim gözləri görməyən anamdan başqa heç kimim yoxdur, o da ağır xəstədir. Pulum da yoxdur. Mənə kömək edin”.
M.Məmmədov deyir ki, iş Sumqayıt Məhkəməsinə göndərildikdən sonra, hazırlıq iclasında işin ibtidai istintaqa qaytarılması haqda vəsatət verib: “Dedilər ki, vəsatətə baxarıq. Növbəti iclasda bir başqa prokuror gəldi, işə baxmağa başladılar. Məni Nəsib, Nəriman və İsmayıl adlı əməliyyatçılar döyüblər. Əllərində bir kağız tutub deyirdilər ki, qol çək bura. Ciyərimi partlatdılar. Mən qol çəkmədim. O vəziyytədə məni məhkəməyə aparıb həbsimə sanksiya almaq istəyirdilər. Nuriyə adlı hakim vəziyyətimin ağır olduğunu görüb zaminə buraxdı. 5 gün keçdi, çağırdılar 2-ci bölməyə. Dedilər, gəl maşını götür get. Anamla getdim. 1 saat gözlətdilər ki, indi maşını veririk. Ora bir qara rəngli cip gəldi, məni zorla, döyə-döyə maşına oturdub Şabrana apardılar. Orada rəis əvvəlki nazir Misir Mərdanovun qardaşı Əli Mərdanovdur. Yanında müavini Musa, baş əməliyyat müvəkkili Laçın, adını bilmədiyim kiçik əməliyyat müvəkkili dayanmışdı. Dedilər ki, oğurluqları boynuna almalısan. O qədər döydülər ki, özümdən getdim. Oradan da apardılar Xaçmazdakı komendaturaya. 9 gün ağır vəziyyətdə orada qaldım. Ağzımdan qan gəlirdi. Ayağımı yerə qoya bilmirdim. Qışqırıb bağırırdım. Dadıma çatan olmurdu. Özümü doğradım. Qandalı başıma vurub partlatdılar. 9 gün sonra məni Xaçmaz məhkəməsinə gətirib yazdılar ki, komendaturada rejim qaydalarını pozmuşam və göndərdilər 17-ci məssisəyə. Qoy nazir, baş prokuror, cənab prezident bilsin ki, vətəndaşa işgəncə verirlər, qeyri-qanuni cinayət işi açırlar. Mənim heç bir günahım yoxdur. Hakim haqsız, prokuror haqsız, sözümü kimə deyim?”
Musavat.com