2011-ci il sentyabrın 16-da "Təfəkkür" universitetinin qətlə yetirilən prorektoru və həmtəsisçilərindən biri olan professor Tariyel Əhmədovun ailəsi ölkə rəhbərliyinə müracət edib.
Yenixeber.org: Sürəti redaksiyamıza göndərilən müraciətdə mərhumun ailəsi və yaxınları xahiş edirlər ki, qətl işi yuxarı səviyyədə nəzarətə götürülsün: “Bu işin əsas təşkilatcısı və himayədarı Müşfiq Atakişiyevdir. O, cinayət məsuliyyətinə cəlb olunsun. Əlimizdən zorla aldığı əmlak geri qaytarılsın. Biz mərhumun ailəsi inanırıq ki, bu iş düzgün aparılarsa, qətlin icraçısı Dəyanət Quliyev qətlin sifarişcisi olan öz doğma dayısı Müşfiq Atakişiyevin adını çəkəcək. Bundan sonra Müşfiq Atakişiyev məsuliyyətdən kənarda qala bilməyəcək”.
Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında amansızcasına qətlə yetirilib. İdman kompleksində Tariyel Əhmədovun başına küt alətlə vurulan zərbə nəticəsində onun kəllə sümüyü sınıb, beyin zədələnməsi nəticəsində dünyasını dəyişib. Bu qətlin üzərindən 12 il ötsə də, hələ də cinayətə görə cəzalandırılan yoxdur.
Müşfiq Atakişiyev
2023-cü ilin aprelində Daxili İşlər Nazirliyi rəsmi məlumat yayaraq Tariyel Əhmədovu qətlə yetirən sabiq polis əməkdaşı Dəyanət Quliyevin həbs olunduğunu açıqlayıb. Məlum olub ki, Dəyanət Quliyev həbsindən 2 il qabaq təqaüdə çıxıb. O, DİN-in 7-ci bölməsinin əməkdaşı olub. Həbsindən sonra Dəyanət Quliyevə Cinayət Məcəlləsinin 120.2.5 - tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Mərhum Tariyel Əhmədovun ailəsi ilə Dəyanət Quliyevə verilən ittihamdan narazıdırlar. Onlar bildirirlər ki, Dəyanət Quliyev sifariş yerinə yetirib.
“Tariyel Əhmədov səhər saat 6-da idman formasında məşq eləyən zaman qətlə yetirilib. Yəni qətlə yetirilən zaman onun əynindəki geyim idman forması olub. İdman formasının cibində təbii ki, hansısa böyük məbləğin olması ağlasığmazdır. İstintaq Dəyanət Quliyevə düzgün ittiham verməyib. Səhər saat 6-da idman formasında olan insanı tamah məqsədi ilə qətlə yetirmək olardı? Bu işdən az da olsa məlumatlı olan hər kəsə məlumdur ki, qətlin təşkilatcısı "Təfəkkür" universitetin rektoru və həmtəsisçilərdən biri olan Müşfiq Atakişiyevdir. Müşfiq Atakişiyev bu cinayəti ört-basdır etmək üçün milyonlar xərcləyib. Bunu özü deyir və gizlətmir. O deyir ki, buna görə mənə heç kim, heç nə edə bilməz”.
Mərhumun ailəsi iddia edir ki, Tariyel Əhmədov qətldən sonra universitetin ətrafındakı boş torpaq sahəsi və idman kompleksi özəlləşdirilib: "Halbuki qətlə qədər Atakişiyev bunu edə bilmirdi. 12 ildir bu iş düzgün aparılmır, qətlin sifarişcisi kənarda qalıb, adı heç bir yerdə hallanmır. Onun qətli gizlətmək üçün milyonlar xərclədiyi adamlar bu gün də vəzifədədirlər və onu yenə də himayə edirlər.
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq. (musavat.com)
E.Məmmədəliyev