Adil Vəliyevdən daha bir "yaşıl qətliam"
Son illər “Hərəyə bir ağac əkək” devizi altında paytaxtın qəsəbələrində ağaclar əkilir, ucu-bucağı görünməyən geniş yaşıllıq zonaları yaradılır.
"Xeberinfo.com": Bütün bunlara rəğmən, paytaxtın müxtəlif ərazilərində naməlum şəxslər tərəfindən 30-40 illik ağaclar qəddarcasına kəsilərək yerində lüzumsuz tikililər inşa edilir. Ölkə prezidentinin dəfələrlə bununla bağlı xəbərdarlığına baxmayaraq, hələ də Bakı şəhərində ağacların soyqırımı açıq aydın şəkildə özünü göstərir. Belə yerlərdən biri də Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsidir.
DİA.AZ bildirir ki, “həftə içi”nin məlumatına görə, son illərdə adıçəkilən qəsəbədə böyük abadlıq, quruculuq və tikinti işləri aparılıb. Halbuki bəlkə də paytaxtın heç bir yerində bu qədər yaşıllaşdırma işləri görülməyib. Təəssüflər olsun ki, heç də öz gözəlliyinə və abadlığına görə şəhərin mərkəzindən seçilməyən Bakıxanov qəsəbəsində yaşıllıqlara qənim kəsilən insanlar da var. Xəqani adlı sakin “Həftə içi”nə bildirib ki, Bakıxanov qəsəbəsi Mahir Əliyev küçəsi 32 saylı yaşayış binasının ərazisində poçt binasının yanındakı asfalt yolun qırağındakı parkda 4 ədəd şam ağacları kəsilib. Qəsəbə sakininin bu məlumatından sonra vəziyyətlə yerindəcə tanış olmaq üçün həmin ünvana baş çəkdik. Məlum oldu ki, həqiqətən də 4 ədəd şam ağacı gövdəsindən mişarlanıb. Ancaq onun kəsik yerləri qalıb. Burada Mürvət Hüseynov adlı sakinlə görüşdük. Onun dediyinə görə, təxminən bir həftə əvvəl hündür, qollu-budaqlı şam ağaclarını gecəyarı bir qrup şəxslər tərəfindən kəsilib: “Kəsilmiş ağacların gövdəsi səhər saatlarındək yerdə idi. Sabunçu Rayon İcra Hakimiyyətindən nümayəndələri gəlib kəsilmiş ağacları “samasvalt ZİL” maşınına yükləyib apardılar. Yerini də süpürüb təmizlədilər”.
Oqtay adlı sakin isə ürəkağrısı ilə şikayətləndi ki, bu ağaclar hələ 40 il bundan öncə onun gözləri qarşısında əkilib. Onun sözlərinə görə, ahıl adamların oturmağa və istirahət etməyə nə yerləri var, nə də şəraitləri: “Qoca, ahıl adamlarıq. Yolun qırağında bu yaşıl ağacların altında köhnə taxta parçasından stol və oturacaqlar düzəldib isti günlü havalardan gəlib dominadan, nərddən oynayıb başımızı qatırdıq. Təəssüflər olsun ki, həmin o 40 illik ağacları da bizə çox gördülər. Biz bu ağacların kölgəsi altında oturub dincəlirdik. İndi isə açıq havada başımıza gün döyə-döyə köhnə taxta parçasının üstündə oturub günümüzü keçiririk”.
Sakinlər onu da xatırlatdılar ki, min bir əzab-əziyyətlə burada yaşıllıq salınıb. Hətta isti yay günlərində ağacları sakinlər özləri sulayıblar: “Təəssüflər olsun ki, bu il təxminən avqust ayının axırlarında “Mercedes” markalı avtomobildən 4 nəfər naməlum şəxs əllərindəki yandırıcı kimyəvi madəni həmin ağacların dibinə töküb getdilər. Bizim tanımadığımız bu naməlum şəxslər deyirdilər ki, guya gətirdikləri dərmandır. Dərman vurmaqla ağacların qurdlarını tökürlər. Hətta bu barədə həmin əraziyə nəzarət edən sahə müvəkkilindən tutmuş rayon icra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinədək müxtəlif dövlət orqanlarına xəbər verilib. Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertləri də gəlmişdilər. Dedilər ki, ağacların kimlər tərəfindən kəsildiyi araşdırılacaq və cinayət törədən günahkar şəxslər cəzalandırılacaq. Xoşbəxtlikdən həmin ağaclar qurumadı. Vaxtlı-vaxtında suvarıldı, onlara qulluq göstərilirdi. Elə həmişəki kimi yaşıl qalmışdı. Bu yaxınlarda isə gecə vaxtı bir qrup adamlar həmin o 4 ağacı mişarlayıblar. Biz özümüz şahidik ki, naməlum adamlar ağacları gövdəsindən kəsərək, yanı üstə qoyub getdilər. Onlar yaşıllığın gizli şəkildə qırılmasının da yolunu tapıblar. Əvvəlcə ağacların bir metr hündürlüyünə qədər gövdəsinə yandırıcı kimyəvi maddə töküb qurudurlar, sonra həmin yeri sənədləşdirib və qurumuş ağacları mişarlayıb yerində tikinti işləri aparırlar. Bu barədə aidiyyəti qurumlara məlumat verilsə də, bir tədbir görülməyib”.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsək də, ağacların kim tərəfindən və hansı məqsədlə kəsildiyinə aydınlıq gətirə bilmədik. Amma icra hakimiyyətindən “Həftə içi”nə bu barədə yetərincə məlumatların olduğunu söylədilər: “Biz bu məsələdən xəbərdarıq. Rayon icra hakimiyyəti tərəfindən ağacların kəsilməsi ilə bağlı akt tərtib edilib. Rayon polis idarəsinə müraciət olunub ki, bu məsələlər araşdırılsın. Lakin hələ ki, günahkarlar tapılmayıb”.