Müharibə Araşdırmaları İnstitutu:Rusiya hücumdan müdafiəyə keçir
Rusiya Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkəti və onun sponsoru Yevgeni Priqojını çətin vəziyyətə salaraq Ukraynanın gözlənilən əks-hücumunu dəf etməyə hazırlaşmaq üçün Baxmut hücumundan imtina edib.
Yenixeber.org: Bu
Baxmutda “Vaqner”in davamlı inadkarlığı Rusiyanın Ukraynanın digər bölgələrindəki hücum əməliyyatlarının sürətinin ümumi yavaşlaması ilə bir araya sığmır. İnstitutun məruzəsində bildirilib ki, Kremenna bölgəsində və Donetsk yaxınlığında məhdud lokal hücumlardan başqa, Rusiya qüvvələri bütün əməliyyatlar teatrında hücum əməliyyatlarını faktiki olaraq dayandırıb ki, bu da, yəqin ki, müdafiəyə keçid deməkdir.
Analitiklərin fikrincə, Rusiya komandanlığının Ukrayna hücumuna hazırlaşmaq üçün döyüş sursatı və digər istehlak materiallarına qənaət edib ehtiyat toplaması haqlı qərar olardı və Priqojının harayları Rusiya Müdafiə Nazirliyinin, yəqin ki, bunu etdiyini göstərir.
Priqojının həqiqətən də mayın 10-da Baxmutu tərk etmək niyyətində olub-olmadığı, yoxsa bu açıqlamanı Rusiya Baş Qərargahının dəstəyini almaq üçün son cəhdini edib-etmədiyi hələ aydın deyil. Bununla belə, bu baş verərsə, “Vaqner”in döyüşçüləri geri çəkilməni asanlaşdırmaq üçün Müdafiə Nazirliyinin yardımına ehtiyac duyacaq. Bundan başqa, Rusiya ordusunun “Vaqner” ÖHŞ-nin Baxmutda tərk edə biləcəyi mövqeləri əvəz etmək üçün yetərincə ehtiyatı yoxdur.
“Vaqner” ÖHŞ-nin Baxmutda taktiki uğur adına verdiyi böyük itkilər, eləcə də Rusiya Silahlı Qüvvələrinin daha ehtiyatlı hərəkətlərə keçməsi, görünür, Ukrayna qoşunlarına cəbhənin müxtəlif sahələrində uğurlu əks-hücum etmək üçün imkanlar açır. MAİ onları Ukrayna Silahlı Qüvvələrinin gözlənilən ümumi hücumunun əvəzedilməz hissəsi hesab etməsə də, onlar artıq bu imkanların bəzilərindən istifadə edirlər.
Xatırladaq ki, ötən gün “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojın mayın 10-dan qruplaşmasının muzdlularını Baxmutdan çıxaracağını açıqlayıb. Belə ki, çətə başçısı Moskvanın döyüşçülərinə yetərincə hərbi sursat verməməsindən gileylənib.
Bununla belə, Ukrayna Silahlı Qüvvələri dəstə başçısının bu açıqlamasına şübhə ilə yanaşıb.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.